Arif Hacılının müavini Sərdar Cəlaloğluna cavab verdi
Tarix: 5-08-2015, 15:54 | Çap et
Arif Hacılının müavini Sərdar Cəlaloğluna cavab verdi
“Görsək ki, İsa Qəmbər hansısa bir dairədən namizədliyini irəli sürüb, çalışacağıq ki, həmin dairədən namizəd irəli sürməyək. O, artıq 20 ildir seçkilərdə iştirak edir”.

Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2015-ci il parlament seçkilərində eyni dairədən namizədliyini irəli sürəcək müxalifət partiyalarının nümayəndələrinin bir-birlərinə güzəşt edib-etməyəcəyinə münasibət bildirərkən deyib.

Sərdar Cəlaloğlunun bu jesti Müsavat Partiyası tərəfindən müsbət qarşılanıb.

Müsavat başqanının müavini Səxavət Soltanlı musavat.com-a açıqlamasında Sərdar Cəlaloğluna bu jestinə görə təşəkkür edib.

“İstənilən halda reallıqları qəbul edib, qiymətləndirməyi bacaran şəxslərə təşəkkür etmək lazımdır. Bu münasibətinə görə Sərdar bəyə də təşəkkür edirik. İndi ən çətin olan məsələlərdən biri də insanları qiymətləndirməkdir. Odur ki, sağ olsun. Müsavat belə davranış göstərən hər kəsə təşəkkür deyir”- deyə başqan müavini qeyd edib.

S.Soltanlı digər partiyalara qarşı edilə biləcək güzəştlərdən danışarkən bildirdi ki, bunun üçün dairələr üzrə namizədlərin müəyyənləşməsini gözləmək lazımdır: “Namizədlər və dairələrlə bağlı məsələlərə Müsavatın namizədləri müəyyənləşib, partiya Məclisində təsdiq edildikdən və digər namizədlərin hakimiyyətə, seçkiyə münasibəti nəzərdən keçirildikdən, şansları qiymətləndirildikdən sonra güzəşt məsələləri müzakirə oluna bilər. Bu və buna oxşar bütün məsələlər partiyada kollektiv şəkildə, səs vermə və ya konsensusla həll edilir. Dediyim kimi, xalqın maraqlarından çıxış edən, şanslı olan namizədlərin dəstəklənməsi, hətta Müsavatın namizədi kimi seçkilərə qatılması mümkündür. Xalqın maraqlarına xidmət edən digər şanslı siyasi partiya rəhbərləri ilə bağlı qərar da müzakirələrdən sonra hər kəsə, ilk olaraq mətbuata aydın olacaq”.

Müsavat başqanının digər müavini Elman Fəttah isə deyib ki, partiyaların bir-birinə güzəşti haqda namizədlər dəqiqləşdikdən sonra danışmaq olar.

E.Fəttahın sözlərinə görə, Müsavat Partiyasının bu istiqamətdə atacağı addım ümum düşərgə maraqlarına uyğun olacaq: “Hələ kimin hansı seçki dairəsindən namizəd olacağı qətiləşməyib. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra güzəştlərdən danışmaq olar. Müsavat olaraq hər zaman hakimiyyətə qarşı prinsipial siyasi mövqedə olan nüfuzlu şəxslərin namizəd olacağı dairələrdə seçki haqda qərarlarımızın ümum düşərgə maraqlarına uyğun olmasına çalışmışıq. Bu seçkilərdə də eyni yanaşmanı sərgiləyəcəyik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net