“Nə ADR-in nə də Müsavatın bu seçkilərdə nəticə qazanacağına inanmıram”
Tarix: 30-07-2015, 16:10 |
Çap et
“Bu inamsızlığın nəticəsi olaraq özümüz bir Ağ Blok yaratmışıq. Namizədliyimizi də çox güman ki, oradan verəcəyik”.
Bunu Hafta.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib. Tural Abbaslı bildirib ki, bu seçkilərdə o da namizədliyini irəli sürəcək:
“İnşallah bu parlament seçkilərində namizədliyimi verəcəyəm. 21 saylı Nəsimi seçki dairəsindən namizədliyimi vermək fikrim var. Ötən seçkilərdə də həmin dairədən seçkilərə qatılmaq istəyirdim. Ancaq müəyyən səbəblərə görə namizədliyim qeydə alınmamışdı. Ümid edirik ki, bu dəfə namizədliyimiz qeydə alınacaq”.
Tural Abbaslı bu seçkilərdə Qubad İbadoğlunun hərəkatı ilə Arif Hacılının Müsavat Partiyası qazanacağı nəticələri də müqayisə edib:
“Qubad İbadoğlu və onun çevrəsi bu seçkilərə ADR olaraq qatılmayacaqlarını bildiriblər. Çünki bu qurum siyasi deyil, ictimai bir təşkilatdır. Müsavat partiyası isə namizədlərini hələ elan etməyib. Dolayısı ilə, bilinməyən bir məsələni müqayisə etmək də düzgün olmaz. Düşünürəm ki, nə ADR nə də Müsavat Partiyası bu seçkilərdə uğur əldə etməyəcək. Bu inamsızlığın nəticəsi olaraq özümüz bir Ağ Blok yaratmışıq. Namizədliyimizi də çox güman ki, oradan verəcəyik. Sözün düzü mənə ADR-in ya Müsavatın seçkilərdə daha çox üstünlük qazanması bir o qədər də maraqlı deyil. Çünki xalq eyni simalardan artıq yorulub. İstət Azərbaycan Demokratiya və Rifah hərəkatında, istərsə də Müsavat Partiyasında köhnə simalar və köhnə fikirlər hökm sürür. Onların bu durumda qarşıdan gələn seçkilərdə fərqli nəticələr qazanacağına ümid etmirəm”.
Qeyd edək ki, beşinci çağırış parlament seçkiləri konstitusiyaya görə bu il noyabrın 1-nə düşür.