İşıq istəyən əhali və işıq dirəklərini satan hökumət – İrəvan GÜNDƏMİ
Tarix: 29-06-2015, 14:50 |
Çap et
Ermənistanda mitinqlər bu gün 7–ci gününə qədəm qoydu. Ayın 22–dən başlayan ümumxalq etiraz aksiyaları zamanı 1 nəfər jurnalist peşə borcunu yerinə yetirərkən öldü, 371 nəfər həbs edildi. 276 etirazçı isə polisin üzərilərinə tuşladığı bibər qazı güllələrindən və su şırnaqlarından yaralandı.
Nəticədə hələ ki, dəyişən bir şey gözə dəymir. Belə ki, hökumət birbaşa etirazlara səbəb olan elektrik enerjisinin qiymətlərinin əvvəlki vəziyyətə qaytarılması haqqında qəti qərar açıqlamadı. Bu vəziyyət hələ də davam edir. Üstəlik, mitinqlərin 2–ci günündən başlayaraq, əhali etiraz aksiyalarını 24 saatlıq tam sutkaya keçirdi.
Aksiyaçılar bildirirlər ki, tariflər əvvəlki vəziyyətinə qayıtmadan və etirazçılar azadlığa buraxılmadan onlar Azadlıq meydanından çəkilməyəcəklər. Polis isə əllərində dəyənəklə “yuxarıdan” verilən əmri gözləyir. Prezident Sarkisyan isə hələlik baş verənlərlə bağlı xalqın qarşısına çıxmayıb. Qeyd edək ki, dünənki etiraz aksiyalarında 371 dinc nümayişçi polis tərəfindən həbs edilib.
Hafta.az-ın tert.am istinadən verdiyi xəbərə görə, əhali meydanlardan çəkilmək istəmir. Polis barrikadaları dövrəsində gecə-gündüz oturaraq hökumətin işıq pulu qərarına etirazlarını bildirirlər. Hadisələrin axarından asılı olaraq polislə vətəndaşlar arasında yenə də toqquşmalar yaşanır.
Serj Sarkisyan isə dünən elektrik enerjisinə tətbiq edilən artımın dövlət tərəfindən dotasiya ediləcəyini açıqlayıb. O, 16 faizlik artımın dövlət tərəfindən dotasiya ediləcəyini bildirib. Sarkisyan aralarında etirazçıların nümayəndələrinin də qatılacağı, enerji sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə böyük bir heyətin Ermənistanın enerji şəbəkələrində şirkətində yoxlama aparacağını da deyib. Təxminən bir həftədir paytaxt İrəvanda küçə yürüşlərinə başlayan minlərlə nümayişçi prezidentinin təklifini müsbət qarşılamadıqlarını bildirirlər. Nümayişçilər isə artım faizi aradan qaldırılmayana qədər mitinqləri davam etdirəcəklərini açıqlayıblar.
Digər tərəfdən, hökumətin vəziyyəti düzəltmək üçün Ermənistanda qarşıdurmalara səbəb olan elektrik enerjisinin qiymətinin artması və hökumətin "Ermənistan elektrik xətləri"nin satışa çıxarılması xəbərləri yayılıb. Şirkət erməni əsilli rusiyalı iş adamlarına, xüsusilə də “Taşir” qrupunun sahibi Samvel Karapetyana satıla bilər.
Mənbə bildirir ki, Rusiya holdinqi artıq bununla bağlı erməni əsilli rusiyalı iş adamları, xüsusilə də “Taşir” qrupunun sahibi Samvel Karapetyanla danışıqlar aparıb. Ancaq "Ermənistan elektrik xətləri" QSC-yə yeni sahib tapmaq o qədər də asan iş deyil. Çünki balanslaşdırılmamış qiymət tarifi "Ermənistan elektrik xətləri"nin xeyli sayda borcunun olmasına səbəb olub. Etiraz edənlər isə tələb edir ki, şirkətlərin ziyanları büdcədən kompensasiya edilməsin. Maraqlıdır ki, "Ermənistan elektrik xətləri" QSC-nin məxsus olduğu Rusiyanın "İnter RAO" şirkətində isə bu məsələyə münasibət bildirmirlər. Həmçinin bildirilir ki, holdinq problemli aktivi ilə vidalaşmağa və potensial alıcılarla danışığa başlamağa hazırdır.
Bu arada məlumat üçün qeyd edək ki, "Talana yox!" aksiyası iştirakçılarına sürücülər də qoşulub. Onlar siqnallar verməklə aksiyaçılara öz dəstəklərini-həmrəyliklərini nümayiş etdirirlər.
Hafta.az–ın 1in.am-a istinadən verdiyi xəbərə görə, bu təşəbbüs Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Polis idarəsinin rəisi Valeri Qasparyan aksiya iştirakçılarına xahiş etməyə başlayıb ki, onlar bu fikirlərindən daşınsınlar və mərkəzi prospekti bağlamasınlar.
Uzunmüddətli danışıqlardan sonra yolda hərəkət nisbətən açılıb. O, elektrik enerjisi qiymətlərinin qalxmasına qarşı etiraz edənlərə müraciətlə deyib:
"Əgər vətəndaşlar qanundankənar hərəkətlərə yol verməsələr, polis xalqa qarşı heç bir güc tətbiq etməyə təşəbbüs göstərməyəcək. Siz burada ona görə canlı divarı hördünüz ki, sanki biz xalqın düşmənləriyik?! Əksinə, biz xalqın müdafiəçiləriyik. Bu bizim ümumi şəhərimizdir, paytaxtın əsas prospektlərini bağlamaq olmaz".
Onun müavini Unan Poqosyan isə jurnalistlərə bildirib ki, etiraz edənlərin arasında silahlı şəxslər aşkar edilib və onlar burada xüsusi qurğular yerləşdiriblər.