Tələbələr nazirlikdən attestatlarını geri istəyir...
Tarix: 18-06-2015, 17:54 |
Çap et
«Diplom bir tərəfə, 5 ildir mən Təhsil Nazirliyindən attestatımı ala bilmirəm. Heç bir səbəb göstərmədən bizim attestatları qaytarmırlar».
Ruslan Nəsirli fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin tələbəsi olub. 2010-cu ildə universiteti bitirib. Deyir ki, nəinki diplomunu, 5 ildir attestatını da ala bilmir: «Diploma görə, hərbi xidmətdə 1 il 6 ay oldum. Qayıdanda sonra işə düzəlmək istədim. Amma dedilər ki, bizə diplom verilməyəcək. Sonradan digər işlərə baş vurdum, onda da attestat tələb etdilər. Neçə ildir get-gəldəyik, hələ də attestatımı qaytarmırlar. Başa düşmürəm, bizim attestatları neçə ildir niyə nazirlikdə saxlamalıdırlar ki?».
NAZİRLİK ATTESTATLARI QAYTARMAĞA BAŞLAYIB...
Ruslan Nəsirli 2006-cı ildə ABU-nun maliyyə ixtisasına daxil olub. İldə 600 manat təhsilhaqqı ödəyib. 2010-cu ildə - universiteti bitirdiyi il ABU bağlanıb.
ABU-da təhsili yarımçıq qalan Ruslan kimi digər tələbələrin sənədləri də Təhsil Nazirliyindədir. Təhsil Nazirliyi bildirir ki, attestatını almayanlar Nazirliyin 146-1 saylı «Qaynar xətt»ində qeydiyyatdan keçəndən sonra həftənin 2-ci və 3-cü günləri müvafiq sənədlərini geri ala bilərlər.
İndiyədək nazirliyə 404 nəfər müraciət edib. Onlardan 243 nəfərin attestatı qaytarılıb.
Amma Ruslan deyir ki, Təhsil Nazirliyinə 8 ay əvvəl müraciət edib, hələ də onunla əlaqə saxlanılmayıb... (azadliq.org)