Sülhəddin Əkbər "Azadlıq-2015"dən ayrılmağa hazırlaşır
Tarix: 14-07-2015, 14:32 | Çap et
Sülhəddin Əkbər "Azadlıq-2015"dən ayrılmağa hazırlaşır
AzDP sədri Sülhəddin Əkbər Hafta.az-a müsahibəsində hazırkı və sonrakı fəaliyyətindən danışıb.

Müsahibəni təqdim edirik:

- Yeni müxalifətə ehtiyac olduğunu bildirmisiniz. Yeni müxalifətin funksionerləri kimlər olacaq?

- Biz ilk növbədə dünyada yaranmış siyasətə adekvat politika hazırlayıb həyata keçirənlər, buna uyğun strategiyalar hazırlayanlar nəzərdə tutulur. Burada söhbət yeni və ya köhnə adamlardan getmir. Əgər bu gün müxalifətdə olan qüvvələr dünyada və ölkədə gedən proseslərə rasional strategiya ortaya qoya bilmirsə, artıq ciddi düşünməyin zamanıdır. Mənə elə gəlir ki, mövcud müxalifət artıq öz potensialını əsasən tükəndirib. Yeni siyasətə və bunu hazırlaya bilən qüvvələrə ehtiyac var. Həmin şəxslərə bu günə qədər siyasi fəaliyyətdə olanları və olmayanları aid etmək olar. Əsas xalqı ortaya qoyduğu strategiyaya inandırıb, arxasınca aparmaqdır.

- Parlament seçkilərinə qatılırsız?

-Bu barədə dünən partiyanın idarə heyyəti tərəfindən ciddi müzakirələr oldu. Partiyanın qeydiyyata alınmaması məsələsini müzakirə etdik. Bu kontekstdə seçki qabağı vəziyyəti də dəyərləndirdik. Partiyada getdikcə seçkidə iştirak etməmək meyili güclənir. İqtidarın bir sıra müxalifət qüvvələri ilə görüş keçirdiyi zamanda partiyamızın qeydiyyat məsələsinin uzanması bizim gözləntilərimizi azaltdı.

-“Azadlıq-2015” seçki blokunun üzvüsüz. O zaman blokdan da çıxacaqsınız?

-Blokun son toplantısında onlara partiyamızda məsələ ilə bağlı müzakirələrin getməsi barədə məlumat vermişəm. Əgər partiyanın Məclisinin qərarı olarsa, blokdan da çıxacağıq. Çünki “Azadlıq-2015” seçki blokudur. Seçkidə iştirak etməyən partiyanın orada qalması da mənasızdır.

-Blok var olsa da, seçki ab-havası yoxdur. Siz necə düşünürsüz?

-Bəli, bunu jurnalistlər də siyasətçilər də bildirirlər. Etiraf etməmək mümkün deyil. Sanki ölkədə seçki olmayacaq. Hazırkı durum bir növ bələdiyyə seçkiləri öncəsi vəziyyətə bənzəyir.

-Bəzi siyasətçilər hesab edirlər ki, ölkədə yeni müxalifəti xarici qüvvələr yaratmalıdır. Siz necə düşünürsüz?

-Hər bir müstəqil, suveren dövlətin öz hakimiyyəti və müxalifəti olmalıdır. Həm hakimiyyət həm də müxalifət hər hansı bir xarici qüvvəyə bağlı olmamalıdır. Bu zaman həmin ölkənin siyasi müstəqilliyi və suverenliyi təhlükə altına düşə bilər. Azərbaycanda yeni müxalifət dedikdə, dərin və geniş müzakirələri nəzərdə tuturam. Söhbət ölkədə kapitalizmin inkişafından gedir. Son zamanlar ölkədə kapitalizmin inkişafı ləngiyib. Kapitalizm inkişaf etməzsə, milli burjaziya və orta sinfin yaranmasında maneələr ola bilər. Milli burjaziya isə ortaya çıxmasa demokratik dəyişikliklərin də olması mümkün deyil. Yeni müxalifət dedikdə, bu kimi dərin prosesləri nəzərdə tutmuşam.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net