Olbrayt Putini ittiham etdi: "1945-ci ildən bəri belə edən olmayıb”
Tarix: 3-07-2015, 15:18 | Çap et
Olbrayt Putini ittiham etdi: "1945-ci ildən bəri belə edən olmayıb”
ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Qərblə Rusiyanın münasibətlərinin pisləşməsinə görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, 1997-2001-ci illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik etmiş M.Olbrayt Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində ABŞ/NATO-Rusiya münasibətlərinin Putinin günahı ucbatından korlandığını bildirib.

“Putinin elədikləri və etməkdə davam etdiyi işlər 1945-ci ildən - II dünya müharibəsinin başa çatdığı vaxtdan bəri baş verməyib. Söhbət suveren bir dövlətin ərazisini işğal etmək üçün əlindəki hakimiyyətdən sui-istifadədən gedir” - deyə Olbrayt Ukrayna böhranına münasibət bildirərkən söyləyib.

Sabiq dövlət katibinin fikrincə, ən vacib məsələ odur ki, insanlar bu münaqişəni Putinin törətdiyini anlamalı və onun bu addımına yekdilliklə mənfi münasibət bəsləməlidir.

“Yeni “soyuq müharibə”dən qorxmaq lazım deyil. Böhran zonasında yeni insident və toqquşmaların baş verməsi ehtimalından qorxmaq lazımdır” - deyə Olbrayt mövqeyini izah edib.

“ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer deyir ki, münaqişə zonasındakı mümkün insidentlər daha təhlükəlidir. Ruslar Şimal dənizi üzərində söndürülmüş transponderlərlə uçurlar. Əhalini isə Rusiyanın dəstəklədiyi silahlı adamlar idarə etməyə çalışır” - deyə sabiq dövlət katibi əlavə edib.

M.Olbrayt Ukrayna münaqişəsi ilə Yuqoslaviya müharibəsini müqayisə edib: “Bill Klinton təzəcə prezident seçiləndə ən ciddi problem Bosniyadakı müharibə idi. İnsanlar belə düşünürdü: madam Bosniya Avropa ölkəsidir, bu məsələ ilə avropalılar məşğul olmalıdır. Nəticədə buradakı müharibəni dayandırmaq üçün xeyli vaxt boşa verildi, vaxt itirildi. Ukraynada da eyni proses gedir. Çoxları elə düşünür ki, Ukrayna Avropadadır deyə bu məsələ ilə avropalılar məşğul olmalıdır”.

M.Olbrayt yalnız İraq məsələsini çıxmaq şərti ilə prezident Barak Obamanın fəaliyyətini müsbət qiymətləndirib: “Obama ekstremal çətin şəraitdə çox yaxşı işlər görə bildi. Təəssüf ki, Əfqanıstanda müharibə çox zəruri idi. Çünki bu ölkədən olan adamlar bizə 11 sentyabrda hücum etmişdilər. İraqdakı müharibə isə əksinə, lazım deyildi. Bu, ABŞ xarici siyasət idarəsinin ən kobud siyasi səhvlərindən biri idi. Ölənlərin sayı çox oldu. İraqdakı müharibə ABŞ-ın imicinə də, büdcəsinə də böyük zərbə vurdu”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net