“HDP olmasaydı, AKP hökumət olmayacaqdı”
Tarix: 25-06-2015, 16:01 |
Çap et
“Türkiyədə AKP-nin iştirakı olmadan koalisiya hökumətinin qurulması gözlənilsə də, bu baş vermədi. CHP, MHP və HDP bir arada hökumət qurmaq şanslarını qaçırdılar və görünən odur ki, yeni hökumət AKP-nin “çətiri altında” qurulacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
Onun sözlərinə görə, HDP-nin göstərdiyi nəticə Türkiyədə demokratik hökumətin formalaşmasına imkan vermir:
“Bu partiya faktiki olaraq separatçılığı, PKK-nın ideyalarını təbliğ edəcək. Bu partiya ilə nə CHP, nə də MHP koalisiyaya gedə bilməz. Bu onların daşıdığı ideologiyaya ziddir. Onlar hətta istəsələr belə, HDP ilə koalisiyaya gedə bilməzlər. HDP qaliblər arasında olmasaydı, Türkiyə hökuməti AKP-nin iştirakı olmadan formalaşacaqdı. HDP qaliblər arasında olduğundan koalisiyaya əsas söz AKP-yə məxsus olacaq. Amma əvvəlki illərdən fərqli olaraq, bu dəfə AKP xeyli zəifləmiş duruma düşəcək”.
“AKP-nin hansı partiya ilə koalisiyaya gedəcəyi barədə qəti söz demək mümkün deyil” söyləyən politoloqun əsas ehtimalı CHP-dir:
“Hazırda gedən proseslər AKP-nin CHP ilə koalisiyaya gedəcəyini söyləməyə əsas verir. Ola da bilər ki, AKP digər iki partiya ilə də danışıqlar aparsın. Yəni, bu MHP də ola bilər, HDP də”.