“AXCP-nin “Yeni Müsavat”a qarşı çıxması ümumən mətbuata olan münasibətidir”
Tarix: 25-06-2015, 17:16 |
Çap et
“AXCP –nin “Yeni Müsavat” qəzetinə qarşıçıxmaqda niyyəti başqadır”.
Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, kənardan elə düşünülməmlidir ki, “Yeni Müsavat” AXCP-nin planlarına mane olur:
“Məsələnin mahiyyəti daha dərindir. 1990-cı illərdən indiyə qədər Əli Kərimli və İsa Qəmbər arasında çox ciddi gərginliklər yaşanır. Eyni zamanda Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş verən məlum qarşıdurmalar həqiqətən də qeyd olunan öncəgörmələri təsdiqlədi. Buna görə, 1993-cü ildən bu yana guya müxtəlif koalisiyalar adı altında, onları vahid masanın ətrafında toplasalar da müsavatçılar və cəbhəçilər uyuşmaz bir qüvvəyə çevrildilər. Onlar hazırda elə bil Koreyanın iki hissəsidir. Ancaq hansının nə qədər demokrat olduğunu da söyləmək olmaz. İkincisi isə Əli Kərimliyə cəmiyyətin reaksiyasına diqqət etmək lazımdır. Zamanında dövlət katibi, parlament üzvü kimi çalışan bir insanın intriqa yuvasına başçılıq etdiyi və çevrəsində çox məhdud sayda adamların qaldığı göz önündədir. AXCP Azərbaycanın istedadlı, kreativ insanları üçün cazibədarlıq kəsb etmir”.
Millət vəkili bildirib ki, artıq insanlar Əli Kərimlini lider kimi görmürlər:
“Bu isə avtomatik olaraq onda aqressiya yaradır. “Yeni Müsavat”ın onlar tərəfindən kəskin şəkildə tənqid olunmasının səbəbi, qəzetin hakimiyyətlə münasibətləri ola bilməz. Əksinə, Əli Kərimlinin siyasi keçmişi rezdentura fəaliyyəti ilə doludur. Onun konkret hansı məxfi otaqda görüşü və hansı siyasi coğrafiyada fəaliyyət aparması dəqiq bəlli məsələdir. Əli Kərimli istənilən şəraitdə sövdələşməyə özünü meyl etdirən qüvvədir. Məsələ ondadır ki, onlar düşünürlər ki,“Yeni Müsavat” kimi mühim bir tribunanı Əli Kərimlinin siyasi gələcəyinə nə üçün xidmət etmir. Bu şəxslər uzun müddət hakimiyyəti media ilə problemləri həll edə bilməməkdə, jurnalistlərə təzyiq etməkdə ittiham edirdilər. Lakin indi siz baxın ki, bu adamların hələ guya alimi sayılan Cəmil Həsənli, nə ifadələr işlədir. Ən təhqiramiz terminlər onun statuslarında yer ala bilir. Leş dartmaq nə deməkdir? Doğrudanmı hesab edirlər ki, nə qədər çox təhqir işlətsələr o qədər güclüdürlər? Bəs deyirdilər ki, bu şəxslərin kitabları Nyu-York akademiyalarında tədris olunur. Ancaq bunu biz realda görmədik. AXCP-nin “Yeni Müsavat”a qarşı səsləndirdikləri, onların mətbuata qarşı olan münasibətidir. Onlar sübut edirlər ki, Əfqanıstan müxalifəti kimi özləri ilə eyni düşünməyənləri cəzalandırmağa hazırdırlar. Bunların əlində real səlahiyyət olarsa, Rauf Arifoğluna qarşı ən böyük qəddarlıqları həyata keçirərlər. Məhz ona görə də qəzetin baş redaktor müavini Azər Ayxan çox uğurla qeyd edir ki, həmin şəxslər faşist idealogiyası ilə yaşayırlar”.