Putinin Ərdoğanı təhqir etməsinə aydınlıq GƏLDİ
Tarix: 7-08-2015, 11:18 | Çap et
Putinin Ərdoğanı təhqir etməsinə aydınlıq GƏLDİ
“Bu xəbərin doğruluğu məndə bəri başdan böyük şübhə doğururdu. Ancaq hər ehtimala qarşı Türkiyənin Rusiyadakı səfiri Ümid Yardımla əlaqə saxladım”.

Hafta.az-ın verdiyi xəbərə görə, bunu politoloq Elxan Şahinoğlu Putinin Türkiyə prezidenti Ərdoğanı hədələməsi, Türkiyənin Moskvadakı səfirini çağıraraq müharibə ilə hədələməsini şərh edərkən deyib. Politoloq hadisə ilə bağlı bir sıra gerçəkləri ortaya qoyub. Elxan Şahinoğlunun dediyinə görə, o, Türkiyənin Rusiyadakı səfiri Ümit bəylə Bakıda çalışdığı illərdən dostdur:

“Neçə gündür saytlar belə bir xəbər yayırlar ki, guya Rusiya prezidenti Vladimir Putin Türkiyənin Rusiyadakı səfirini yanına çağıraraq, cumhurbaşqanı Rəcəb Tayyub Ərdoğanı hədələyib. Hətta Ankaranı müharibə ilə qorxudub. Bəzi saytlar mənim də xəbərə münasibətimi öyrənmək istəyirlər. Bu xəbərin doğruluğu məndə bəri başdan böyük şübhə doğururdu. Ancaq hər ehtimala qarşı Türkiyənin Rusiyadakı səfiri Ümid Yardımla əlaqə saxladım. Ümit bəylə Bakıda çalışdığı illərdən dostuq və əlaqəni itirməməyə çalışırıq. Ümit bəy xəbərin tamamən yalan olduğunu, Putinlə nə görüşdüyünü, nə də olmayan görüşdə Putinin Ərdoğanı hədələdiyini dedi”.

Politoloq hesab edir edir ki, kimlərsə müxtəlif saytlar vasitəsilə Putinlə Ərdoğanın arasına girməyə, münasibətləri gərginləşdirməyə çalışırlar:

“Təəssüf ki, hazırda gerçəyi olmayan xəbər əsasında şərhlər yazılır. Görünür, kimlərsə müxtəlif saytlar vasitəsilə Putinlə Ərdoğanın arasına girməyə, münasibətləri gərginləşdirməyə çalışırlar. Ən çox erməni lobbisindən şübhələnirəm. Məsələ burasındadır ki, Ərdoğan yaxın müddətdə Putinlə görüşməli, ikitərəfli əlaqələri müzakirə etməlidir. Hadisələrin bu istiqamətdəki inkişafı isə erməni lobbisinin maraqlarına cavab vermir. Mən özüm də Putinin xarici siyasətini tənqid edənlərdənəm. Ancaq Putin oturduğu yerdə Türkiyə ilə münasibətləri niyə korlasın ki? Əksinə, Qərbin sanksiyaları ilə boğuşan və təklənən Putinə bu gün Türkiyə ilə strateji tərəfdaşlıq hava-su kimi lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfirini çağıraraq, Suriyaya qarşı aparılan son əməliyyatları tənqid etdiyi, həmçinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barədə sərt sözlər səsləndirdiyi barədə xəbərlər yayılmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net