Alim Qasımov: "Ramazan, möminlərin sevincidir, bir paklaşma ayıdır"
Tarix: 6-07-2015, 11:23 | Çap et
Alim Qasımov: "Ramazan, möminlərin sevincidir, bir paklaşma ayıdır"
Azərbaycanın xalq artisti, tanınmış muğam ifaçısı, dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına düşən 3 azərbaycanlıdan biri olan Alim Qasımov müqəddəs ramazan ayı barədə düşüncələrini açıqlayıb. ANS PRESS-in məlumatına görə, ən son birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimində öz sənətini və ifaçılığını yenidən bütün dünyaya nümayiş etdirən müğənni jurnallardan birinə verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib.

“Ramazan” deyəndə nəyi xatırlayırsınız?

- Ramazan, möminlərin sevincidir, Allah qəbul etsin, bir paklaşma ayıdır.
İnsan elə bil ki, özü, özü ilə tanış olur. İçində nəfsinə qarşı bir cihad elan edir. Bu sırf Allah ilə özü arasında baş verən bir hadisədir. Bütün günü oruc tutur. Gedib bir qurtum su da içə bilər, yemək də yeyə bilər, amma onu Allahdan başqa heç kim görmür. Allahın qarşısında bir söz verirsə və bu sözü yerinə yetirirsə, inşallah ki, digər, dünyəvi əməllərini də düzgün yerinə yetirər. Bir də ki, cəm halda ki oruc tutulur və oruc açılır, mənə elə gəlir ki, bunun ayrı bir bayram həzzi var. Dostlarla, istədiyin adamlarla, ən çox da ailə ilə o anları ki yaşayırsan, mən o anları heç bir qonaqlığa, heç bir məclisə dəyişmərəm. Çünki o, Allah-Təalanın süfrəsidir.

Nə vaxtdan oruc tutursunuz? İlk dəfə necə olub ki, oruc tutdunuz?

- Rəqəm olaraq yadımda deyil, on ilə yaxın olar. Amma namaza başladığım vaxtdan etibarən oruclarımı da tuturam. Uşaqların toyu olmuşdu, Şamaxıda, Pirquluda; orada üç gün – üç gecə qalmışdıq. Oradan çıxanda yağış yağmağa başladı. Gördüm ki, Allah-Təala bizə bir möhlət verib. Özüm-özümlə danışdım, fikirləşdim. Orada, Şamaxıdan Antik adında dostum var idi. O məndən çox əvvəl başlamışdı namaza. Məclis qurtaranda onlarda qalmalı oldum. Dedim ki, sübh namazına məni də qaldırarsan. O vaxtı “əlhəm”lə “qulhuvallah”ı bilirdim. Elə namazı qılıb ayağa qalxmışdım gördüm ki, yoldaşım da arxada dayanıb bizimlə bərabər namaz qılıb. O da, qızlarım da məndən əvvəl başlamışdılar namaza.

Oruc tutmaq işinizə, sənətinizə mane olmur ki?

- Allaha qurban olum, çox qəribə olsa da, Allah özü elə bil ki, nizamlayır. Bir gün iş olur, bir gün olmur, bizlik bir iş yoxdur. Niyyət səmimi olsa Allah özü işi elə nizamlayır ki, bir çətinlik çəkmirik.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net