Beynəlxalq Bankı nə gözləyir? AÇIQLAMA
Tarix: 25-06-2015, 16:18 |
Çap et
Bank sektorunda baş verən hadisələrdən sonra Beynəlxalq Bank da müştərilər arasında öz nüfuzunu nisbətən itirib. Bu bankın İdarə Heyətinə sədr təyinatının da gecikməsi müəyyən sualların ortaya çıxmasına səbəb olub.
Məsələ ilə bağlı Hafta.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov, bankın İdarə Heyətinə sədr təyinatının hansı prinsiplə aparılmasından və Beynəlxalq Bankın nüfuzunu qaldırmaq üçün nə etməli olduğundan danışıb. O bildirib ki, bank bir sıra texniki dəyişikliklərlə bərabər, mətbuatla da işini gücləndirməlidir:
“Nəzərə alarsaq ki, Beynəlxalq Bankda səhmlərin 51 faizi dövlətin payına düşür. Dövlət yolunda isə Maliyyə Nazirliyi çıxış edir. Bu baxımdan bankın İdarə Heyətinə sədr təyinatında dövlətin təsir imkanları genişdir. Çünki qeyd etdiyim kimi, əsas səhmdar dövlətdir. Həmin şəxslər seçilərkən əsasən bank sektoru üzrə mütəxəsis olması daha məntiqlidir. Yeni sədr Beynəlxalq Banka olan inamı özünə qaytarmalıdır. Bu gün ən mühim çətinliklərdən biri bu banka, ümumiyyətlə bank sektoruna inamın azalmasıdır. Lakin nəzərə alaq ki, Beynəlxalq Bank ölkədə həm aktivlərin, həm əmanətlərin, həm də kredit portfelinin üçdə birini təşkil edir”.
Ekspert bildirib ki, hazırda ən əsas məsələ Beynəlxalq Bankın öz öhdəliklərini vaxtında yerinə yetirməsidir:
“Çünki əsas inamı əmanətçilər formalaşdırırlar. Əgər əmanətçi Beynəlxalq Bankın ona qarşı öhdəliklərini yerinə yetirirsə bu zaman insanlar arasında banka inam artır. İkincisi, Beynəlxalq Bankın hazırda problemli kreditlərinin həcmi olduqca böyükdür. Bunun azaldılmasına ehtiyac var. Çox təəssüf ki, Beynəlxalq Bankın kredit siyasəti qüsurlu olub. Onlar girov tələb etmədən böyük kreditlər veriblər. Beynəlxalq Bank hazırda mətbuatın gücündən də istifadə edərək, ona olan psixaloji inamı bərpa etməlidir”.