“Speys”də növbəti biabırçılıq: “Sərt addımlar atılacaq” - MTRŞ
Tarix: 1-07-2015, 12:37 |
Çap et
“Hadisənin bütün məsuliyyəti “Speys” telekanalının çiyinlərindədir”.
Bu sözləri Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Toğrul Məmmədov “Speys” telekanalında yayımlanan “Günaydın” verilişində müğənni Mətanət Əsədova ilə Əziz Musaoğlu adlı yazar arasında yaşanan biabırçı qalmaqalla bağlı Axar.az-a danışarkən deyib:
“Milli Televiziya və Radio Şurası bu məsələni “Speys” TV rəhbərliyi ilə müzakirə edib. Rəhbərlik üzrxahlıq edərək ciddi tədbir görəcəyini öz öhdəsinə götürdü. Biz də bunu nəzərə aldıq. Şura verilən vədin əməl olunmasını gözləyəcək. Olayla bağlı ciddi tədbir görülməsə, Milli Televiziya və Radio Şurası sərt addımlar atacaq. Hadisənin canlı efirdə baş verməməsi bunun reytinq xətrinə atılmış addım olduğunu təsdiqləyir. Hətta canlı efirlərdə belə, məsələn, ANS telekanalı yayımı 4-5 dəqiqə gecikdirir və xoşagəlməz halların qarşısını alır. Hadisənin bütün məsuliyyəti “Speys” telekanalının çiyinlərindədir. Rəhbərlik bununla bağlı ciddi addımlar atmalıdır”.
“Speys” telekanalında yayımlanan “Günaydın” verilişində ifaçı Mətanət Əsədova ilə Əziz Musaoğlu arasında xoşagəlməz hallar yaşanıb. Belə ki, tərəflər efirdə bir-birinə qarşı biabırçı səviyyədə olan qeyri-etik sözlər işlədib.
Qeyd edək ki, bu, son günlər “Speys”lə bağlı ikinci qalmaqaldır. Bir müddət öncə Samir Biləsuvarlı adlı müğənninin sözügedən kanalın efirində mahnının sözlərini dəyişərək eybəcər hala salması və söyüş işlətməsi barədə sosial şəbəkələrdə yayılan video-görüntüyə də kanal rəhbərliyi reaksiya verməyib.