Pulunu ver, silahını al: Qanun “hə” deyir, DİN isə...
Tarix: 23-06-2015, 18:14 | Çap et
Pulunu ver, silahını al: Qanun “hə” deyir, DİN isə...
Azərbaycanda qanunvericilik adi vətəndaşlara sərbəst şəkildə silah almağa imkan verir/ Belə ki, ölkədə pnevmatik silahların mağazada sərbəst satışına qadağa qoyulmayıb.

"Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu"nda da göstərilir ki, pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur.

"Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə verilmiş ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir", - deyə qanunda deyilir.

DİN: "Qadağan deyil, amma icazə verilmir"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Azərbaycan vətəndaşlarına pnevmatik tapancanın gəzdirilməsinin qanunla qadağan olunmadığını təsdiq edib. Amma bununla bağlı qeyri-rəsmi olaraq qadağa mövcuddur.

E.Zahidovun sözlərinə görə, bu cür silahların cinayətə meylli şəxslərin əlinə keçməsi, ondan istifadə edərək vətəndaşlara qarşı xuliqanlıq hərəkətlərinin edilməsi hallarına praktikada rast gəlinir.

"Odur ki, bu kimi amillər, xüsusən də vətəndaşlarımızın təhlükəsizliyi nəzərə alınaraq pnevmatik silah gəzdirilməsinə icazə verilmir. Yəni vətəndaşların təhlükəsizliyi bir-iki nəfərin tapança gəzdirməsi arzusundan qat-qat önəmlidir", - deyə DİN rəsmisi vurğulayıb.

Odur ki, əgər vətəndaşda pnevmatik tapança aşkar olunarsa, dərhal həmin silah müsadirə olunur. "Şəxs pnevmatik silahla konkret cinayət başında yaxalanırsa, yəni pnevmatik tapança hansısa cinayət aləti olarsa, sözsüz ki, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur. Yəni vətəndaşlar pnevmatik tapançanın gəzdirilməsinə görə cinayət məsuliyyəti daşımasalar da, bu silahın gəzdirilməsinə, saxlanılmasına da icazə verilmir".

Pnevmatik silahın Azərbaycana gətirilməsi dayandırılıb

Azərbaycanda silah satışı dükanlarında pnevmatik tapançanın satışda olmadığını deyən DİN rəsmisinin sözlərinə görə, ümumiyyətlə bu silahın Azərbaycana gətirilməsi də dayandırılıb. "Ola bilər ki, kimsə pnevmatik tapançanı qanunsuz yolla əldə etsin. Amma silah satışı dükanlarında bu növ silaha rast gəlinmir. Buna baxmayaraq, hər hansı vasitə ilə kimsə əldə etdiyi silahla soyğunçuluq, xuliqanlıq edirsə və ya vətəndaşa ağır bədən xəsarəti yetirərsə həmin şəxsə cinayət işi açılır. Odur ki, pnevmatik tapança qanunla qadağan olunmasa da, törədilən cinayət faktlarının təhlilinə əsasən bu tip silahın gəzdirilməsinə, saxlanılmasına icazə verilmir".

Ekspert: "Hüquq-mühafizə orqanları da hərdən pnevmatik silahı odlu silahdan ayıra bilmirlər"

Qanunda məhz pnevmatik tapançanın gəzdirilməsi ilə bağlı boşluqların olduğunu deyən keçmiş polis polkovniki, ekspret Mahmud Hacıyevin sözlərinə görə, odlu silahın alınmasında qanunda hansı maddələr nəzərdə tutulursa, pnevmatik silahın gəzdiriləsində də eyni maddələr keçərlidir.

"Uzun müddət qanunda pnevmatik silahların gəzdirilməsi ilə bağlı qanun qəbul olunmadı. Ona görə də silahın bu növünü gəzdirənlərin sayı da hədsiz dərəcədə artdı. Bu kimi hallar nəzərə alınaraq pnevmatik silahın gəzdirilməsi qanunla tənmizləndi. Elə hallar var ki, bu tip tapançanın gəzdirilməsi əldə olunması cinayət məsuliyyəti daşıyır".

Ekspertin sözlərinə görə, xarici görünüşünə görə odlu silahdan heç nəyi ilə fərqlənməyən pnevmatik silah yalnız xəsarət yetirməyi ilə fərqlənir. "Məsələn, çoxları bu silahdan istifadə edib quldurluq edir, müxtəlif cinayətlər törədirdilər. Hətta hüquq-mühafizə orqanları belə, hərdən pnevmatik tapançanı odlu silahdan ayıra bilmirlər. Ona görə də bu silahın gəzdirilməsi, onun hansı məqamlarda istifadə olunması qanunla tənzmilənir. Bütün bunlar qanuna sonradan artırılan əlavələrdir".

"Qanunvericilikdə boşluqlar var"

Sovetlər birliyi dağılandan sonra son 5 ildə inzibati qanunvericiliyə, istərsə də cinayət qanunvericiliyinə pioner maddələrin əlavə olunduğunu deyən Mahmud Hacıyev qeyd edib ki, sovetlər dönəmində olmayan müəyyən qanunvericiliklərə edilən əlavələrdə boşluqlar var. Onun sözlərinə görə, Cinayət Məcəlləsində pnevmatik tapançanın qeri-qanuni gəzdirilməsi ilə bağlı maddə yoxdur.

"Ölkənin demokratikliyi ən çox onunla təzahür edilir ki, qəbul olunan qanuna uzun müddət əlavə və dəyişikliklər olunmur. Halbuki, bizdə qanun qəbul olunan qanunun "qırxı" çıxmamış ona əlavə və dəyişikliklər edilir. Təəssüflər olsun ki, beş-altı aydan sonra yenə də görürlər ki, qanundakı boşluqlar tam dolmayıb yenidən ona əlavələr edirlər. Təbii ki, pnevmatik tapançanın gəzdirilməsi ilə bağlı da qanunda boşluqlar var. Odlu silahın alınmasına görə qanunda hansı maddələr nəzərdə tutulursa, pnevmatik silahın gəzdiriləsində də eyni maddələr keçərlidir. Odlu silahların gəzdirilməsi ilə bağlı ayrıca qanun olduğundan pnevmatik tapançanın qeri-qanuni gəzdirilməsi ilə bağlı ayrıca maddə yoxdur. Ola bilər ki, vətəndaş pnevmatik silahla hansısa cinayət tərkibli əməl törədir, ona bu onun barəsində açılan cinayət işində ağırlaşdırıcı hal kimi nəzərə alınır".

Pnevmatik silah - sıxılmış havanın və ya qazın təzyiqindən yaranan enerji hesabına gülləsi stiqamətlənmiş hərəkət edərək, hədəfə məsafədən zədə yetirmək təyinatına malik olan silahdır.(modern.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net