“Qarabağ”dan məğlubiyyət ittihamlarına- Cavab
Tarix: 7-08-2015, 12:31 |
Çap et
“Azərsun Holding”in Biznesin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov dünən "Qafqazinfo"da yayımlanan Elbrus Ərudun "“Qarabağ” məğlubiyyətə layiq idi..." köşəsi ilə bağlı “Azərfaks”a müsahibə verib.
Vertikal.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ” klubunun azarkeşlərindən olan və ona hər zaan dəstək verən “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudun son yazısı ilə yəqin ki, tanışsınız. Münasibətinizi bilmək istərdik.
- Elbrus Ərud Azərbaycan mətbuatında tanımış imzadır. Amma hələ ki, lokal imzadır və ölkə miqyasından o tərəfə keçə bilmir. Elbrus dostumuzdur, “Qarabağ” sevərdir və bu komandanın daha böyük uğurlarını görmək istəyən jurnalist dostlarımızın önündə gedənlərdəndir. Onun müəllifi olduğu yazı da səmimiyyətindən irəli gəlib və deyərdim ki, yana-yana yazıb. Lakin yazısında nə qədər səmimi olsa da, bəzi fikirlərini reaksiyasız buraxmaq olmaz. Hər halda söhbət Azərbaycan mətbuatında tanınan və özünün təsdiq etmiş bir jurnalistin yazısından gedir. Elbrus bu yazısında əsasən sonuncu oyunun nəticəsinə görə təəssüfünü ifadə etməyə çalışıb və bu dəfə də biraz qaba, biraz çərçivədən kənar, biraz da şıltaqlıq elementləri olan dəsti-xəttinə sadiq qalıb. Dostumuz nə qədər səmimi olmağa çalışsa da müəyyən qədər ədalətsizliyə də yol verib. Yəqin hamı razılaşar ki, “Qarabağ” Azərbaycan xalqına ilklər yaşadan komandadır. Bu komandanın açdığı bir cığır var ki, bir neçə il əvvəl bu cığırın salınacağını heç kəs təsəvvürünə gətirə bilməzdi. Bu cığırda dünyaca məşhur klublarlarla qarşılaşmaların artıq Azərbaycanda adiləşməsi gerçəkliyi dayanır. Sabah “Real” və ya “Barselon”a “Qarabağ”la qarşılaşarsa, artıq insanlar bunu adi hal kimi qarşılayacaqlar. Baxın, cəmi bir neçə il öncə futbol azarkeşləri sıradan olan əcnəbi komandaların bizim klubların qapısından çoxsayda top keçirməsinə görə təəssüflənirdilərsə, “Qarabağ” onları böyük iddialarla yaşamağa həvəsləndirdi. İndi bizim futbol azarkeşlərimiz Şotlandiyanın “Seltik”ilə heç-heçə oynadığımıza görə təəssüflənirlər. Yəni “Qarabağ” nüfuzlu Avropa komandaları ilə qarşılaşmağı, onların üzərində qələbə çalmağı və ya heç-heçə oyanamağı Azərbaycanda futbol həyatının tərzinə çevirib. Bunun nəticəsidir ki, dostumuz Elbrus Ərud “Seltik”lə oyunda “Qarabağ”ın qol vurmamasından dolayı təəssüflənir və narazılığını ifadə edir.
- Bəs yazıda səsləndirilən konkret ittihamlara nə deyirsiniz?
- Yazıda “Qarabağ”a qarşı Elbrussayağı ittihamlar var. O klubu bahalı əcnəbi oyunçu almamaqda, yerli futbolçulara üstünlük verməkdə qınayıb. Bilirsiniz, biz məsələlərə lokal yanaşmamalıyıq. İnkişafdan danışırıqsa, bu, cəmiyyətdə paralel şəkildə getməlidir. Əgər futbolun inkişaf perspektivlərindən danışıb, bunu vacib istiqamət kimi önə çəkiriksə, onda, məsələn, mətbuatın da inkişaf meyillərinə nəzər yetirməli, bu sahədəki əyri-əskiyə diqqət yönəltməliyik. Bəli, “Azərsun” “Qarabağ”ı kimsəsiz günlərindən dəstəkləyərək bu gününə gətirib çıxarıb. Elbrus yazısında qeyd edir ki, “Azərsun”un məhsulları Azərbaycandan kənara çıxmır. Xeyir, tamamilə yanlış təqdimatdır. “Azərsun” istehsalı olan məhsullar 21 ölkəyə ixrac olunur. Elbrus Ərudun özü də milli və vətənpərvər insanlar kimi “Möcüzə”, ondan əvvəl isə “Teksun”, “Final” yağları ilə böyüdüyü halda, bütün bunlardan xəbərdar olmalı idi. Adını çəkdiyim və çəkmədiyim məhsulların 21 ölkəyə ixrac olunmasının nəticəsidir ki, bu gün “Qarabağ” “Rozenburq”u, “İnter”i, “Seltiki” və digər köklü Avropa komandalarını Bakıya gətirir və “Seltik”i uda bilmədiyinə görə azərbaycanlı jurnalist onu ittiham edir. Bu, əslində bizlərə çox xoş bir hiss bəxş edir. Əslində Elbrus “Qarabağ” üçün əziyyət çəkən, canını qoyan Azərsunluların fəaliyyətinə çox yüksək qiymət vermiş olub. Jurnalist əgər “Qarabağ”ı “Seltik”i keçmədiyinə, onunla heç-heçə oynadığına görə qınayırsa, bunu özü komandanın yüksək səviyyəyə gəlib çatdığının etiraf olunmasıdır.
- Elbrus yazıda yerli oyunçulara üstünlük verilməsinə də qınaqla yanaşıb. Sizcə nə dərəcədə haqlıdır?
- Deyim ki, burada da dostum səbirsizlik edib, uzağa baxa bilməyib və yalnız qısamüddətli uğurlar həvəskarı kimi çıxış edib. Bilirsiniz ki, “Qarabağ” həm də Azərbaycan milli komandası üçün futbolçu yetişdirir. Bu gün millinin oyunçularının yarısından çoxu “Qarabağ”ın oyunçularıdır. “Azərsun” bütövlükdə Azərbaycan futbolunun inkişafı üçün çalışan şirkət olaraq yerli futbolçuların yetişməsi və püxtələşməsini olduqca zəruri hesab edir. Yaxşı, əcnəbi futbolçuları yığıb gətirək və özümüzünküləri saxlayaq bir kənarda. Belədə də jurnalistlər milli komandanı ittiham obyektinə gətirirlər ki, bəs oynaya bilmirlər, inkişaf yoxdur və sairə və ilaxır. Yerli futbolçuların inkişaf etməsi üçün onları klublarda oynatmaq lazımdır, hər biri ilə fərdi qaydada iş aparılmalıdır. “Qarabağ” populizm üçün oynamır. “Qarabağ” sabahımız üçün, Azərbaycan futbolunun inkişafı üçün oynayır. Azərsunun sadiq qaldığı öz tərzi var. “Azərsun” daha gəlirli sahələrə sərmayə qoya bilərdi. Ancaq ən ağır, ən əziyyətli sahələrə sərmayə qoyur. Niyə? Çünki məqsədi Azərbaycanın inkişafı istiqamətinə dövlətin gördüyü işlərə, Prezidentimizin atdığı addımlara dəstək vermək, bu prosesin tərkib hissəsinə çevrilməkdir. Gəlin baxaq və “Qarabağ”ın Azərbaycan adına qazandığı uğurlarla Azərbaycan mətbuatının əldə etdiyi nailiyyətlər arasında paralellər aparaq. Bilirsinizmi nə böyüklükdə fərq görünər?
- Nədədir bu fərq, konkretləşdirə bilərsinizmi?
- Götürək elə qardaşım Elbrus Ərudun rəhbərlik etdiyi “Qafqazinfo”nu. Bu sayt da əzab əziyyətlə cəmi 5 ildə aylıq oxucu auditoriyasını milyonlara çatdırdı. Ölkə mediasının liderlərindəndir. “Qarabağ” da liderdir. Bu komanda Avropanın nüfuzlu klublar ilə görüşür, bəzən uduzur, bəzən qələbə çalır və ya heç-heçə oynayır. Ortada danılmaz həqiqət var ki, “Qarabağ” Azərbaycan adını dünya çapına çıxarır, ölkəmizi yüksək səviyyədə təmsil edir və nəhayət Avropa mətbuatında torpaqlarımızın işğal olunması gerçəkliyindən bəhs etdirir. Yaxşı olardı ki, dostum-qardaşım Elbrus Ərud ittiham notları üzərində köklənməzdən əvvəl bir düşünəydi: “İnter”in, “Tvente”nin, “Seltik”in təmsil etdiyi ölkələrdəki media orqanlarında “Qafqazinfo”ya heç olmasa bir dəfə istinad olunduğuna rast gəlinibmi? Elbrus Ərud Azərbaycan daxilində aylıq İP-si milyonlarla ölçülən saytı hələ də Avropa miqyasına çıxa bilmədiyinə görə niyə narahat olmur? Niyə narahat olmur ki, bu saytın hələ də ingilis dilində versiyası yoxdur? Başqalarını dünya çapına çıxmağa tələsdirən dostumuzun özü bu yöndə hansı çabaları göstərir? Təkrar edirəm, “Azərsun”un məhsulları dünyanın 21 ölkəsinə ixrac olunur, amma ölkənin aparıcı saytlarından biri olan “Qafqazinfo” öz məhsullarını, yəni informasiyalarını daxili vitrindən çıxarmağı bacarmır. Təbii ki, bunu mən bir dost kimi deyirəm.
Baxın, cənab Prezident ortaya iradə qoyaraq Azərbaycanda tarixi bir hadisənin – I Avropa Oyunlarının reallaşmasına nail oldu. Ölkəmizə minlərlə xarici jurnalist gəldi. Mən soruşsam ki, bizim yerli mediamız yaranmış bu fürsətdən nə qədər istifadə edə bildi? Jurnalistlərimiz xarici həmkarları ilə əlaqələr qurmağı bacardılarmı? Həmin əcnəbi jurnalistlərin neçə faizi ilə əməkdaşlıq imkanları müzakirə olundu? Bilirsiz, çox tragikomik bir mənzərə yaranır. Dostlarımız getməyi bacarmadıqları yolda başqalarının niyə daha sürətlə getməməsini özlərinə dərd edirlər.
- Qarşıdakı dövr üçün “Qarabağ”ın rəhbərliyinin hansı planları var?
“Qarabağ”ın rəhbərliyinin hansı planları olduğunu mən deyə bimərəm. Bunu onlar daha konkret şəkildə açıqlaya bilərlər. Mən onu deyə bilərəm ki, “Azərsun”un rəhbəri hər zaman praqmatik addımlar atıb. Təkcə bu gün üçü deyil, 10-15 il sonranı düşünür və gələcəyə hesablanmış proqramlar hazırlayır. “Qarabağ”ın bugünkü uğurları da uzunmüddətli fəaliyyətin nəticəsidir. Bu komanda tarlalarda çalışan əliqabarlı insanlarımızın yetişdirdiyi “Bizim tarla” məhsullarının, “Azərçay”ın dünya bazarına çıxarılmasının nəticəsində ayaqda dayanır. “Qarabağ”ın rəhbərliyi çox böyük əziyyətlə, tər tökülərək, torpağa can qoyularaq yetişdirilən məhsulların satışından əldə olunan vəsaitlə Elbrusun dediyi parıltılı ulduzları alıb, süni qələbələr qazanmaq və ani sevinc hissi yaşamaq istəmir. “Qarabağ”ın rəhbərliyi gənc futbolçuların yetişməsini, yerli futbolçuların inkişaf etdirilməsini və bununla davamlı uğurlar qazanmağı qarşısına hədəf qoyub. İttiham etmək çox asandır. Bundan əvvəl Azərbaycan futbolunun ümumi mənzərəsinə baxmaq lazımdır. Siz indiyədək stadionda bizim Qarabağlı, ağdamlı qardaşlarımızın rəhbərlik etdiyi şirkət və müəssisələrin reklam bannerini görmüsünüzmü? Ümumiyyətlə, siz stadionda “Azərsun Holdinq”in və onun istehsal etdiyi brendlərdən başqa hansısa başqa bir şirkətin məhsulunun reklam olunduğuna rast gəlmisinizmi?(bir iki marka istisna olunmaqla). Niyə “Qarabağ”a dəstək vermirlər? Bilirsiniz, “Qarabağ-Qarabağ” deməklə deyil. Dəstək əməli işdə olmalıdır, hər gün olmalıdır.
Bütün hallarda Elbrus Ərudun tənqidini səmimi qəbul edirəm və bir daha təkrar edirəm ki, biz inkişafı təkcə futbolda arzulmamalıyıq. İnkişaf bütün sahələrdə paralel şəkildə getməlidir. Suallarınıza görə təşəkkür edirəm. Yəqin ki, Qarabağın və mənim həqiqi dostum Elbrus Ərud da fikirlərimi nəzərə alacaq.