Kanalların qapısı intellektual insanların üzünə bağlıdır
Tarix: 1-07-2015, 17:16 | Çap et
Kanalların qapısı intellektual insanların üzünə bağlıdır
Ötən gün “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Veriliş zamanı etikadan kənar ifadələr və davranışlar sərgilənmişdi. Təssüf ki, bu, efirdə yaşanan ilk belə hal deyil. Bəs belə halların qarşısını almaq üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif ƏliyevFaktXəbər-ə münasibət bildirib.

Arif Əliyev buna heç bir mexanizm yaratmağın lazım olmadığını, həmin mexanizmin qanunlarda, etik kodekslərdə mövcud olduğunu dilə gətirdi: «Azərbaycan Milli Teleradio Şurasının bununla bağlı kifayət qədər səlahiyyətləri var. O, bundan istifadə edərək telekanala sərt şəkildə reaksiya versə, təkrar olunduğu təqdirdə isə cəzalandırsa, telekompaniyalar da, jurnalistlər də bu məsələlərdə daha diqqətli olarlar».

Qeyd edək ki, belə hadisələr özəl kanallarda dəfələrlə baş verib. MTRŞ bununla bağlı reaksiya verdikdə isə, kanal rəhbərlikləri dərhal «bu bizim daxili işimizdir», deyə cavab verirlər. Jurnalistlər Birliyinin sədri bu yerdə bir məsələyə aydınlıq gətirməyi lazım bildi. Onun sözlərinə görə, MTRŞ kanalların daxili siyasətinə qarışa bilməz, yəni, bunu belə elə, onun elə elə: «Lakin o yerdə ki, qanun pozuntusu qeydə alınıb, yaxud peşə etikasından kənara çıxılıb, həmin məsələlərdə MTRŞ-ın müdaxilə etmək səlahiyyəti var».

Arif Əliyev bu imkanların təkcə MTRŞ-ə aid olmadığını da vurğuladı: «Digər müvafiq Jurnalist Təşkilatları, müxtəlif instansiyalar var ki, onlara müraciət etmək olar».

«Teleradio Şurası ancaq proqramda kimin reklam dəqiqəsi 12 dəqiqəni ötdü deyə baxmaq üçün deyil ki… Lisenziyalar verilərkən də, tədbirlər keçirilərkən də bildirilir ki, teleradio şirkətləri qanunun tələblərinə riayət etməlidirlər, efirdə təhqirlərə yol verməməlidirlər. Belə hallar baş verdikdə isə müvafiq ölçü götürülməlidir».

«Telekanallarda intellekt və elmi səviyyənin aşağı olması belə halların yaranmasına amil kimi dəyərləndirmək olarmı» sualına isə Arif müəllim belə cavab verdi: «Uzun müddətdir mübahisə gedir ki, cəmiyyət televiziyanı aşağı çəkir, ya gksinə, televiziya insanları bu kökə salır. Bildiyimiz kimi internet nə qədər inkişaf etsə də, əlavə informasiya mənbələri yaransa da, televiziya media məkanında öz hökmranlığını saxlayır və 80 faiz (bəzi mənbələrdə 96) əhalinin əsas informasiya mənbəyi olaraq qalır», - deyə Jurnalistlər Birliyinin sədri deyib.

O, bu gün kanallarda bəzi verilişlərdə intellektin, dilin, danışıq səviyyəsinin bərbad vəziyyətdə olması, hətta aparıcıların özlərini bir peşəkar jurnalist kimi apara bilməməsindən də danışdı: «Mən Avropa Oyunlarında bəzi aparıcıların verilişi aparmasına baxırdım. İnanırsız, bir verilişdə istifadə olunan gülməli, qəribə ifadələrdən yarım dəftər yazmaq olardı. Əlbəttə söyüşdən istifadə edilmirdi. Amma dilin özünün müəyyən ölçüləri var, bu da intellektdən və jurnalist xəbər verən əlamətlərdir».

Arif Əliyev kanallarda belə halların yaşanmasının televiziya rəhbərliyinin məsələyə fikir vermələrində, intellekt səviyyəsindən, televiziyaların əksəriyyətinin vahid ideoloji mərkəzdən idarə olunmasından və müəyyən olunmuş çərçivələrdən kənara çıxılmasına qoyulan qadağalarla əlaqələndirdi: «Bir çox intellektual insanlar var ki, onları görməkdən, dinləməkdən məhrumuq, çünki kanalların qapıları onların üzlərinə bağlıdır. Səbəblər çoxdur. Ancaq bütövlükdə mən deyim ki, televiziya və cəmiyyət məsələsində uyğunluq var».

«Ölkədə ümumi intellekt, ictimai fəallaq, səviyyə aşağıdır və bu özünü televiziyada əks etdirir. Üzdə olan dingildəyənlərdir. İnformasiyalarda siyasətçilərlə yanaşı ən azı 40 faiz müğənnilərdən xəbərlər verilir. Belə şəraitdə insanlar da televiziya da bir-birinə uyğun olacaq. Yazıq bu cəmiyyətin halına», deyə Jurnalistlər Birliyinin sədri son olaraq bildirib.

Xatırladaq ki, dünən “Space” telekanalında yayımlanan “Günaydın” verilişində müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu arasında xoşagəlməz hallar yaşanıb. Yazar ifaçının geyimini bəyənmədiyini bildirib: “Toya gedəndə nə istəyirsən geyin. Efirə abırlı geyinmək lazımdır. Sən mənim xalqımın qarşısına belə çıxma. Böyük danışma. Mən olan yerə sən gəlmə. Mən səni görmək istəmirəm”.

M.Əsədova “Sizə mənim geyimimə, davranışıma, dünya boyda sənətimə toxunmağa icazə vermirəm. Səni birinci dəfədir görürəm. Sən kimsən?” deyə, cavab verib. Əsəbiləşən Ə.Musaoğlu özünün alim olduğunu xatırladaraq, ifaçını əxlaqsız adlandırmışdı.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net