“Dostluq parkı”nda neçə villa sökülüb? - AÇIQLAMA
Tarix: 22-06-2015, 12:18 |
Çap et
““Dostluq parkı”nda söküntü işləri davam etdirilir, uçurulan villaların dəqiq sayını deyə bilməyəcəm”.
Bunu Modern.az saytına Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Səbail rayonu ərazisindəki “Dostluq” parkında sökülən villalar barədə danışarkən deyib.
Qurum rəsmisi qeyd edib ki, sökülən villaların yerində ağaclar əkilir: “Artıq çox sayda ağac əkilib. Bundan sonra ərazi, əvvəlki qaydada park kimi istifadə ediləcək”.
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclası zamanı ölkə başçısı İlham Əliyev bir çox məsələləri sərt tənqid etmişdi. Səbail rayonu, “Dostluq parkı” deyilən ərazidə tikilən villaların sökülməsilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova göstəriş vermişdi. Meriya göstərişə əsasən, işlərə başlayıb. Hacıbala Abutalıbov bir müddət öncə ki açıqlamasında artıq 45 villanın söküldüyünü demişdi.
Qeyd edək ki, hadisələrin ilk günlərində görülən işlər haqda mediaya həvəslə cavab verən Hacıbala Abutalıbov son günlər KİV nümayəndələrindən uzaq gəzməyi üstün tutur.
Yeri gəlmişkən, bir neçə gün öncə "Dostluq" parkının ərazisinin qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən iş adamı Tərlan Kərim oğlu Hüseynov tutularaq istintaqa cəlb edilib. Məlumata görə, T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.