Kamilə Əliyeva: “Ölkəmiz bir tarix yazdı, bu barədə hələ uzun müddət danışılacaq”
Tarix: 25-06-2015, 10:13 |
Çap et
“Azərbaycan daha bir sınaqdan üzüağ çıxdı. Ölkəmiz birinci Avropa Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi edərək, bütün Avropanı təəccüb qoydu”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.
Onun sözlərinə görə, birinci Avropa Oyunları ölkəmizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi:
“Birinci Avropa Oyunları öz startını Azərbaycandan götürdü. Bundan sonra nə qədər Avropa Oyunları keçirilsə, Azərbaycan xatırlanacaq. Çünki ölkəmiz bu oyunları ən yüksək səviyyədə təşkil etdi. 6 mindən artıq öz gücünü sınamaq üçün ölkəmizə təşrif buyurdu. Dünyanın aparıcı televiziya və informasiya resursları öz kameralarını Azərbaycana çevirdi. Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycan gerçəkliyinin sadəcə olaraq səhifələrindən biridir. Amma bu səhifə kifayət qədər möhtəşəmdir. Avropa Oyunlarını təşkil etmək çox çətin, çox mürəkkəb və çox məsuliyyətli bir işdir. Azərbaycan təkbaşına bunun öhdəsindən cəmi iki il yarıma gəldi və qarşıda Azərbaycanı daha böyük yarışlar, daha böyük beynəlxalq tədbirlər gözləyir. Açıq şəkildə demək olar ki, Ölkəmiz bir tarix yazdı. Bu barədə hələ uzun müddət danışılacaq”.