Nüfuzlu Macarıstan dərgisində I Avropa Oyunları ilə bağlı geniş məqalə dərc edilib
Tarix: 25-06-2015, 14:32 |
Çap et
Macarıstanın nüfuzlu həftəlik “The Budapest Times” adlı dərgisində Birinci Avropa Oyunları ilə bağlı geniş məqalə dərc edilib. Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə ilk Avropa Oyunlarında iştirak edən ölkələr, eləcə də idmançılar və yarışlar barədə müfəssəl məlumat verilib.
Macarıstanın yarışlarda 200 idmançı ilə təmsil olunduğu vurğulanıb. Müəllif Avropa Oyunlarının əhəmiyyətindən bəhs edərək, Oyunların bir çox idman növləri üzrə Braziliyada keçiriləcək növbəti yay Olimpiya Oyunları - Rio-de-Janeyro-2016-da iştirak üçün lisenziya verdiyini xatırladıb.
Məqalədə Bakıdakı Birinci Avropa Oyunlarının təşkilinə kimi Avropanın bu səviyyədə beynəlxalq idman yarışları keçirilməyən yeganə qitə olduğu göstərilib. Pan-Amerikan Oyunları (Toronto, Kanada), Afrika Oyunları (Brazzavil, Konqo), Sakit okean Oyunları (Port Moresby, Papua Yeni Qvineya), yaxud Asiya Oyunları (İnçeon, Cənubi Koreya) nümunə kimi qeyd olunub. Daha sonra, Avropa Oyunlarının keçirilməsi ideyasının yaranmasından, Azərbaycanın öz namizədliyini irəli sürməsindən və hazırlıq prosesindən ətraflı bəhs edən müəllif Bakının gözəlliyini xüsusi vurğulayıb. Məqalədə Azərbaycanın müstəqilliyini əldə etməsi, keçid dövrü, Ermənistanla müharibə şəraitində olması və s. kimi məsələlər oxucuların diqqətinə çatdırılıb. Ölkənin zəngin neft-qaz ehtiyatına malik olması və düzgün aparılmış daxili və xarici siyasət nəticəsində inkişafı qeyd olunub, Azərbaycanın Avroviziya müsabiqəsində (2012) olduğu kimi, Avropa Oyunlarına da uğurla ev sahibliyi etdiyi yazılıb.
Məqalədə Bakı-2015 üçün seçilmiş atributların geniş təsviri verilib və hər birinin daşıdığı anlam dəqiqliyi ilə oxucuların nəzərinə çatdırılıb. Daha sonra, idman yarışlarının keçirildiyi məkanlar barədə ətraflı qeyd olunub, idmançılar üçün yaradılmış şəraitin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Bakını alovlar içərisindən yüksələn Simurq quşuna bənzədən müəllif Lee Reaney Bakı bulvarı, Bayraq meydanı, Xalça muzeyi və s. görməli yerlər barədə də geniş məlumat verib, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirib.