Qəzaya düşən aşığın vəziyyəti ağırdır - Açıqlama
Tarix: 5-08-2015, 12:32 |
Çap et
Avqustun 2-də bir qrup mədəniyyət işçisiylə cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən avtomobil qəzasına uğrayan Aşıq Dərya Mərdanzadənin vəziyyəti ağır olaraq qalır.
Bu barədə aznews.az-a şairə Nazilə Səfərli məlumat verib. Onun sözlərinə, həkimlər D.Mərdənzadənin vəziyyətinin kritik olduğunu bildirib: “Həkimlər deyir ki, ilk öncə qanaxma dayanmalıdır. Amma sonradan baxıblar ki, beyində qan laxtaları var. Bundan əlavə beyin yerindən oynadığından şişib. Yəni, vəziyyət hələ mürəkkəb olaraq qalır”.
N.Səfərli deyir ki, D.Mərdanzadə şəhid övladıdır: “Buna görə bizlər ona dəstək olmalıyıq. Bizim əhatə dairəsində olan sənət adamları Dəryaya kömək məqsədi ilə mənə telefonlar edir. Artıq bu gün iş adamları dəstək verəcəklərini dedilər. Ən maraqlısı isə həmin iş adamlarının türk vətəndaşları olmasıdır. Ümid edirik ki, Azərbaycan iş adamları da bu dəstəyə qoşulacaq”.
Qeyd edək ki, məsələyə Azərbaycan Aşıqlar Birliyinin də mövqeyini öyrənmək istədik. Amma birlik sədri Zəlimxan Yaqub Almaniyada olduğundan məsələyə münasibət ala bimədik.
Xatırladaq ki, avqustun 2-də Dirli Qurbani Məclisinin üzvülərindən 5 nəfər cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğrayıb. Onlardan Aşıq Dərya Mərdanzadə ağır xəsarət alaraq, Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.