Neftin qiymətinin düşməsi beynəlxalq layihələrə nə kimi TƏSİR EDƏCƏK?
Tarix: 28-07-2015, 15:20 | Çap et
Neftin qiymətinin düşməsi beynəlxalq layihələrə nə kimi TƏSİR EDƏCƏK?
Bir neçə gündür ki, qızılın və rus rublunun ardınca neftin qiyməti də aşağıya doğru yuvarlanmağa başladı. Adətən belə olan hallarda bütün beynəlxalq şirkətlər iri layihələri ya dondurur, ya da ki ümumiyyətlə, müqavilələri pozaraq layihədən geri çəkilirlər.

Dünya neftinin “aşağılandığı” bir zamanda ölkəmizin qatıldığı bir sıra beynəlxalq layihələrin də gələcəyi insanlarda narahatlıq doğurur. Ölkəmizin də donorluq etdiyi və pay sahibi olduğu TANAP və TAP kimi layihələrin aqibəti necə olacaq?

İqtisadçı ekspert Oqtay Haqverdiyev Hafta.az-a açıqlamasında bildirdi ki, hazırda Azərbaycanın da iştirak etdiyi TANAP və TAP kimi layihələrin investisiyalarını təkcə ölkəmiz qarşılamır:

“Digər dövlətlərlə müştərək olaraq bu işlər həll edilir. Bütün işlər də qrafik üzrə həyata keçirilir. Hansı işin nə zaman görüləcəksə, hamısı həmin qrafikdə öz əksini tapıb. Amma hələ təzə başlanılıb. TAP-dan söhbət getmir. TANAP üzrə iş gedir”.

Oqtay Haqverdiyev deyir ki, bizim dünya bazarında hər gün dəyişən neftin qiymətlərinə heç bir təsirimiz yoxdur. Ekspertin sözlərinə görə, buna səbəb Azərbaycanın neft bazarındakı çəkisinin heç bir faizə də gəlib çatmamasıdır:

“Biz sadəcə qiymətlərin düşüb–qalxmasını müşahidə edə bilirik. Ölkəmizin hesabladığı “qırmızı xətti” 40 ABŞ dollarıdır. Hələlik düşmə şkalası bu həddə gəlib çatmayıb. İnşallah da gəlib çatmaz. Proqnozlar da onu göstərir. Bizim valyuta ehtiyatlarımız da var. Azərbaycan 2008-ci ildə bu vəziyyətlə bir dəfə üzləşib. Yəqin ki, hökumətin bunun qarşısını almaq üçün kontur tədbirləri var. Bizdə iqtisadiyyatın artım tempi hələ ki, aşağı düşməyib”.

Qeyd edək ki, bu arada SOCAR PETKİM-dəki payını satışa çıxardığını bəyan etdi. Dövlət Neft Şirkəti bunu ucuz alıb, baha satmaq kimi qiymətləndirsə də, deyəsən neftin qiymətinin düşməsi SOCAR-a da az təsir etməyib.

İqtisadçı ekspert İlham Şaban Hafta.az-a açıqlamasında bildirib ki, SOCAR-ın Petkimdəki payının bir qismini satışa çıxarması şirkətin investisiya siyasəti ilə əlaqədardır:

“Hər bir şirkət hansısa bir pay alanda sonradan ondan qazanc götürmək siyasəti düşünür. SOCAR vaxtilə 2008-ci ilin mayında Petkim şirkətinin 50%+1 səhminə sahib olmuşdu. Sonradan payını imkan düşdükcə 62%-ə qədər artırdı və indi də onu hissə-hissə sataraq bəhrələnir. Bəhrələnmə nə deməkdir? Türkiyədəki özünün investisiyalarına yatırımlarda istifadə edir. Ancaq bəyan edir ki, 51%-dən aşağı bu payı satmaq niyyəti yoxdur. Vaxtilə Petlim şirkətinə çox düşünülmüş yatırımlar etdi və bu ilin sentyabrında onun açılışı gözlənilir. 400 mln. dollarlıq investisiya edilən bir layihənin hazırda 1 mlrd-a yaxın kommersiya qiyməti var. SOCAR bu yatırımların xeyli hissəsini artıq Maersk şirkətindən qazanıb. Yəni söhbət biznesi qurub ondan yararlanmaqdan gedir, daha əlində cəmləşdirib aktivləri artırmaqdan yox”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net