Prezidentin səsləndirdiyi məbləğin ayrılması əlavə 5000 ailəni mənzillə təmin edəcək
Tarix: 15-07-2015, 16:46 | Çap et
Prezidentin səsləndirdiyi məbləğin ayrılması əlavə 5000 ailəni mənzillə təmin edəcək
2015-ci ilin dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulan vəsait əvvəlki illərlə müqayisədə 10 milyon manat və ya 25 faiz artırılaraq, 40 milyon manatdan 50 milyon manata çatdırılıb.

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli bildirib.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlərə aydınlıq gətirən deputat qeyd edib ki, dövlət başçısı bu məbləğin azlığını nəzərə alaraq, ilin sonunadək İpoteka Fonduna əlavə 200 milyon manat ayrılacağını bildirib.

Ə.Məsimlinin sözlərinə görə, sosial ipoteka üçün bu məbləğin ayrılması əlavə olaraq 5000 ailənin mənzillə təminatı deməkdir: “Bu vəsait sosial ipoteka almaq hüququ olan ailələrin evlə təminatının yaxşılaşmasında mühüm rol oynayacaq. Dövlət başçısının iclasda səsləndirdiyi təkliflər bu sahədə olan problemlərin həlli üçün zəruri olan addımların atılması və maliyyə təminatının artırılmasında mühüm rol oynayacaq."

İqtisadçı-alim hesab edir ki, gənc ailələrin mənzillə təminatına geniş vüsət vermək üçün mövcud ipoteka kreditləşməsi ilə yanaşı, “sosial evlər” layihəsinin reallaşdırılması istiqamətində real addımların atılmasına ehtiyac var: “Ölkədə orta əmək haqqının 450 manat, büdcə təşkilatlarında işləyənlərin xeyli hissəssinin gəlirlərinin isə 200-300 manat arasında olduğu bir şəraitdə, hər gənc ailə ayda 400-500 manat ödənilməsi zəruri olan hazırkı ipoteka şərtlərinin və 300-500 manatlıq kirayə haqqının altına girə bilmir.

Digər tərəfdən, həmin şərtlərlə kredit alanların bir hissəsi ağır vəziyyətə düşür. Bu şərtlərlə ev almağa imkanı çatmayanlar, ipoteka şərtlərində olduğu kimi, ayda 400-500 manat yox, 60-70 manat, maksimum 100 manat ödəməklə, 20-25 ildən sonra həmin evlərə sahibi olacaqlar.

Düşünürəm ki, prezidentin bu müşavirədəki çıxışından sonra “sosial evlər” ideyasının da aktuallağı artacaq."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net