Prezidentlə fotosu yayılan Qarabağ qazisi ilə müsahibə
Tarix: 22-06-2015, 14:39 | Çap et
 Prezidentlə fotosu yayılan Qarabağ qazisi ilə müsahibə
Bakıda keçirilən I Avropa Oyunlarını əlil arabasında işıqlandıran yeganə fotoqraf, 1-ci qrup Qarabağ qazisi İlham Məhərrəmovun prezident İlham Əliyevlə görüşməsi və birgə fotolarının yayılması mediada maraqla qarşılanıb.
Musavat.com sosial şəbəkələrdə paylaşılan bu fotoya olan marağı nəzərə alaraq İlham Məhərrəmovla müsahibəni təqdim edir.
- İlham bəy, əvvəlcə özünüzü təqdim edin, oxucularımız sizi tanısın.

- Mən 1971-ci ildə doğulmuşam. Sovet ordusunda Moldovada hərbi xidmət keçmişəm. Mən ordudan qayıdanda artıq Qarabağ müharibəsi başlamışdı, torpaqlarımız erməni işğalına məruz qalmışdı. Mən də buna səssiz qala bilməzdim və könüllü olaraq 21 yaşımda Qarabağa döyüş bölgəsinə yollandım. 23 yaşımda ikən ağır yaralandım. Bədənimdə 30-a yaxın mərmi yarası var. O gündən əlil arabasına məhkum oldum. Ancaq bu mənim ictimai aktivliyimə mane olmadı, 10 il əvvəl kamandan ox atma üzrə respublika çempionu olmuşam. Hazırda saglamlıq imkanları məhdud şəxslər üçün peşə reablitasiya mərkəzində müəllim işləyirəm. Parolimpiya komitəsinin koordinatoruyam. Həmçinin “Arabaçı TV”-nin rəhbəriyəm Televiziyamızda 10 nəfər könüllü işçi ilə çalışırıq. Avropa Oyunlarına 20 nəfər əlilliyi olan insanı könüllü kimi cəlb etmişəm, özüm də qrup rəhbəriyəm. Kristal Holl-da media qrupunun üzvüyəm.

- İlham bəy, ölkə başçısı ilə görüşünüzü gözləyirdinizmi, necə oldu ki, bu foto çəkildi?

- Əslində bilmirdim necə olacaq? Mən sadəcə hər gün əlimdə fotoaparatla orada idman yarışlarını çəkirdim. Bu arada onlarla tanınmış insanla şəkil çəkdirmişdim. Xüsusən də nazirimiz Səlim Müslümov məni görəndə çox sevindi. Çünki əliliyi olan insanın işləməsi sosial siyasətin bir uğurudur. Onu da qeyd edim ki, idman zalları əlillərin hərəkəti üçün çox rahatdır. Prezident İlham Əliyevlə rastlaşanda onun şəklini çəkmək istədim. O isə məndən fotoaparatı alıb köməkçisinə verdi və dedi ki, bizim şəklimizi çək. Bu da arenadakı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

- Təəssüratlarınız necə oldu, aranızda nə dialoq keçdi?

- Etiraf edim ki, həmin an çox həyəcanlandım. Mənimlə şox səmimi və mehriban söhbət etdi. Mən dedim ki, cənab prezident, sizinlə görüşmək istəyirəm. O da dedi ki, neçə gündür səni görürəm, izləyirəm, mən də səninlə görüşmək istəyirəm. Mən vizit kartımı verdim, prezindet bildirdi ki, səninlə görüşəcəyəm.

-İlham bəy, hazırda əngəlli insanların bir çox problemləri var və bu görüş sizin üçün bir fürsət yaradır. Ölkə başçısı ilə görüşdə hansı problemləri irəli sürməyi düşünürsünüz?

-Bilirsiniz, mən özüm 21 ildir əlil arabasındayam, əlillərin bir çox problemləri var ki, onları prezindetə demək istərdim. Əsasən fiziki məhdudiyyətli insanlar üçün iş yerlərinin açılmasını istərdim. Mən özüm də orada göstərdim ki, biz zəhmətdən, əziyyətdən qorxmuruq, bizə şərait yaradılsa çalışarıq və çalışmaq istəyirik.

-Bu foto əngəlli insanlar üçün bir ümid oldu. Sizcə, ölkə başçısının bu diqqətindən sonra əngəlli insanların durumunda hansı dəyişikliklər ola bilər?

- Mən bu işimin effekt verəcəyini bilirdim. Bu səbəbdən oyunların başlamasından 5-6 ay əvvəl bir iş planı tərtib etdim. Məqsədim ilk olaraq əlilliyi olan insanları könüllülüyə cəlb etmək, həmçinin bu qrupdan olan şəxsləri oyunlara dəvət etmək, idman zallarında insanlarla daha çox ünsiyyətdə olmaqla ictimai həyata adabtasiyalarına yardım etmək idi. Çünki, “Arabaçı TV” olaraq bizim məqsədimiz əliliyi olan insanların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Əlillər və cəmiyyət, əlillər və məmurlar arasında körpü olmaqdır. Bu planın əsas hissəsi baş tutdu. Bu foto yetərincə diqqət çəkdi. Cəmiyyətin əlillərə baxışı dəyişdi. Mən burada tək özümü deyil, 630 min əlilliyi olan insanı təmsil etdim. Artıq heç kim əlilə dilənçi, yazıq kimi baxmayacaq. Bundan sonra özünə qapanan, cəmiyyətə inami olmayan əlillər də mənə baxıb daha pozitiv və aktiv olmağa can atacaq. Növbəti dəfə ölkəmizdə İslam Oyunları keçiriləndə hər kəs idman zallarında onlarla əlil arabasında fotoqraf, yüzlərlə əlilliyi olan könüllü, yüzlərlə əlilliyi olan tamaşaçı görəcək. Bizim məqsədimiz budur.

-Cəmiyyətə vermək istədiyiniz hər hansı mesajınız varmı?
- Mən evində əlil övladı olan valideynlərə səslənirəm, övladlarınızı cəmiyyətdən kənarda saxlamayın, onları evlərdə gizlətməyin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net