Azərbaycan hakimiyyətinin ABŞ-a qarşı kəskin demarşı…
Tarix: 3-07-2015, 17:16 | Çap et
 Azərbaycan hakimiyyətinin ABŞ-a qarşı kəskin demarşı…
İyulun 2-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 239-cu ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın ifasında səsləndirilib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. Diplomat xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalandığı gündür. Azərbaycan-ABŞ münasibətlərindən danışan diplomat hər iki ölkənin birlikdə bir çox uğurlara nail olduqlarını söyləyib. ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini vurğulayan səfir iki ölkə arasında güclü tərəfdaşlığın olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, iki ölkə arasındakı mövcud dialoq qarşıda duran məsələlərin həll olunmasında bizə kömək edəcək.

İştirakçıların bir çoxu Azərbaycan dövlətinin tədbirdə ən azı ənənəvi qaydada olduğu kimi maliyyə naziri Samir Şərifov səviyyəsində təmsil olunacağını gözlədiyi halda, bu, baş verməyib. Məlum olub ki, Azərbaycan tərəfini törəndə Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edir. Bu da bir çoxlarının təəccübünə səbəb olub. İ.İsmayılov isə çıxışında Azərbaycan hökuməti adından Amerika xalqını milli bayram münasibətilə təbrik edib. Ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışan nazir müavini bildirib ki, ikitərəfli əlaqələr ötən illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında qlobal, regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq mövcuddur. Nazir müavini deyib ki, Cənubi Qafqazda sabitliyə mane olan Dağlıq Qarabağ münaqişəsinin həllində, regionda sülhün bərqərar olmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın öz səylərini artıracağına ümid edirik. İ.İsmayılov I Avropa Oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Komitəsinə cəlb edilən amerikalı mütəxəssislərin fəaliyyətinin alqışlandığını bildirib.

“Yaxşı olar ki, mən ABŞ-Azərbaycan əlaqələrindən danışım. Hər iki ölkə bu əlaqələrin gücləndirilməsini istəyir və bu istiqamətdə işləyir. Əlbəttə, müəyyən məsələlər var ki, biz onun üzərində işləyirik”. Bu barədə ABŞ səfiri Robert Sekuta “Amerikanın səsi”nin “Rusiya-Azərbaycan münasibətləri fonunda bugünkü Azərbaycan-Amerika münasibətlərini necə qiymətləndirirsiniz?” sualının cavabında bildirib.

O, eyni zamanda deyib: “Hər dəfə demişəm, bir daha təkrar edirəm, Birləşmiş Ştatlar güclü, çiçәklәnәn, pozitiv, demokratik Azәrbaycan görmәk istәyir. Bizim әlaqәlәrimiz üç istiqamətdə davam etməlidir və edir. Bunlar iqtisadiyyatın inkişafı, tәhlükәsizlik, qanunun aliliyi vә insan haqlarının təmin olunması sahәlәridir. Hər iki ölkә dünyamızda olan bütün xalqların çağırışlarına cavab vermәk üçün birgә işlәmәkdә vә әmәkdaşlıqda maraqlıdır”.

Azadlıq Radiosunun Azərbaycan ofisinin açılma ehtimalı və Xədicə İsmayılovanın həbsdən azad edilməsi üçün aparılan işlərlə bağlı sualın cavabında səfir deyib: “ABŞ dəfələrlə bildirib, yenə də bildirir ki, Azadlıq Radiosunun Azərbaycandakı fəaliyyətini ən yüksək jurnalistika standartlarına uyğun olaraq həyata keçirilməsini gözləyir”.

Səfir hər hansı şəkildə müavin səviyyəsində təmsilçilik məsələsinə münasibətini büruzə verməsə də, bəzi müşahidəçilər bu son addımı rəsmi Bakının ABŞ-a qarşı kəskin demarşı kimi qiymətləndirir və hesab edirlər ki, Ağ Ev bunu yadında saxlayacaq. İstisna olunmur ki, bu, dolayısı ilə ABŞ Dövlət Departamentinin anti-Azərbaycan hesabatına reaksiyadır.

Politoloq Ərəstun Oruclu bunu musavat.com-a açıqlamasında bu barədə danışıb: “Bu, onun göstəricisidir ki, münasibətlər ciddi şəkildə zədələnib. Bunu əvvəllər də demişdik. Amma həm də onun göstəricisidir ki, Azərbaycan tərəfdə demarşlar bir qədər siyasi və diplomatik etiketdən kənara çıxır. Çünki söhbət təkcə qarşısındakı dövlətə deyil, həm də özünə hörmətdən gedir”.

Onun sözlərinə görə, dünyanın fövqəlgücü olan bir dövlətin müstəqillik günü ilə bağlı tədbirində Azərbaycan hökuməti daha yüksək səviyyədə təmsil oluna bilərdi: “Çünki istənilən halda istənilən ölkə ilə münasibətlə heç vaxt sona qədər korlanmır və korlanmamalıdır. Müəyyən gərgin mərhələlər olur. Amma sonda yenə danışıb, bu problemləri aradan qaldırmaq lazım gəlir. Mən hesab edirəm ki, bu, bir qədər emossional yanaşma idi. Siyasət belə şeyləri məqbul hesab eləmir. Təmsilçiliyi nəzərdə tuturam, çünki təmsilçilik çox aşağı səviyyədə idi”.

Ə.Oruclu düşünmür ki, ABŞ-dan əks-reaksiya ola bilər: “Sadəcə olaraq, onu mesaj olaraq qəbul etdilər, məncə başqa bir şey olmayacaq”.

AVP sədri, deputat Fəzail Ağamalı isə fərqli fikirdədir. Bayram törəninə dəvətlilər sırasında olan deputat hesab etmir ki, bu, Bakı-Vaşinqton münasibətlərindəki gərginliklərlə bağlıdır: “Təbii ki, mən Azərbaycan dövlətinin bu şəkildə təmsil olunmasının səbəbini deyə bilmərəm, bu, mənim söyləyəcəyim fikirlər içərisində öz məntiqi izahını tapa bilməz. Ancaq sadəcə olaraq demək istərdim ki, hər halda Azərbaycanın son praktikasında bu cür hallar var. Əvvəllər daha yüksək səviyyəli məmurlar bu və ya digər ölkənin bayram tədbirlərində iştirak edirdilər. İndi bir az fərqli yanaşmalar var. Biz dünyanın ayrı-ayrı ölkələrinin praktikasını götürək. Azərbaycanın 28 May Respublika günündə ABŞ-da səfirlik səviyyəsində keçirilən tədbirdə Amerika tərəfindən kim təmsil olunub, bunun araşdırılmasına ehtiyac var. Deyilə bilər ki, ABŞ fövqəlgücdür, dünyanın ən güclü dövlətidir və sair. Təbii ki, bu, belədir. Ancaq protokol qaydaları var, dövlətin iriliyindən, xırdalığından asılı olmayaraq, müstəqil dövlət kimi onun tarixi günləri hər bir ölkədə qeyd olunarkən, qəbul olunmuş qaydalar var ki, orda həmin ölkənin rəsmiləri də iştirak edirlər. Götürək, Avropa ölkələrini, görək orda Azərbaycanın Respublika günü səfirlik səviyyəsində qeyd olunanda kimlər orda iştirak edir. Araşdırma aparılsa, çox maraqlı mənzərə yaranacaq. Azərbaycanda da son vaxtlar ayrı-ayrı nazirlər, nazir müavinləri səviyyəsində bu tədbirlərə qatılmağa daha çox üstünlük verilir”.

F.Ağamalı xatırlatdı ki, bir müddət öncə Azərbaycan özünü dünyaya həm də idman ölkəsi kimi yüksək səviyyədə təqdim etdi: “Həm də nəzərə alsaq ki, Azərbaycan dövləti ABŞ-a nisbətən gənc dövlətdir, onunla Azərbaycan arasında 200 ildən də yuxarı fərqli müstəqillik tarixi var. Ona görə də Azərbaycanın idman ölkəsi və gənc dövlət olaraq, onun təmsilçisinin idman və gənclər nazirinin müavininin olması həm də simvolik xarakterli məsələdir. Ola bilsin ki, gələcəkdə nazir, yaxud digər şəxslər səviyyəsində də təmsilçilər olsun”.

Deputat hesab etmir ki, bu, Qərblə gərgin münasibətlərin nəticəsi deyil: “ABŞ bizim 28 May tədbirimizdə yüksək səviyyədə, dövlət katibi, yaxud müavinləri səviyyəsində iştirak etmirsə, bu, o demək deyil ki, ABŞ, yaxud başqa bir ölkə Azərbaycanla soyuq münasibətlərdədir. Hər bir ölkənin yanaşması və protokol qaydaları var. Fakt ondadır ki, ABŞ-ın dövlət bayramında tort kəsildi. Tort kəsənlərin bir tərəfində ABŞ-ın Bakıdakı səfiri, başqa tərəfində isə Azərbaycan dövlətinin rəsmisi var idi. Ona görə də, mən xırda detalı siyasiləşdirərək, bunu Amerika-Azərbaycan münasibətlərinin gərgin olması fonunda izah etməyin tərəfdarı deyiləm”.

Əvvəlki illərdən fərqli olaraq, builki müstəqillik bayramında səfirliyə dəvət alan Azərbaycanın dövlət və hökumət nümayəndələrinin tədbirə qatılmaması barədə sualı cavablandıran YAP funksioneri, deputat Siyavuş Novruzov bildirib ki, tədbirdə iştirak dəvətnamə ilə olduğu üçün yalnız seçilmiş insanlar orada olublar: “Həmin tədbirə dəvətnamə ilə qatılmaq mümkündür. Kimi dəvət ediblərsə onlar da iştirak ediblər. Mənə də dəvətnamə göndərilməyib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net