“Bizə onun çılpaq şəkillərini göndərdilər ki, saytda yayaq...”
Tarix: 7-07-2015, 18:23 |
Çap et
Bura tamam fərqli dünyadır. Saytı açıb, bir başqa aləmə düşürsən sanki. Qarderobunu nümayiş etdirənlər, dieta təklifləri, bir-birinə söz atan müğənnilər... Dalaşanlar, barışanlar, klip çəkənlər, çəkiliş meydançasında yaşananlar. Siz burda “Vüsalənin uzun yarıqlı libası” başlıqlı xəbəri 9000, “Sərxan Təranənin ətəyini qaldırdı və...” xəbərini isə 12.000 nəfərin oxuduğunu da görə bilərsiz və heç təəccüblənməzsiz. Çünki onlar maqazin jurnalistikası ilə məşğuldular. 3 ilə yaxındır media sektoruna qədəm basan axsam.az saytı oxucu auditoriyasını asanlıqla toplayıb və bu yolda əmin addımlarla irəliləyir.
Nə qədər şou biznesdən, manıs-müğənni dünyasından uzaq olduğumuzu desək də, zaman-zaman sosial şəbəkədəki paylaşımları diqqət çəkir. Cəlbedici başlıq, ilginc fotolar və... bir də görürük ki, həmin xəbərin oxunma sayını 1 nəfər də artırıb və bunu edən bizik...
Musavat.com da maqazin jurnalistikası deyəndə ağla gələn ünvanlardan birinə baş çəkdi. Məlum, camaatımız maqazini, şou biznesi, dedi-qodunu sevir. Bəs, bu dedi-qodu “qazan”ında nələr qaynayır? İctimai-siyasi qəzetçiliyə, onların iş sisteminə, müsahiblərinə, hətta sonuncuların kaprizlərinə belə dərindən bələdik. Bəs axsam.az-ın dünyasında nələr yaşanır?
“İNSANLARIN AİLƏ HƏYATINA PROBLEM YARADACAQ XƏBƏRLƏRİ YAYMIRIQ”
Saytın baş redaktoru Mirhacib Məcidi tanıyanlar tanıyır. Tanımayanlar üçünsə deyək ki, daha öncə qol.az kimi populyar bir idman saytını yaradıb. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin oğludur. Mediada, ictimai kluarlarda barəsində “gənc redaktor” deyilməsindən xoşlanmır. Çünki özünü jurnalistdən, redaktordan daha çox media meneceri kimi görür. Son sınadığı layihə isə axsam.az-dır. Sayt olduqca qəribə bir tarixdə, 2012-ci ilin 21 dekabrında fəaliyyətə başlayıb. “Dünyanın sonu”, yerlə göyün birləşəcəyi, bəşəriyyətin məhvi.... baş tutacağı deyilən bir tarixdə yaranıb. Doğrudu, dünyanın sonu çatmayıb, amma “dünyanın sonu çatıbmı” təəccübünə səbəb olacaq xəbərlərlə hamının diqqətini cəlb etməyi bacarıb. M.Məcid anladır:
-Başlanğıcda fikrimiz belə idi ki, məşhur insanların həyatlarından xəbərlər, yazılar verək. Yəni, bu, mütləq müğənni, aktrisa olmalıdır deyə bir prinsipimiz yox idi. Buna da əməl edirik, amma böyük üstünlük yenə də şou biznes dünyasına verilib. Bu sahədə boşluqdur və biz bu boşluğu doldurmağa çalışırıq. Kriminal, siyasət xarakterli xəbərlərimiz yoxdur. Oxucu bizdən hər şey istəyə bilər, amma bizim sərhədlərimiz var. Kiminsə özəl həyatına problem yaradacaq, insanları rəncidə edəcək, ailə həyatını sonlandıra biləcək xəbərləri vermirik.
-Bu, xəbərə xəyanət deyilmi?
-Xeyr. Axsam.az özünə ciddi sayt adı verən bir çox saytlardan daha ciddidir. Müğənninin də, aktrisanın da xəbərini vermək olar, amma səviyyəli şəkildə. Çalışırıq ki, saytın xəbər siyasətinə xəyanət etməyək. Maqazin saytı o demək deyil ki, diqqət çəkmək, İP toplamaq üçün hər şeydən yaza bilər...
-Məsələn, “qırmızı işıqlar”ınız hardadır?
-Bu yaxınlarda bizə bir nəfərin çılpaq fotolarını yolladılar ki, yayımlayaq. Amma biz bunu edə bilməzdik. Nə olsun ki, böyük diqqət, İP gətirəcəkdi? Biz bu məsələlərə mühafizəkar yanaşırıq. Bu günə qədər saytımızda gedən hansısa xəbərə görə təkzib verməmişik, çünki təkzib olunacaq xəbər yaymırıq.
“GÜNDƏLİK 100 MİN İP-MİZ VAR”
-Türkiyə, Rusiyanın maqazin jurnalları, saytlarında görməyə alışdığımız xəbərlər niyə sizdə yoxdur? Məsələn, filankəsin filan məclisdə içkili fotoları və ya hansısa müğənni evli iş adamı ilə yaxalandı? Bunlara da veto var?
-Yox, bu xəbərin təsdiqli fotosu olsa, yayımlayarıq. Amma dedi-qodu və insanlara problem gətirəcək nələrisə yaymağı doğru hesab etmirik. Bu, jurnalist etikasına da uyğun gəlmir. Həm də biz hələ paparatsiliyə cəhd etməmişik. Bilirsiz, bizdə qanun vardı ki, şəxsin icazəsi olmadan onun fotosunu çəkmək olmaz. Digər tərəfdən, intriqalar, qalmaqallar, söz davaları... bunlar bizim stilimiz deyil, biz o yolu seçməmişik. Təcavüz xəbərləri, kriminal xarakterli şou biznes xəbərləri bizdə olmur.
-Gündəlik İP-niz nə qədərdir?
-100 minə yaxın. Reklamımız da bunun sayəsindədir. Biz Azərbaycanda sırf reklam hesabına iki sayt – qol.az və axsam.az-ı dolandıra bilirik. İki kollektivdə ümumən 10 nəfər çalışır və normal da məvacib alırlar.
-Maqazin yazarlarının müğənnilərə mətbuat katibi olması, reklam müqaviləsi ilə saytda onların xəbərlərinin yerləşməsi... bunlar da var fəaliyyətinizdə?
-Təbii. Bu, Azərbaycanda maqazin jurnalistikasının normalarından biri kimi artıq qəbul olunub.
EBRU GÜNDEŞ AXSAM.AZ-I NECƏ “YANDIRDI”?
-Bəs oxucu sizdən daha çox hansı xəbərləri istəyir? Daha doğrusu, hansı xəbərlər yüksək reytinq gətirir?
-Şübhəsiz ki, Röya, Aygün kimi müğənnilərlə bağlı xəbərlər daha çox diqqət çəkir. Amma hər xəbərləri yox. Tutaq ki, Röyanın yeni klip xəbəri o qədər də diqqət çəkməyə bilər. Amma o klipdəki hansısa detalla, çəkiliş zamanı baş verən hansısa bir hadisə ilə bağlı xəbər İP yığa bilər.
-“Şok, şok, şok” elanı, “eksklüziv xəbər” təqdimatı... Bunlar sizdə də varmı?
-Xeyr. Biz ümumiyyətlə, “şok” sözünü qadağan etmişik. Eksklüziv xəbər təqdimatına da icazə yoxdu. Xəbər onsuz da eksklüziv olmalıdır da. Oxucu sayına görə Axşam.az hazırda Azərbaycanda ən çox oxunan ilk beş saytdan biridir. Bunu asanlıqla isbatlamaq mümkündür. Üzü payıza doğru yeni ictimai-siyasi xəbər portalımızı fəaliyyətə başlatmaq istəyirik. Həmçinin sırf öz saytlarımıza məxsus ofisə köçməyi düşünürük.
-Sayt maqazin yönümlüdürsə, başınıza kuryoz hadisələr gəlməmiş deyil...
-Bir müddət öncə türkiyəli müğənni Ebru Gündəşin Azərbaycan əsilli həyat yoldaşı Rza Zərrab həbs olunmuşdu. Həmin vaxtlar nəinki Azərbaycan, hətta Türkiyə mediasının ən əsas xəbəri bununla bağlı idi. Bu vaxt Türkiyədə yaşayan bir tanınmış jurnalistimiz Ebru Gündeşdən müsahibə aldığını bildirdi, yazını saytımıza təklif etdi. Ona güvənərək müsahibəni yayımladıq. Müsahibə böyük rezonans doğurdu. Türkiyə telekanallarında axşam.az-a istinad edilərək verilişlər yayımlandı. Qardaş ölkədən xeyli zənglər gəldi. Sonradan bəlli oldu ki, ümumiyyətlə həmin jurnalist Ebru Gündeşdən müsahibə almayıb. Yaxşı ki, həmin xanım sonradan günahın özündə olduğunu, saytın səhvinin yalnız ona güvənmək olduğunu etiraf etdi.
MÜXBİRLƏR ÜSYANDA: “BİR-BİRİNİN “TORBASINI” TİKMƏK İSTƏYƏNLƏR OLUR, ZƏNG EDİRLƏR...”
Yaxşı, bəs “mətbəxin aşpazları”, saytın əsas jurnalistləri, fotoqrafı bu dünyada özünü necə hiss edir? Onların da xəbəri daşdan çıxır?
Bu da təvazökar saytın 3 əməkdaşı və 1 fotoqrafı. Sərvər, Zəhra, Nuranə və fotoqraf Ramin...
Zəhra xanım deyir ki, sənətdən yazılan xəbərlər maraq kəsb etmir və az oxunur. Amma çox oxunacağına yüz faiz əmin olduqları hər xəbəri də yaymırlar: “Tutaq ki, kimsə zəng edib, adının çəkilməməsi şərtilə başqa birisi barədə xəbər verir, daha doğrusu, onun torbasını tikir. Həmin adamın rəyini öyrənmədən bu xəbəri vermirik. Hər dedi-qodunu, qara niyyətli xəbəri saytda vermək prinsipimizə ziddir. “Eşitdiyimizə görə” təqdimatı ilə xəbər vermirik”.
Nuranə xanım isə danışır ki, bəzən müğənnilər özləri gündəmdə qalmaq üçün jurnalistlərə müraciət edirlər: “Heç vaxt ictimaiyyətə göstərmədikləri evinin, uşaqlarının, bəzən həyat yoldaşlarının fotosunu yollayırlar. Bunlar çox oxunan xəbərlərdir”.
Sərvər isə daha çox müsahibə zamanı üzə çıxan maraqlı xəbərlərin olduğunu deyir: “Müsahib danışır və özü də fərqində olmadan xeyli maraqlı informasiya verir. Bunu tutmaq lazımdır. Amma bəzən də olur ki, özləri deyib, sonra dediklərini təkzib edirlər. Əsas odur, səs yazıları qalsın, yoxsa başımız ağrıyır(gülür)”.
Zəhra xanım da danışıb, sonra peşman olan müsahiblərini yada salır: “Elələri də var ki, danışır, biz də bunu yayırıq. Amma sonra bunun səs-küy yaratdığını görüb peşman olur. Ya da görürsən ki, hansısa sayt bizim xəbəri oxuyub, həmin adama zəng vurur, münasibət öyrənməyə çalışır. Müğənni də bizim xəbəri oxumadığı halda təkzib verir, deyir, mən elə söz deməmişəm. Bunlar hamısı işimizdə olur. Əsas odu, nə müsahiblərin, nə də oxucunun etimadını itirəsən. Ara müğənnilər, şayiə dolu xəbərlər bizim sayda görünə bilməz. Elə olsa, oxucu dönüb bizə bir daha baxmaz”.
Saytın can damarı sayılan fotoqrafı Ramin Aslanov da hansısa tədbirə gedəndə ordakıların diqqətlə onu izlədiyini deyir: “Hamısı marağında olur ki, şəkilləri bizim saytda getsin. Klip çəkilişlərindən xüsusi fotosessiya da edirik. Bilirlər ki, biz işimizə professional yanaşırıq, ona görə çəkinmirlər”.