Yunanıstanda baş verənlər dünyaya necə təsir edəcək?
Tarix: 6-07-2015, 12:49 | Çap et
Yunanıstanda baş verənlər dünyaya necə təsir edəcək?
Yunanıstanda keçirilən referendumun digər ölkələrə hansı təsir edəcəyi ilə bağlı “Hafta.az-ın debatı” rubrikasında iqtisadçı ekspertlər Vüqar Bayramov və Natiq Cəfərlinin fikirlərini təqdim edirik.

Vüqar Bayramov bildirib ki, Yunanıstanda baş verənlər avronun məzənnəsinə təsirsiz ötüşməyəcək:

“Yunanıstan Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaşlardandır. Bu ölkə Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı və eyni zamanda tranzit ölkədir. Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin dörddə birinin avro və idarə olunan vəsaitlərinin 40 faizinin Avropa Birliyində saxlanıldığını nəzərə alsaq, Yunanıstanda böhranın başa çatmasında maraqlı olan ölkələrdən biri də məhz Azərbaycandır. Gözlənilir ki, referendum nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. Elə Azərbaycan Mərkəzi Bankının da bu iş həftəsinə zəif avro ilə başlayacağı da proqnozlaşdırılandır. Doğrudur, bazardakı mövcud tarazlıq hələlik avropalıların pulunun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Eyni zamanda, Yunanıstan böhranın ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir. Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asılılığını yumşaltmaqda maraqlı görsənir”.

Ekspert hesab edir ki, Yunanıstan defoltu Dövlət Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərməyəcək:

“Bir tərəfdən, fond artıq xeyli vaxtdır “avrosuzlaşma” siyasəti aparır. Digər tərəfdən isə bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı gözlənilir. Sözügedən dövlətlərdə səhmlərin qiymətində artımlar gözlənilir. Bu isə okeanın o tayında vəsaitinin təxminə yarısını saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər. Referendum nəticələri Azərbaycanla Avropa arasında iqtisadi əlaqələrə də təsir göstərməyəcək. Bu qitəyə daha çox strateji məhsullar ixrac edən Azərbaycanın avro-idxalında həcm və qiymətdə hələlik hər hansı dəyişikliklərin olacağı gözlənilmir”.

Natiq Cəfərli isə bildirib ki, Yunanıstanda baş verən hadisələr dünyaya da təsir edəcək:

“Avropa Birliyinin atacağı addımları gözləmək lazım gələcək. Əgər Avropa Birliyi Yunanıstan şantajına boyun əyib bu ölkəyə ciddi güzəştə getsə, borclarını silsə, yeni kredit xətti açsa, islahat paketini yumşaltsa, Bütün Avropada əsas da Cənub ölkələrində aşırı sol və sağ siyasi qüvvələr güclənəcək. İtaliya, İspaniya, Portuqaliya, Kipr kimi ölkələrdə uclarda olan siyasi partiyaların hakimiyyətə gəlmə şansı artacaq, onlar bu şantaj yolu seçərək, trilyonlarla avro olan dövlət borclarını silməyə, daha çox güzəşt qazanmağa çalışacaqlar. Yox, əgər Avropa Birliyi yunanlarla sərt davranıb, başqalarına da dərs olacaq qərarlar alsalar, Avropa Birliyi və Avrozona bir müddət “sancılı” vəziyyətə düşəcək. Ancaq sonra vəziyyət sabitləşəcək. Bir sözlə, dünyaya “ekonomika”, “krizis” kimi sözlər bəxş edən yunanlar yaxın gələcəklə yeni sözlərin, məsələn, “Avroşantaj” sözünün də müəllifi ola bilərlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net