Könül Xasıyeva: “Avropa Oyunlarını izləyərkən uşaq kimi ağladım”
Tarix: 2-07-2015, 18:02 |
Çap et
Xalq artisti Könül Xasıyevanın Gün.Az-a müsahibəsi:
- Könül xanım, bir sənət adamı olaraq ilk Avropa Oyunları, xüsusilə, Oyunların açılış və bağlanış mərasimləri ilə bağlı nələri demək istərdiniz? Azərbaycan bu Oyunlarla bağlı öz hədəflərinə çata bildimi?
- İlk Avropa Oyunların məhz ölkəmizdə keçirilməsi hər birimizin, bütövlükdə Azərbaycanımızın uğurudur. Avropa tarixində keçirilən belə bir nəhəng idman yarışına yüksək səviyyəli ev sahibliyini də yalnız Azərbaycan xalqı və dövləti edə bilərdi, necə ki etdi də.
Çox təəssüf ki, obyektiv səbəblərdən mən Oyunların açılışında iştirak edə bilməmişdim. Bakıda deyildim, kənarda idim. Amma televiziyadan, internetdən izləmişdim və bu mərasimdən ürəyim həqiqətən riqqətə gəlmişdi.
Xüsusilə, dahi sənətkarımız Alim Qasımovun ifası məni məftun etmişdi. Bundan başqa, Oyunların simvolu olan “Nar”ın içərisindən çıxan şarlar, dənələr çox möhtəşəmiydi. Yəni, həm Alim Qasımovun ifası, həm də “Nar”ın göydə parçalanaraq ətrafa dağılması bir azərbaycanlı olaraq həqiqətən ruhumu oxşamışdı.
Eyni zamanda, Oyunların bağlanış mərasimi də çox möhtəşəm və əzəmətli idi. Bağlanış mərasimi də öz ecazkarlığına, möhtəşəmliyinə görə açılış mərasimdən geri qalmadı.
“Elə bilirdim ki, həmin dəqiqələrdə bütün Azərbaycan göylərdə uçur, gülür, sevinir”
Doğrudan da, bütövlükdə Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi elə adından da göründüyü kimi, bütün azərbaycanlıların uğurudur, qələbəsidir. Allah-təala bizim çox hörmətli prezidentimizin canını sağ eləsin.
Adları yadımda qalmasa da, idmançılarımızın hər birinin qələbəsində bizim ölkə başçımız İlham Əliyevin, birinci xanımımız Mehriban xanımın böyük əməyi, zəhməti vardı və var. Onlar ki, əllərini göyə qaldırıb sevinirdilər, inanın, mən də elə bil göylərdə uçurdum. Elə bilirdim ki, həmin dəqiqələrdə bütün Azərbaycan göylərdə uçur, gülür, sevinir...
Yəni, düşünürəm ki, hər şey insana yaraşmalıdır, o cümlədən, gülüş də, sevinc də. Gülüş də, sevinc də o insanlara yaraşırdı və yaraşır.
Çünki onların sevinci, onların qələbəsi Azərbaycanımızın qələbəsi, Azərbaycanımızın sevincli günləri, anları olanda olur.
“Gənclərimizdə olan o millilik, o milli ruh, o vətənpərvərlik hissi, torpağına bağlılıq artıq çox güclüdür...”
Bizim o idmançılarımız hansı ki, qızıl medallar alıblar, hansı ki, gümüş, hansı ki, bürünc medallar alıblar, onların qələbəsini izləyərkən sevincimdən bilmirdim neyləyim, yerə-göyə sığmırdım.
Mən hələ bir dəfə uşaq kimi ağladım da. İdmançılarımızdan biri erməniyə qalib gəlmişdi və onun bir sözü vardı - müsahibəsində belə bir söz işlətmişdi ki, mən bilirdim ki, mənim qabağımda dayanan mənim düşmənimdir, rəqibim yox.
Yəni, bu söz məni o qədər ovsunladı, sehrə saldı ki, bunu sözlə ifadə edə bilmirəm hələ də. Deməli, o gəncimiz, o igidimiz hiss edib ki, artıq rinqdə kimlə döyüşür. Belə gənclərimizlə, idmançılarımızla da ancaq fəxr etmək, qürur duymaq olar.
Çox sevinirəm ki, ümumiyyətlə, gənclərimizdə olan o millilik, o milli ruh, o vətənpərvərlik hissi, torpağına bağlılıq artıq çox güclüdür...
"Ən çox avarçəkmə və güləş üzrə yarışları izləməyə çalışırdım"
- Özünüz bəs, könkret olaraq hansı idman növləri üzrə yarışları izlədiniz?
- Ən çox avarçəkmə və güləş üzrə yarışları izləməyə çalışırdım. Avarçəkmədə mənim üçün ən çox maraqlı olanı o idi ki, bir qıçını yerə qoyub, bir qıçını qaldırırlar dizləri üstünə, avarı, ağacı o qədər irəli qoyurlar ki, az qala sanki istəyirlər ki, bunun içindən çıxsınlar, avarı özləri ilə çəkib aparsınlar.
Onların o daxili həyəcanı, qələbə qazanmaq uğrunda o mübarizəsi mənə çox maraqlı gəlirdi. Xüsusilə də, öz avarçəkənlərimizin peşəkarlığı mənə xüsusi zövq verirdi. Eyni zamanda, güləş, boks yarışlarını da imkan düşdükcə maraqla izləyirdim. Hər dəfə bizim idmançıları qarşı tərəfin idmançıları vurduqca, mənim ürəyim ağrıyırdı. Ancaq axırda idmancılarımız qızıl, gümüş, bürünc medallar qazananda inan ki, bizim evdə toy-bayram olurdu...
“İndiyə kimi bunu heç bir kanal göstərmir, vermir, səbəbini mən özüm də bilmirəm”
- Oyunlarla bağlı özünüzün ayrıca musiqi layihəniz olmuşdumu, öncədən bununla bağlı hansısa plan qurmuşdunuzmu, yoxsa?...
- Bilirisiniz ki, mənim 2011-ci ildə “Sənə olan məhəbbətim” adlı şeirlər kitabım çapdan çıxıb. Şairə kimi yox, həvəskar yazar kimi. Yəni, duyğularımı, hislərimi o kitaba köçürmüşəm. Orada mənim bir “Azərbaycan” şeirim var. İndi yadıma düşən qədər bəzi misraları deyəcəyəm:
Harda olsam unutmaz ürək səni bircə an,
Yaşayıram eşqinlə, vətənim Azərbaycan.
Üçrəngli bayrağımla səs salmısan dünyaya,
Şöhrətinlə, adınla sığışmırsan cahana.
***
Bütün bəşəriyyətdə ad qoyub, ad almısan.
Yaşa, şanlı vətənim, sənə bu canım qurban.
Bütün varlığım sənsən,
Dilimdə Azərbaycan, könlümdə Azərbaycan.
Yadımda qalanı bu qədərdir. Mən bunu 2005-ci ildə yazmışdım, 2013-cü ildə isə buna gözəl bəstəkarımız Kəmalə Abbasova ilə musiqi bəstələdik. Sonra biz bunu Konservatoriyanın professoru, xalq artisti, “Şöhrət” ordenli Ağaverdi Paşayevin orkestri ilə, Azərbaycan dövlət simfonik orkestri ilə lentə yazdırdıq.
İfa etdim, orada mahnı “Çahargah” üstündə olduğu üçün dedim ki, “Çahargah” üstündə edək, “Mənsuriyyə” döyüşə çağırışdır. Orada da zildə bir “Mənsuriyyə” etmişəm. Orada həmçinin, tarımızı, kamanımızı göstərmişəm, vəsf etmişəm. Mən buna klip də çəkdirmişəm.
Amma indiyə kimi bunu heç bir kanal göstərmir, vermir. Səbəbini mən özüm də bilmirəm. Bunu mən heç kimin sözlərinə oxumamışam. Bunu mən özüm yazmışam. Bu, mənim içimdən gələn, bu, mənim Azərbaycanıma, yurduma, dövlətimə olan məhəbbətimdir, duyğularımdır.
“Bəzi şairlər mənə dedilər ki, özünə şairəm deyən insanlarının çoxundan yaxşı yazmısınız, ən azından duyğularınızı burada ifadə gözəl edə bilmisiniz”
Mən şairə deyiləm. Mən bunu yazmışam, zəhmət çəkmişəm. Mən bunu bir çox şairlərə də göstərmişəm, oxumuşam. İnanın, bu şeirə görə nominasiya da almışam. Yəni, şairə olmaya-olmaya bu cür yazmaq, duyğuları bu cür ifadə etmək heç də elə-belə məsələ deyil. Vallah, bəzi şairlər mənə dedilər ki, özünə şairəm deyən insanlarının çoxundan yaxşı yazmısınız, ən azından duyğularınızı burada ifadə gözəl edə bilmisiniz. İndi hansı televiziyaya diski aparıb verirəm ki, klipimi bayramlarda göstərinlər , onu efirə vermirlər. Götürürlər diski, amma efirə vermirlər...