Niyazi Mehdi: “Onu desəm, utanıb yerə girərəm”
Tarix: 30-03-2015, 09:50 | Çap et
Niyazi Mehdi: “Onu desəm, utanıb yerə girərəm”
“ Orqanizmim elədir ki, fəsillər dəyişəndə, xüsusi ilə yaz fəsli gələndə mənim üçün çətinlik yaranır. Təzyiqim, filan oynayır. Amma həm də yazı arzulayıram”. Bu sözləri APA TV-nin “Sən demə” verilişində professor Niyazi Mehdi deyib. Daha çox elmi işlərə başı qarışan həmsöhbətimiz günün əsas hissəsini evdə keçirməyi sevir. Özünün iş otağında o, bir çox qayğılardan uzaqlaşsa da, istirahət etməyə deyil, yenə də işləməyə üstünlük verir.

“Mənim əsas işim evdə olur. Yeməyi də sürətlə yeyirəm ki, işləyim. İş də mənim üçün öz yazılarım, internet və xəbərlərdən ibarətdir. Həyatımda belə də olub, oxumaqdan yorulub, kitabdan iyrənmişəm. Bu xüsusi ilə sovet dövrünə aiddir. Evdə işim çox olduğundan mənim üçün məhəllə anlayışı da mövcud deyil. Mən heç vaxt çıxıb məhəllədə qonşularla oturub nərd, domino oynamamışam. Bəlkə də məhəllədə mənim dostlarım olsaydı, onlarla hər zaman görüşmək mənə xoş olardı. Mən dostluqla bağlı mədhiyyəni sevmirəm, "dostlarıma canım qurban" və s. kimi dost heyranlıq deyirlər, amma məndə belə şeylər yoxdur. Dostlarla görüşmək mənim üçün əhəmiyyətli məsələdir. Amma ki, bir problem var. İnsan söhbət zamanı qarşısındakını fəth etməlidir. Biz də artıq biri-birimizi fəth etmişik. Ona görə görüşüb nələr haqda danışmağımızı bilmirik”.

Niyazi müəllimin daha bir zəif tərəfi qadınlardır. Dostlarla məclisdə qadınlar haqda nələr danışdığını öyrənmək istədik. Qonağımızın cavabı bizi də güldürdü:

“Onu desəm ölüb yerə girərəm. Qadın gözəlliyi kişi üçün ən böyük sirlərdən biridir. Əvvəllər elə düşünürdüm ki, qadın fenomenini mən yaxşı bilirəm. Sonradan anladım ki, yanılıram. Çünki mən nəyi bilmək istəyirəm sualını tapa bilmirəm”.

Niyazi Mehdi qadınları necə sevməyindən də danışıb:

“Desəm ki, ağıllı sevmişəm, yalan olar. Sevməyimdə ağılın payı olmayıb. Qadınları sevməyimdə fədakarlıq olmayıb, centlimenlik olub. Bəlkə də oxuduğum kitabların təsirindən olub bu. Amma mən heç vaxt qadına əl qaldırmamışam. Uşaqlarıma əl qaldırmışam, çünki onlar oğlandırlar. Çalışmışam əl qaldıranda da elə edim ki, zədələnməsinlər. İndi artıq tərgitmişəm. O mənim axmaq dövrüm idi. İndi yadıma düşəndə ki, uşağıma əl qaldırmışam, utanıram".

Sən demə illər öncə çayı sevməyən professor bu gün çayı başqa adamın dəmləməsinə belə razı olmur. Evdə çayı yalnız özü dəmləyir:

“Uşaqlıqdan çayı heç sevmirdim. Ağdamın suyu yaxşı idi, mən ancaq su içirdim. Ümumiyyətlə çay anlayışını qanmırdım. Universitetdə oxuyanda tələbələr Litvaya getmişdik. Orada mən millətçi oldum. O millətçiliyin içində məndə çaya həsrət yarandı. Bakıya dönəndə böyük ləzzətlə çay içdim. Məhz ondan sonra çay mənim həyatımın əsas hissəsinə çevrildi. Moskvada oxuyanda çayı özüm dəmləyirdim. İş rejimim elə idi ki, oturub yazıram, sonra bir stəkan çay, bir siqaret və yenidən yazıram. Amma artıq 5-6 ildir ki, siqareti atmışam, asılılığım yoxdur”.

Qonağımız söhbət arası xülyalardan da danışıb:

“Normal insan uşaqlıqdan xülyalara dalır. Müəyyən yaşa qədər bu xülyalar çox adi, primitiv olur. Ağ atlı şahzadə filan. Bir də görürsən ciddi təəssürat yaradan adam gecə yerinə girəndə ən şablon xülyalara dalır. Məsələn, azərbaycanlılar gecə xülyalarında Qarabağı işğal edən erməniləri qırır, ermənilər də öz xülyalarında bunu edir. Və bununla da Qarabağ müharibəsi həm də xülyalarda gedir. Ümumiyyətlə, xülyaların çox böyük rolu var insan həyatında. Onlar olmasaydı, dünya dözülməz olardı. İnsan öz xülyalarına görə utanmamalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net