“Rusiyalı milyarder Qarabağda çox qalmayacaq” – Elnur Soltanov
Tarix: 8-07-2015, 16:36 |
Çap et
Rusiyalı milyarder German Sterliqov ailəsi ilə birgə Qarabağa köçəcəyini açıqlayıb. O, burada kənd təsərrüfatına investisiya yatıracağını da deyib. Hər zaman ən qalmaqallı açıqlamaları ilə diqqətçəkən Sterliqov Azərbaycan tərəfinin haqlı qəzəbinə tuş gələrək, arzuolunmaz şəxs elan edilib.
Bəs görəsən rusiyalı milyarderin bu cür həyasızlığının qarşısını almaq üçün daha nə edilməlidir? Rus milyarderin işğal altındakı torpaqlarımızda uzunmüddətli qalışı, sərmayə yatırması nə dərəcədə mümkün olacaq?
Məsələni Hafta.az-a şərh edən politoloq Elnur Soltanovun sözlərinə görə, Sterliqov özü şəxsiyyət olaraq aqressiv insandır. Politoloqa görə, onun Qarabağda yaşaması çox çəkməyəcək:
“Bu çox xoşagəlməz bir hadisədir. Doğrusu bu şəxs emosional bir insandır. Adətən onların səsləndirdiyi bu cür fikirlər qalıcı olmaya bilir. Psixoloji nöqteyi-nəzərdən baxanda da radikal sözlər deyən insanlar sonradan tənbəllik edərək vədlərinə əməl etmirlər. Sterliqovun həyat və fəaliyyətinə, danışıq tərzinə baxanda bunu hiss etmək olur. Çox istərdik ki, German Streliqovda da belə olsun. Bu bir anın içində, psixoloji gərginliklə deyilmiş bir sözdür. Bunun çox çəkməyəcəyinə ümid edirik”.
Politoloq hesab edir ki, hətta milyarderin səfəri turist mahiyyəti daşısa da bizim ziyanımıza olan amildir:
“Həmçinin qeyd edək ki, bu cür insanın orada yaşaması iqtisadi cəhətdən acınacaqlı durumda olan “quruma” böyük dəstək deməkdir. Ən azından Sterliqovun oraya pul xərcləməsə də, sadəcə olaraq, yaşaması da böyük diqqət çəkəcək. Hətta bunun keçici bir turist səfəri olduğunu deyənlər də var. Ancaq bu turist səfərinin olması da bizim üçün yaxşı hal deyil”.
Elnur Soltanov həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi bu cür halların qarşısını almaq, eləcə də Sterliqovu bu fikirdən daşındırmaq üçün müəyyən gedişlər etməlidir:
“Bu insanla əlaqə kanalları tapılmalıdır. Məsələni ona izah etmək lazımdır. Bildirilməlidir ki, Qarabağ münaqişəsinin müsəlman – xristian gərginliyi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın burada qurban qismində olduğu ona izah edilməlidir. Əslində dəstək lazım olan tərəfin Azərbaycan olduğu izah edilməlidir”.