Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçikdə hüquq-mühafizə orqanları ilə silahlı döyüşçülər arasında atışma baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə polis əməkdaşlarının keçirdikləri anti-terror əməliyyatı çərçivəsində baş verib. Atışmada ölən və yaralananlar barədə rəsmi məlumat verilməsə də, şahidlər xeyli itkinin olduğunu bildiriblər.
Muxtar Respublikanın güc strukturlarındakı mənbənin verdiyi xəbərə əsasən, polisin xüsusi əməliyyat qrupu avqustun 2-dən 3-nə kecən gecə saat 02:45-də Nalçik şəhərinin Samoteçnaya, Qelyayeva, Musova, 2-ci Nadreçnaya, Nartanovskaya və Kalinin küçələri ərazisində reyd keçirib.
Kabarda Balkar üzrə operativ qərargahın xəbərində deyilir ki, reydlər terror aksiyalarının qarşçısının alınması, vətəndaşların, təşkilatların və müəssisələrin təhlükəsizliyinin təmin olunması, axtarışda olan şəxslərin və gizlənən cinayətkar dəstə üzvlərinin tutulması məqsədi daşıyıb.
Şəhərin Aleksandrovka mikrorayonunda çoxmərtəbəli binanın birində qanun keşikçiləri gizli döyüşçü qrupu aşkar ediblər. Onlar hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər.
Hazırda Nalçikdə xüsusi əməliyyat reydləri davam edir.