People in Need Sarkisyanı erməni xalqından ÜSTÜN TUTUR
Tarix: 25-06-2015, 15:45 | Çap et
People in Need Sarkisyanı erməni xalqından ÜSTÜN TUTUR
Ermənistanda vəziyyət katostrafik həddə çatıb. Etirazçılar polisdən ciddi təpki görür - insanları döyür, fəalları həbs edirlər. Proses Ermənistanın daxili ilə də yekunlaşmayıb. İşğalçı ölkə sərhədlərindən də kənara çıxıb. Hətta iş o yerə çatıb ki, Gürcüstanda yaşayan bir qrup erməni iyunun 24-də Ermənistanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Məqsəd Ermənistan hökumətinin elektrik enerjisinin qiymətini artırması ilə bağlı qərarına etiraz etmək, İrəvanda keçirilən aksiyalara dəstək vermək olub.

Aksiya iştirakçıları “Sarkisyan hakimiyyətinə yox deyirik”, “Hökumət elektrik enerjisinin qiymətini artırmamalıdır”, “Etiraz aksiyalarında saxlanılanlara azadlıq”, “Əmək haqları artırılsın”, “İnsanlara azadlıq” şüarları səsləndiriblər.

Sonda aksiya iştirakçılarının bəyanatı oxunub və səfirliyə təqdim olunub.

İştirakçılar bildiriblər ki, bu gün ABŞ, Fransa, Almaniya və digər ölkələrdə yaşayan ermənilər də Ermənistanın bu dövlətlərdəki səfirlikləri qarşısında aksiyalar təşkil edib. Sadə Ermənistan vətəndaşlarının səsinə səs verib, hökumətin məlum qərarına etirazlarını bildiriblər. Etirazçılar həm də PİN, Freedom House, AŞPA kimi Qərb təşkilatlarından sadə erməni xalqının etirazlarına biganə qalmamağa çağırıb. Onlar 371 nəfərin həbs olunduğu, 4 jurnalistin barmaqlıqlar arasına salındığı, polis zorakılığının tüğyan etdiyi bir zamanda hüquq təşkilatlarının susmaqlarını anlamadıqlarını deyiblər.

Baxın, Qərb təşkilatlarından bu çağırışları azərbaycanlı parlamentarilər, siyasi mənsubiyyət sahibləri, nə də sadə Azərbaycan vətəndaşları etməyib. Elə işğalçı ölkənin xaricdə yaşayan elit ziyalı kütləsi, eləcə də işğalçı ölkədə dəyənək altında yaşayan insanlar ediblər.

Qərbin beş gündür davam edən İrəvan mitinqlərinə susmağı birmənalı qarşılanmır. Hətta iş o yerə çatıb ki, AŞPA-nın yay sessiyası zamanı da əsas gündəm Ermənistan ola – ola Azərbaycan “gündəliyə” daxil edilib. Hətta Avropalı parlamentari Debano Qrex də mətnaltı olaraq “Azərbaycandan başqa da regionda mövzular var” deyərək Ermənistanda baş verənlərə etiraz etdi. Amma şura bunu da görməzlikdən gəldi. People in Need kimi demokratiyadan dəm vuran bir təşkilatın da susduğunu qeyd etmək lazımdır. Azərbaycanda insan hüquqları pozulur deyə car çəkən bu qurumun deyəsən Ermənistanda baş verənləri dilə gətirməmək üçün yorğanının altında səngər qurub gözləyir. Bəlkə də çoxdan yatıblar, kim bilir?!

PİN və Freedom House kimi təşkilatlar Ermənistanda nələrin baş verdiyindən və hansı haqsızlıqların edildiyindən xəbərsizdirlərsə, bəyan edək, bilsinlər.

Birincisi, sizin bar-bar bağırdığınız nöqtəyə gələk; İrəvanın Maşrop və Azadlıq meydanında hadisələri işıqlandırarkən 4 jurnalistin həbs olunduğu xəbəri yayılıb ki, bunlardan ikisi fotomüxbirdir. Etirazçılarla polis arasındakı dünənki toqquşmalarda isə news.am portalının 1 əməkdaşı ağır yaralanıb. 28 yaşlı Aida Hovannisyan iki tərəf arasında çəkiliş apararkən başından yaralanıb. Nəticədə jurnalist bir müddət ayaq altında qaldıqdan sonra xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir. Bu faktın yetmədiyini düşünürsünüzə gözləyin, ardı var.

İkincisi, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hunan Poqosyan bir gün öncəki çıxışı ilə xalqı əməllicə təhqir etdi. Nazirlik sözçüsü dedi ki, həbs olunanlar buraxılmayacaq. Xalqın hər dediyini qəbul edə bilməzlər. Poqosyan əhalinin iddiasının - həbs olunan aksiyaçıların həbsinin əsassız olduğunu deməkdən də çəkinmədi. Bildirdi ki, aksiyaçılar dələduuzluq edib. Ona görə də həbs olunublar. Hətta qeyd etdi ki, azad olunmaqdan belə söhbət gedə bilməz. Poqosyanın bu bəyanatı efirə getdikdən sonra aksiaçıları daha da hiddətləndirdi. Onlar hökumət evinin qarşısında sədd də çəkdilər. Amma heç nə dəyişmədi. Zorakılıq davam etdi. Bir daha qeyd edək ki, hələ də davam edən aksiyalar zamanı 371 nəfər aksiyaçı polis tərəfindən saxlanılıb. Onların hamısı içəridədir, barmaqlıqlar arasında. Etirazları isə sosial ağırlığa qarşı olub. Buna da susursunuzsa daha sizə nə sözüm olsun ki? Hə, lap unutmuşdum, əsas məsələ yaddan çıxmışdı. Dünən olan bu hadisə heç Afrikanın quldar Tanzaniyasında da baş verməmişdi ki, işğalçı deməyə çəkindiyiniz Ermənistanda baş verdi. Hətta BBC belə bundan yazdı. Maşrop meydanında gedən yolda Baqramyan küçəsini bağlayıb “süpürgə əhvalatını” deyirəm.. “Azadlıq”da qalan aksiyaçılara polis güc tətbiq edib. Üstəlik polis aksiyaçılardan bir qrupunu məcburi işə cəlb ediblər.

Xüsusi təyinatlı dəyənəklilər gənc mitinqçilərə dünən aksiya zamanı “zibillədikləri” yolları süpürməyə məcbur ediblər. Etirazçılar ilk olaraq buna qarşı təpki göstərsələr də, sonradan zorakılıq qarşısında boyun əyməli olublar.

Hə, buna nə sözünüz var?

Həmin polis zorakılıqları ölkəmizdə baş versəydi, Qərb qurumları bizə qarşı ən kəskin bəyanatlarla çıxış edər, nəzarətlərində olan bütün xarici media qurumlarını əleyhimizə yazmağa vadar edərdilər.

Millət vəkili Azər Badamovun sözlərinə görə, Qərb təşkilatlarının Ermənistanı hər nə olursa sığallanmasının, Azərbaycanı isə adi ölkədaxili məsələlərdən qınaq obyektinə çevirməsinin yalnız bir məqsədə xidmət etdiyini deyib:

“Beynəlxalq təşkilatlara, əslində dünyaya, supergüclərə heç də insan haqları, hüquq və azadlıqların təmin olunması, demokratiya maraqlı deyil. Onları ancaq özlərinin maraqları, dünyaya nəzarəti həyata keçirmək və bunu nəyin bahasına olursa- olsun gerçəkləşdirmək iddiaları maraqlandırır”.

Hafta.az-ın olaylara.az-a istinadən verdiyi xəbərə görə, millət vəkili deyib ki, , beynəlxalq təşkilatlar tərəfindən ölkələrə yanaşmalar müxtəlifdir. Azərbaycan müstəqil, inkişaf edən, dövlət siyasəti xalq tərəfindən dəstəklənən, dünyada haqqın- ədalətin tərəfdarı olan, beynəlxalq hüquqa böyük hörmətlə yanaşan ölkədir. Ona görə də belə bir güclü, müstəqil dövlətin yaranmasına, yaşamasına bəzi qüvvələr və onlara xidmət edən beynəlxalq təşkilatlar böyük qısqanclıqla yanaşır, daim şər -böhtanla çıxış edirlər:

“Ancaq bizdən fərqli olaraq Ermənistan aqresiyyalar törədən, insan haqlarına məhəl qoymayan, tənəzüllə doğru gedən və xüsusi maraqlara xidmət edən bir qrup terrorçunun əlində cəmləşən bir ölkədir. Bu ölkə daxilində nə olursa- olsun, nə baş verirsə-versin sanki qeyd etdiyim qüvvələrə və beynəlxalq təşkilatlara heç bir aidiyyatı yoxdur. Çünki Ermənistanı idarə edən məhz bu terrorçu, əli qana bulaşmış insanlar onların maraqlarını dünyada həyata keçirməyə yardımçı olurlar. Ona görə də dünyada insan hüquq və azadlıqlardan danışan beynəlxalq təşkilatlar Ermənistanda baş verənlər qarşısında susur. Bu təşkilatlar siyasi sifarişləri müəyyən dairələrdən alırlar. İndiki sifariş isə susmaqdır və ona əməl etməlidirlər”.

Bütün erməni müxalif mediası polis zorakılığını açıq-aşkar ortaya qoyan şəkillər paylaşmasına, bunun müxtəlif dillərdə şərhlərlə sosial şəbəkələrdə də yayılmasına baxmayaraq, ABŞ səfirinin bu cür həqiqəti təhrif edən və Ermənistan hakimiyyətinin işinə yarayan açıqlama verməsi olduqca qəribə və gülüncdür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net