“Zakir Həsənov da yeni nazirdir, Mikayıl Cabbarov da” – Jurnalistlər danışır
Tarix: 22-06-2015, 14:59 | Çap et
“Zakir Həsənov da yeni nazirdir, Mikayıl Cabbarov da” – Jurnalistlər danışır
Editor.az “Məmurlar jurnalistlərin gözü ilə” adlı yeni rubrikaya start verir. Hər həftə oxucuların görüşünə gələcək rubrikada ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər müxtəlif sahələrə rəhbərlik edən məmurların fəaliyyəti ilə bağlı fikirlərini Editor.az-a bölüşəcəklər.

Rubrikanın növbəti qonağı Təhsil naziri Mikayıl Cabbarovdur.

Dosye: Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb. 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. İqtisadi İnkişaf Nazirinin müavini, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib.

Elşad Paşasoy (“Yeni Müsavat” qəzeti):

Daha yaxşı olar sorğuda bu sahəni araşdıran jurnalistlər iştirak etsin. Mən sadəcə müşahidəçiyəm və təhsilin vəziyyəti də göz önündədir. Hələ ki, qeyri-adi bir dəyişiklik görmürəm. Misir Mərdanov heç olmasa telefon zənglərinə cavab verirdi, mətbuata açıq idi.

Nicat Dağlar (Azerfax.az):

Təhsil sistemində nəzəraçarpacaq irimiqyaslı dəyişikliklər müşahidə olunmasa da, ishlatlara meyillilik və təhsilin ümumi səviyyəsinin artırlmasına yönəlmiş müəyyən addımlar sezilməkdədir. Eyni zamanda, təhsil müəssisələrində uzun müddət hökm sürmüş "süpürgəpulu" kimi tələblər də artıq aradan qalxmaqdadır. Amma görüləsi çox işlər var. Ötən illər ərzində kök atmış bir sıra problemlər var ki, onların aradan qaldırılması üçün vaxt lazımdır. Zənnimcə Mikayıl Cabbarovun fəaliyyətinə qiymət vermək üçün kifayət edəcək zaman hələ ötməyib. Ümid edirəm ki, həmin zaman yetişəndə ortada kifayət qədər əsas olacaq ki, Mikayəl müəllimin fəaliyyətinə yüksək qiymət verək.

Elməddin Muradlı (“Üç Nöqtə” qəzeti):

Baxmayaraq ki, Mikayıl Cabbarov müəyyən islahatlar həyata keçirdi, onunla bağlı gözləntilərim özünü doğrultmadı. Həyata keçirdiyi bəzi islahatlar isə çox təəssüf ki, nəticəsiz qaldı. O ki qaldı onun bir insan kimi xüsusiyyətlərinə, Mikayıl Cabbarovu pozitiv məmur kimi xarakterizə edirəm. Mikayıl Cabbarovda yeni nazirdir, Zakir Həsənovda. Baxın görün nə qədər fərq var? Əfsuslar olsun ki, təhsil sistemində hələ də ciddi dönüş yoxdur.

Qafqaz Ömərov (Ölkə.az):

Misir Mərdanovun vaxtında olduğu kimi, Mikayıl Cabbarovun vaxtında da təhsildə ciddi islahatlar aparılmadı. Baxmayaraq ki, ondan gözləntilər böyük idi, təhsildə heç bir irəliləyiş olmadı. O, təəssüf ki, sələfindən heç nə ilə fərqlənmir.

Hacıbəy Heydərli (Azxeber.com):

Mikayıl Cabbarov nazir təyin olunanda bu cəmiyyətdə böyük sevinclə qarşılanmışdı. Çünki Mikayıl müəllim xaricdə təhsil alan gənc və təcrübəli kadr idi. Düşünürəm ki, nazir təhsildə islahatlar aparmağa çalışır. Ancaq bu 2-3 illik proses deyil. Buna zaman lazımdır. Düşünürəm ki, qısa müddətdir bu vəzifəyə təyinat almasını nəzərə alaraq, Mikayıl Cabbarovla bağlı ciddi rəy bildirmək hələ tezdir.

Ədil Hüseynli (Bizimxeber.az):

Açıq deyəcəm, mən onu Təhsil naziri postunda görmürəm. Bu bəlkə də mənim subyektiv fikrimdir. Amma O, fəaliyyət göstərdiyi müddətdə heç bir ciddi uğura imza atmadı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net