
Azərbaycan Dövlət Neft Fondunun Moskvadakı əmlakı 44 milyon dollar dəyərsizləşib.
Axar.az xəbər verir ki, bu açıqlamanı iqtisadçı-ekspert Qubad İbadoğlu verib. Onun sözlərinə görə, 3 il bundan əvvəl 133 milyon dollara alınan “Qalereya Aktyor” ofis ticarət mərkəzinin hazırkı qiyməti 88,6 milyon dollar olub:
“2014-cü ilin dekabrına olan vəsaitlərin strateji bölgüsünə əsasən, Fondun investisiya portfelinin 87,5%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5%, 2,9%, 3,1%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olub.
Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub”.
Ekspert qeyd edib ki, bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb: “Bunun başlıca səbəblərindən biri də Dövlət Neft Fondunun daşınmaz əmlaka yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir.
Bu il ərzində Fondun Rusiya bazarındakı əməliyyatlarda itkilərinin səviyyəsinin daha yüksək olacağı gözlənilir”.