SOCAR Yunanıstan böhranından nə qazanacaq?
Tarix: 1-07-2015, 18:03 | Çap et
SOCAR Yunanıstan böhranından nə qazanacaq?
Yunanıstan hökümətinin 1,6 milyard avro miqdarına borcunu Beynəlxalq Valyuta Fonduna ödəyə bilməməsi dünyanın diqqət mərkəzindədir. Ölkənin baş naziri Aleksis Tsipras vətəndaşları referendumda kreditorların tələblərini rədd etməyə çağırıb. Yunanıstanın borc böhranı ilə bağlı referendum bazar günü keçiriləcək.

Ölkə ətrafında baş verənlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Yunanıstanın DESFA şirkəti arasında alqı-satqı məsələsini yenidən gündəmə gətirir. Mütəxəssislər hesab edir ki, Yunanıstanın Avrozonadan çıxarılması Dövlət Neft Şirkətinə DESFA qaz operatorunu daha ucuz qiymətə almasına şərait yaradacaq. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban ANSPRESS-ə açıqlamasında Yunanıstandakı iqtisadi proseslərin Azərbaycana təsirindən danışıb.

Ekspertin fikrincə, iqtisadi böhranla boğuşan ölkə vəziyyətdən çıxmaq üçün şirkəti dəyərindən aşağı satmağa məcbur qala bilər: “Yunanıstanın Avrozonanı tərk etməsi SOCAR–ın Avropa Komissiyasının müdaxiləsi olmadan daha asanlıqla DESFA –dan pay almasına şərait yaradır. Əgər Yunanıstan Avrozonadan çıxarsa, Dövlət Neft Şirkətinin Yunanıstan höküməti ilə birbaşa razılığa gəlməsi mümkün olacaq”.– deyə ekspert bildirib.

Hazırda Yunanıstan hökuməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ölkənin DESFA qaz operatorunda 49 faizlik payın satışı imkanlarını nəzərdən keçirir. SOCAR isə operatorun 66%-ni almaq niyyətindədir. Bu sövdələşməyə Avropa Komissiyasının Rəqabət üzrə direktorluğunda baxılır. Bu proses ilin sonunadək uzana bilər. SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin (400 milyon avro dəyərində) əldə edilməsi üzrə tenderin qalibi olmuşdu. Beynəlxalq kreditorların Yunanıstanın borcu üçün qoyduğu vaxt artıq dünən başa çatıb. Yunanıstan höküməti 1,6 milyard avro miqdarında borcunu Beynəlxalq Valyuta Fonduna ödəməkdən imtina edib.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net