“Montin bazarı” niyə bağlanır?- Reportaj
Tarix: 30-07-2015, 17:20 | Çap et
“Montin bazarı” niyə bağlanır?- Reportaj
Bu günlərdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Montin bazarı”nda mağaza sahiblərinin etiraz aksiyası keçirdikləri barədə məlumat yayıldı.

Məlumata görə, “Montin bazarı” kimi tanınan ticarət mərkəzinin rəhbəri vergiləri vaxtında ödəmədiyindən bazara 50 min manat cərimə yazılıb. Nəticədə isə bazar bağlanılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bazarda fəaliyyət göstərən sahibkarlar da bununla razılaşmayaraq iyulun 29-da etiraz aksiyası keçiriblər.

Bununla bağlı olaraq “Yeni Müsavat”ın əməkdaşı adı çəkilən bazarda olub və bazarın hazırkı durumu ilə bağlı məlumatlar toplayıb. Əməkdaşımızın dedikləri:

“Bazarın girişində meyvə-tərəvəz alveri ilə məşğul olan satıcı kişi ilə yayılan məlumatlar barəsində söhbət etdik. Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, həqiqətən də bazarın bağlanılma təhlükəsi var:

“Bizim çörək pulumuz burdan çıxır. Burdakı bütün satıcıların hər birinin banklara xeyli miqdara kredit borcu var. Əgər bazar bağlanarsa kredit borcumuzu ödəmək nədir, ailəmizi dolandırmağa belə imkanımız olmaz. Bütün satıcılar bu məlumatı alar-almaz çox narahat olublar”.

Satıcı keçirilən aksiya barəsində danışmaq istəmədiyini dedi:
“Qoy bu barədə bazar rəhbərliyi sizin sualınızı cavablandırsın”.

Digər satıcı yayılan məlumatların həqiqət olduğunu dedi:
“Əldə etdiyimiz məlumata görə, artıq iki aya yaxındır bazar rəhbərliyinə bildirilib ki, vergiləri vaxtında ödəmədiklərindən və xeyli yeyinti olduğundan bazara 50 min manat vergi cəriməsi qoyulub. Hətta dünən məlum oldu ki, cərimə 50 min deyil, hətta 60 min manat dəyərindədir. İki aydır ki, bazar rəhbərliyinə bu barədə məlumat verilməsinə baxmayraq rəhbərlik heç bir tədbir görmək istəməyib. Nəticədə dünən, yəni, iyulun 29-da vergi müfəttişləri bazara gələrək bildirdilər ki, konkret olaraq bazar bir həftəyə bağlanılacaq. Biz də etiraz etməyə məcbur olduq. Çünki biz həmişə yer haqqını, üzərimizə düşən vergiləri vaxtlı-vaxtında ödəmişik. Ola bilsin ki, ödəmələrdə bir-iki gün gecikmə olsun. Lakin bu əsas vermir ki, bazar bağlanılsın. Bazar rəhbərliyi öz işinə çox məsuliyyətsiz yanaşdığından bu problem yaranıb.

Aksiyanı görən bazar rəhbəri bizdən sakitləşməyimizi xahiş etdi və bildirdi ki, narahatlığa əsas yoxdur, bazar bağlanmayacaq. Buna görə səs-küy salmaq lazım deyil”.

Satıcıları sorğu-suala tutduğumu görən bazarın rəhbəri Emilya Quliyeva yaranmış vəziyyətlə bağlı danışmaq üçün məni bazarın içərisində yerləşən iş otağına dəvət etdi. İçəri daxil olan kimi mənə qarşı aqressiya nümayiş etdirb jurnalist vəsiqəmi tələb etdi. Vəsiqəmi alan kimi şəklini çəkdi, bunu nə üçün etdiyini bilməsəm də sakitcə onun dediklərini dinlədim:
“Əvvəlcə deyin görüm bu məlumatı kim mətbuata ötürüb? Axı vergi barəsində yalnız mənə məlumat verilib. Bunu satıcı və jurnalistlər hardan bilir?”.

“Bazar niyə bu qədər cərimə olunub?” sualıma E.Quliyeva cavab versə də sonradan dediklərini təkzib də etdi:
“Vergi müfəttişiliyindən bizə irad tutub bildirblər ki, mağaza sahiblərindən yer haqqı üçün hər kvadrat metrə görə 5 manat deyil, 10-15 manat almışıq, nəticədə 50 min cərimə yazıblar. Lakin mağaza sahiblərinin özləri də təsdiqləyə bilərlər ki, biz onlardan yer haqqı üçün sadəcə 100-130 manat pul alırıq. Bütün mağaza sahibkarları ilə bu barədə müqaviləmiz var. Müqavilədə nə qədər ödəniş yazılıbsa həmin dəyəri tələb etmişik.

Lakin bazara nə qədər cərimə gəlibsə biz onu axıracan ödəyəcəyik, yəni, bazar bağlanmayacaq...(daha sonra dediklərini təkzib edir) Ümumiyyətlə cərimə barədə olanlar şayiədir. Biz də ordan-burdan bu barədə məlumat almışıq. Rəsmi surətdə bizə cərimə barədə heç nə deyilməyib”.

Söhbətə bazarın digər rəhbər işçisi qoşulur. Özünü Anar kimi təqdim edən şəxsin dedikləri:
“Bütün bu məlumatlar yalandır. Bizə heç bir cərimə gəlməyib, bazarda da aksiya keçirilməyib. Gedib bu barədə satıcılardan bir daha soruşa bilərsiz. Hansısa şəxs yalan məlumatı mətbuata verib.

Bazar bağlanmayacaq. Onsuz da bazarın yalnız bir sırası fəaliyyət göstərir. Gördüyünüz kimi, bazar ərazisində xeyli sayda obyekt fəaliyyət göstərmir (əli ilə bazarın qapıları bağlı mağazalarını göstərir), bura gələnlərin sayı çox azdır. Çox istərdik ki, sahibkarlar bizim bazara müraciət edib fəaliyyət göstərsinlər. Əgər həqiqətən də bu qədər cərimə üstümüzə yazılsa onu ödəyə bilməyəcəyik. Çünki bazarın çox az sayda satıcı və alıcısı var.

Bazarda aksiya keçirildiyi barədə məlumat isə qətiyyən doğru deyil. Gəlin birlikdə bu barədə satıcılardan soruşaq”.

Emilya Quliyeva və Anar adlı şəxs bazarın mərkəzinə çıxaraq satıcılara səslənirlər:
“Ay camaat, dünən burda piket və ya yığnacaq olub?!”. Paltar satan bir neçə satıcı qadınlara eyni vaxtda “yox, belə bir şey olmayıb” deyə başlarını bulayırlar. Arxadan bir satıcı xanımın dediyi marağımıza səbəb oldu:
“Vergilər Nazirliyinə nə lazımdırsa özümüz pul ödəyirik, yer pulunu da vaxtında veririk, niyə bazar bağlanmaldır?!”

Məişət əşyaları satan bir satıcı isə bildirdi ki, əslində aksiya olub, lakin bu “Montin bazarı”nda deyil, “Keşlə” bazarında baş verib.

Bazarda olduğum müddətdə çox az sayda alıcı gözə dəyirdi, cəmi bir-iki nəfər. Onlar da nəsə almadan sadəcə mallara baxıb keçirdilər. Bazardakı obyektlərin böyük əksəriyyəti bağlı idi.
Ərtaf ərazidə yaşayan bir sakinin dediyinə görə, təxminən 1940-cı ildən fəaliyyət göstərən bazarın bu ilin sentyabr ayında bağlanılacağı gözlənilir, əvəzində isə yerində hündürmərtəbəli bina tikiləcək.

Qeyd edək ki, bir neçə il bundan əvvəl də bazarın keçmiş rəhbərliyi ilə satıcıları arasında münaqilşə yaranmışdı. Səbəb isə bazar rəhbərliyi yer haqqı kimi satıcılardan hər kvadrat metr üçün 3 manat deyil, 8 manat alması, üstəlik, kassa aparatları üçün 300 manat tələb etməsi və Vegilər Nazirliyinə, Sosila Müdafiə Fonda satıcların özlərinin pul ödəyəcəkləri barədə qərar verməsi olmuşdu. Buna görə həmin vaxt bir neçə satıcı bazarı tərk etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net