Sənətdə Qarabağ: Sanki hər şeylə razılaşmışıq...
Tarix: 26-06-2015, 12:03 |
Çap et
“Müasir ədəbiyyatda döyüşə səsləmək prinsipi əsas götürülməlidir”.
Bu sözləri tənqidçi Vaqif Yusifli Azərbaycan ədəbiyyatında son dövrlərdə müharibə mövzusunda əsərlərin yaranmaması ilə bağlı Axar.az-a danışarkən deyib:
“Təəssüf ki, Qarabağ – müharibə mövzusunda arzuladığım əsərlər elə də çox deyil. Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” əsərləri müharibə haqqında nisbətən təsəvvür yaradır. “Dolu” filmi də maraqlıdır.
Ümumiyyətlə, Qarabağ müharibəsindən bəhs edən əsərlər çox yazılmalıdır. Nə qədər geciksək, həqiqətlər bizdən uzaq düşəcək. Hərçənd, deyirlər ki, əsər müharibə qurtarandan bir neçə il sonra yazılmalıdır ki, o müharibənin mahiyyəti dərk olunsun, amma belə deyil.
Müharibəni şəxsən öz gözü ilə görən yazıçılar, jurnalistlər var. Bunları isti-isti yazmaq lazımdır. Təbii ki, belə əsərlər yazılır, amma Azərbaycan ədəbiyyatında hələ də müəyyən boşluq var – elə bir boşluq ki, müharibəni özündə yaşadan bir insan, müharibənin özünün psixologiyası, müharibədən sonrakı əhvali-ruhiyyə hansısa monumental əsərdə tam şəkildə öz əksini tapmayıb.
Müharibə haqqında ən yaxşı sözü nəsr əsərləri deyə bilər. Poeziyada müəyyən cəhdlər var, amma nəsr və dramaturgiyada bu boşluq nəzərə çarpır.
Xalq şairi Qabilin belə bir misrası var:
“Ümid sənədir ancaq, Azərbaycan əsgəri” Torpaqlarımız işğal altındadır, orda babalarımızın məzarları qalıb, torpaq özü haray çəkir, qurtulmaq istəyir. Poeziyada isə elə bil, susqunluq əmələ gəlib. Mən 90-cı illərdəki çağırışı indi görmürəm, sanki unudulub. Fransız yazıçı Napoli Nerinin belə bir sözü var: “Ədəbiyyat (poeziya) ruhu ayağa qaldırmalıdır”. Ruh olmalıdır ki, torpaqlar qayıtsın. Ruh ölübsə, mümkün olmayacaq. Bu mənada ədəbiyyat insanlarda həmin ruhu oyatmalıdır. Amma bizim poeziyada elə bir susqunluq var ki, sanki biz hər şeylə razılaşmışıq. Ona görə də işğala qarşı mübarizə motivi zəifdir”