SOCAR-ın Türkiyə patronu bu ölkənin təhsil sistemini darmadağın etdi
Tarix: 8-07-2015, 15:01 | Çap et
SOCAR-ın Türkiyə patronu bu ölkənin təhsil sistemini darmadağın etdi
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətinin icraçı direktoru Kenan Yavuz bu ölkənin təhsil sistemini darmadağın edən tvitlər yayıb.

Virtualaz.org saytı xəbər verir ki, Kenan Yavuzun Türkiyənin ali təhsil sisteminin və universitetlərinin necə bərbad durumda olduğunu göstərən Twitter bəyanatları haqda “Hürriyet” qəzeti yazıb.

Kenan Yavuz Türkiyənin Yüksək Təhsil Şurasını (YTŞ) sərt tənqid edərək bildirib ki, universitet məzunları arasında bir nəfər də olsun keyfiyyətli mütəxəssis tapa bilmir.

“Qapım universitetlərə qapalıdır, universitet məzunlarının CV-lərini heç oxumadan zibilliyə atıram”- deyə “SOCAR Turkey” şirkətinin icraçı direktoru bildirib.

Türkiyənin 16 ən böyük sənaye şirkətindən biri olan və bu ölkəyə milyardlarla dollar investisiya yatıran “SOCAR Turkey”in icraçı direktorunun fikrincə, Yüksək Təhsil Şurası adlanan qurum valideynləri və onların övladlarını aldadır, universitetlərdə ali təhsil adı altında onlara heç bir ixtisas öyrədilmir.

Kenan Yavuz Türkiyə universitetlərinin Anadolunun hətta ucqar kəndlərində belə filial açaraq orada beynəlxalq münasibətlər ixtisası açdığını yazır: “Yazıq deyilmi bu ailələr? Onlara niyə boş-boş ümidlər verib aldardırsınız?”

SOCAR-ın Türkiyə patronu bu ölkənin təhsil sistemini darmadağın etdi

“Kədərlənərək bunu demək məcburiyyətindəyəm. Mümkünsə mənə universitet məzunu CV-si göndərməyin, heç baxmadan belə zibil qutusuna atıram. YÖK tələb edərsə, zibilliyə atdığım universitet məzunu CV-lərini ona hədiyyə edə bilərəm. Onsuz da zibil qutusu dolub”- Kenan Yavuz bildirib.

“SOCAR Turkey”in icraçı direktoru yazıb ki, şirkət 3 minə yaxın peşə təhsilli gənci işə götürəcək, ancaq bir nəfər də olsun universitet məzununa iş verməyəcək.

Qeyd edək ki, Azərbaycanın da ali təhsil sistemində analoji vəziyyət hökm sürür. Şirkətlər universitetləri bitirmiş gəncləri işə götürməkdən imtina edir, çünki onların heç bir ixtisasa yiyələnmədiklərini bilir. Nəticədə universitet təhsili almış gənclər ya “tolkuçkalara”, ya da fəhləlik etmək üçün tikinti meydançalarına üz tutmalı olur...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net