Orta məktəblərdə “Azərbaycan tarixi” ləğv olunur – Bu kimin sifarişidir?!
Tarix: 14-07-2015, 14:46 | Çap et
Orta məktəblərdə “Azərbaycan tarixi” ləğv olunur – Bu kimin sifarişidir?!
AMEA Tarix İnstitutunun mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, , İyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələ müzakirə edilib.AMEA Tarix İnstitutunun Mətbuat xidmətndən Moderator.az-a verilən məlumata görə müzakirə zamanı bildirilib ki, indidən sonra orta məktəblərdə “Azərbaycan tarixi” ayrıca fənn kimi tədris olunmayacaq.
Təklif edildiyinə görə xalqımızın tarixi Tarix fənninin tərkibində, yəni Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq. Belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılması dərin təəccüb və təəssüf hissi doğurur.
Bu məlumatla tanış olarkən Sovet dövründə Azərbaycan tarixinin Diyarşünaslıq fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta, “Azərbaycan tarixi”nə ayrılan saatların “Ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi” proqramı da çap edilmişdi. Özü də, həmin proqram 1990-cı ildə Fövqəladə Vəziyyət günlərində çap olunmuşdu.
İnsanı təəccüb bürüyür: görəsən müstəqillik dövründə, özü də Ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə böyük önəm verdikləri halda, yeni nəsilə, xüsusən də gənclərimizə vətənpərvərlik ruhunun aşılanması ən mühüm vəzifə kimi qarşıda durduğu bir zamanda, nəhayət Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?!
Nə üçün xalqımızın tarixini aşağılayan bu cür qərarların qəbul edilməsinə cəhd göstərilir?! Əgər bu göstəriş Qərbdən və Okeanın o tayından verilirsə, bunu nə üçün başqa ölkələr, hətta torpağımızı işğal edən düşmənlərimiz belə qəbul etmir, lakin biz qəbul edirik. Qərbdən, ya Okeanın o tayından verilən sifarişləri qəbul edənlər yaxın keçmişdə qardaş Türkiyədə təhsilin başına gələnləri nə tez unutmuşlar.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Ulu öndər Heydər Əliyevin ideyalarını və Prezident İlham Əliyevin konkret tapşırıqlarını yerinə yetirərək tariximizi saxtakarlıqlardan, təhriflərdən təmizləməklə məşğuldur.
Müstəqil Azərbaycanın tarixi yad konsepsiyalara məhəl qoyulmadan, Azərbaycançılıq ruhunda müstəqil surətdə araşdırılır və yazılır. Fikrimizcə, “Azərbaycan tarixi” orta məktəblərdə ayrıca fənn kimi mütləq tədris olunmalıdır. “Azərbaycan tarixi”nin ləğvinə yol vermək olmaz! Ən azı ona görə ki, yaxın və uzaq ölkələrdə qınaq obyekti olarıq. Əgər müstəqillik illərində biz öz tariximizin orta məktəblərdə müstəqil fənn kimi tədris olunmasını aradan qaldırırıqsa buna nə ad vermək olar? Görəsən doğma tarixin tədris olunmasının ləğv olunması məsələsi bizdən başqa hər hansı bir ölkədə müzakirə olunarmu?!
Məntiqiniz hanı? Bir tərəfdən “Qarabağ tarixi”ni ayrıca fənn kimi orta məktəb proqramına salırsınız, digər tərəfdən isə “Azərbaycan tarixi”ni ləğv edirsiniz! Gəlin, əl açıb başqa ölkələrdən dəyər sədəqəsi dilənməyək! Öz tariximizə, öz dəyərlərimizə sahib çıxaq!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net