Regionda yeni İŞİD təhlükəsi - ŞƏRH
Tarix: 8-07-2015, 15:52 |
Çap et
Əfqanıstanın dini liderlərindən olan Gülbəddin Hikmətyar İŞİD adlanan terror qruplaşmasını dəstəklədiyini açıqlayıb. Beləliklə də, İŞİD-in dünyada yenidən aktivliyi müşahidə olunmaqdadır. Məlumdur ki, özlərinin söylədiklərini görə, bu qruplaşmanın məqsədi İslam dövləti yaratmaqdır. Lakin yaydıqları videolardan da görünür ki, onlar öz məqsədlərinə şiddət göstərərək nail olmağa çalışırlar. Əfqanıstanın dini liderinin İŞİD-ə dəstəyindən sonra nələr dəyişə bilər?
Məsələ ilə bağlı Hafta.az-a politoloq Arzu Nağıyev danışıb. O bildirib ki, İŞİD-in bu gün Qafqazda bir hədəfi də şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər:
“Gülbəddin Hikmətyara gəlincə onun haqqında çox şeylər unudulmuşdu. Ümumiyyətlə, Əfqanıstanın ərazisində İŞİD məsələsi olmayıb. Bu yaxınlarda İŞİD 2015-ci ilin büdcəsini açıqlayıb. Bildiriblər ki, dini mübarizəyə təxminən 2 milyarda yaxın vəsait xərclənəcək. Buna görə də, digər qruplaşmalar onlara biət etməyə başlayıblar. Bu məsələ bir müddət əvvəl Şimali Qafqazda da baş verdi. Əfqanıstan tərəfdən olan dini qruplaşmaların ən böyük qorxusu Orta Asiya məsələsidir. Onlar Orta Asiyada baş qaldırsalar, bu eyni zamanda, Özbəkistan İslam Ordusu deyilən quruma da təsir edəcək. Nəticədə bu kimi dini qruplaşmalar da baş qaldıracaq. Belə olduğu təqdirdə baş verənlər nə Rusiya, nə də digər ölkələrə xeyir gətirməz. “Əl-Qaidə”, “Taliban” və digər terror qruplaşmalarının İŞİD-ə biət etmələrinin səbəbi öz regionlarında vəziyyəti əllərinə almaq məqsədi danışıyır. Bunun bizim regiona aidiyyəti yoxdur. Azərbaycan tolerantlığı ilə fəxr edə biləcək bir ölkədir. Heç kim deyə bilməz ki, bu dövlət şiə və ya sünni dövlətidir. Bəli, tərkib baxımından şiə cərəyanına iman gətirənlərin sayı daha çoxdur. Lakin bu o demək deyil ki, biz buna görə siyasət aparmalıyıq”.