Səlim Müslümov jurnalistləri mükafatlandırdı
Tarix: 15-07-2015, 17:57 |
Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın görkəmli maarifçi-pedaqoqu və təbiətşünas alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda «Əkinçi» qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən 140 illik inkişaf yolundan danışıb. Nazir KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin olunması, xüsusən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. istiqamətlərdə mühüm işlərin görüldüyünü, 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın ölkə mətbuatının hərtərəfli inkişafında böyük önəm kəsb etdiyini diqqətə çatdırıb: “Azərbaycan mətbuatı bu gün azad və demokratik şəraitdə yeni inkişaf dövrünü yaşayır. Respublikada çoxsaylı qəzet və jurnalların, televiziya və radio kanallarının, informasiya saytlarının, mətbuat yayımı şirkətlərinin, jurnalist təşkilatlarının olması bu inkişafın daha bir göstəricisidir”.
S.Müslümov son illərdə milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması yönündə aparılan islahatlardan söz açıb: “Fəaliyyət sahələrimizdə görülən işlər, aparılan islahatlar barədə cəmiyyətin məlumatlandırılması, habelə ictimai rəyin öyrənilməsi üçün biz KİV-lə əməkdaşlığa xüsusi önəm veririk. Bizim fəaliyyətimiz həmişə mətbuat üçün açıqdır. ƏƏSMN-in fəaliyyəti barədə gündəlik olaraq KİV-ə məlumatların verilməsi, aidiyyəti məsələlərlə əlaqədar mətbuat konfransları və birifinqlərin, müsahibələrin təşkili, jurnalist sorğularının cavablandırılması mütəmadi olaraq təmin edilir”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf yolundan və cəmiyyətin ümumi inkişaf proseslərində fəal iştirakından bəhs edib, onun həmişə azərbaycançılıq əqidəsinə, mütərəqqi dəyərlərə sadiq qaldığını bildirib. Son illərdə ƏƏSMN tərəfindən aparılan uğurlu islahatların mətbuatın gündəmindəki əsas mövzulardan biri olduğunu qeyd edən Ə.Amaşov jurnalistlərin nazirliyin fəaliyyət sahələrinə dair məlumatlar əldə etmələrində, müvafiq sorğularına cavab almalarında hər hansı çətinliklə üzləşmədiklərini, nazirliyin rəsmi saytında məlumatların gündəlik yenilənməsinin təqdirəlayiq olduğunu bildirib.
Konfrans ƏƏSMN-nın həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb.