""Qalatasaray" mənə verəcəyi pulu..." - Arda Turan
Tarix: 7-08-2015, 15:13 |
Çap et
"Barselona"nın yeni transferi Arda Turan növbəti açıqlama verib.
Qol.az-ın "Vətən" qəzetinə istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi Kataloniya klubuna pula görə getməyini söyləyib:
"Məni meydanda əsl Arda edən insanların sevgisidir. Dünyanın ən yaxşı klubuna transfer olunmuşam. Amma "Barsa"ya keçməzdən əvvəl ən böyük klublarda təcrübə toplamışam. Layiq olduğum uğuru qazanmışam".
A.Turan onu da qeyd edib ki, keçmiş klubu "Qalatasaray"a dönmək barədə düşünmür:
"Bunun gerçəkləşməsi üçün əvvəlcə "Barselona" "Qalatasaray"da oynamağıma razılıq verməlidir. Amma 6 ayda "Qalatasaray"a uğur qazandıracağımı fikirləşmirəm. Hesab edirəm ki, məni icarəyə götürmək üçün verəcəkləri pulu uşaq futboluna və ya başqa bir şey üçün istifadə etsələr, daha yaxşı olar".
"Barselona"da forma nömrəsi hələ də müəyyənləşəməyən A.Turan deyib ki, indiyə kimi Türkiyə millisindən başqa, çıxış etdiyi klublarda geyindiyi formaları öz istəyi ilə seçməyib:
"Futbolçu karyeram ərzində təkcə Türkiyə millisində geyindiyim 14 nömrəli formanı özüm seçmişəm".
Türk yarımmüdafiəçi "Barselona"da çıxacağı ilk oyunu səbirsizliklə gözlədiyini də vurğulayıb.
Qeyd edək ki, A.Turan "Barselona"da verilən transfer cəzası səbəbindən yanvar ayına kimi komandası ilə matçlarda oynamayacaq.