“İlk Avropa Oyunları hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib”
Tarix: 1-07-2015, 15:28 |
Çap et
Deputat Elmira Axundova iyunun 30-da Masallının Kolatan kəndində seçiciləri ilə görüş keçirib. Görüş əsasən Azərbaycanda keçirilən İlk Avropa Oyunlarına həsr olunub. Millət vəkili bu idman yarışının Azərbaycan üçün əhəmiyyəti barədə ətraflı danışaraq qeyd edib ki, «Bakı-2015» İlk Avropa Oyunları hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Avropa Oyunlarına hazırlıq cənab Prezident İlham Əliyev və onun komandası tərəfindən yüksək səviyyədə aparılmışdı. Bu yarışın təşkili ilə bütün dünyaya göstərdik ki, biz nəyə qadirik, nə kimi inkişafa nail olmuşuq, necə güclü idarəçilik sistemimiz var. Bu idman tədbirinin ölkəmiz üçün faydaları çoxdur.
Əvvəla, Avropa Oyunlarında könüllü kimi iştirak edən 20 minə yaxın gənc iş təcrübəsi topladı, dil öyrəndi, xaricilərlə işləmə bacarığı qazandı. İkincisi, Azərbaycanda tikilən qurğular dünyada analoqu olmayan qurğulardır və Avropa Oyunlarından sonra bu obyektlərdə keçiriləcək yarışlardan Azərbaycan qazanc əldə edəcək. Eyni zamanda burada yüzlərlə, minlərlə insan üçün yeni iş yeri təmin olunacaq. Ən əsası isə Avropa yarışlarında cənab Prezidentin iştirak etməsi, idmançılarımızı şəxsən mükafatlandırması xalqımızda, xüsusən cavan nəsildə idmana marağın artmasına böyük təkan, stimul verəcək”.
Avropa Oyunları müddətində ölkəmizə qarşı aparılan kampaniyadan danışan millət vəkilinin sözlərinə görə, anti-Azərbaycan kampaniyasına çox təəssüf ki, sapı özümüzdən olan baltalar da qoşuldular: «Onlar anlamadılar ki, idmançılar hökuməti yox, xalqı, milləti təmsil edir. Amma mən çox sevinirəm ki, Prezidentimizin arxasında xalq dayanır. Millətimiz qədirbilən xalqdır və öz Prezidentinə sahib çıxmağı bacarır.
Xalqımız heç bir fitnə-fəsada uymadan sona qədər öz liderinin arxasında olmalıdır. Unutmayaq ki, iri maliyyə institututlarını, Qərbin bəzi strateji-araşdırma mərkəzlərini bizim müstəqil siyasətimiz qıcıqlandırır. Onların dedikləri ilə oturub-durmamağımız bizə qarşı bu cür kampaniyalar həyata keçirmələrinə səbəb olur. Biz xalq olaraq ayıq olmalıyıq, onların dedikləri ilə oturub-duranların aqibəti göz qabağındadır. Eyni taleyi yaşamamaq üçün Prezidentimizin ətrafında sıx birləşməliyik, 90-cı illərdəki ərzaq qıtlığı, iqtisadi tənəzzül, hərbi uğursuzluqlar, torpaqların itirilməsi dövrünə bir daha qayıtmağa ən azından mənəvi haqqımız yoxdur. “5-ci kolon” adlandırılanlara və xarici qüvvələrə imkan verməməliyik ki, bizim bu xoşbəxtçiliyimizi, sabitliyimizi, rifahımızı əlimizdən alsınlar”.
Daha sonra millət vəkili Milli Məclisdəki fəaliyyəti, qəbul edilən qanunlar, plenar və komitə iclaslarındakı çıxışları, təklifləri, həmçinin rayonda görülən işlər barədə seçicilərə ətraflı məlumat verib və seçicilərin təkliflərini dinləyib. Kənd əhalisi bir qayda olaraq Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən qürurlandıqlarını, fəxr etdiklərini bildirərək təşəkkür və minnətdarlıqlarının cənab Prezidentə çatdırılmasını xahiş ediblər. Bu günlərdə Masallı rayonundakı müxtəlif icmalar, ziyalılar, müəllimlər və ayrı-ayrı təşkilatlar adından cənab Prezidentin və onun xanımının ünvanına çoxsaylı təbrik teleqramları göndərilir. Millət vəkili Bədəlan kəndindəki deputat ofisində də qəbul keçirərək 50-yə yaxın seçicinin şikayətlərini dinləyib, ərizələrini qəbul edib. Müraciətlər içində əsas yeri yenə də işsizlik və ünvanlı sosial yardımla bağlı ərizələr tutub. Qəbul zamanı bir neçə ailəyə maddi yardım göstərilib, həmin gün axşam isə Ərkivan qəsəbəsində Şah Səfi məscidinin xeyir-şər evində Elmira Axundova iftar süfrəsi verərək seçiciləri ilə görüşüb, onların Ramazan bayramını təbrik edib.(üçnöqtə.az