"Hələ də həyəcan içindəyəm" - Toğrulun anası
Tarix: 18-06-2015, 16:57 |
Çap et
Bakı 2015 I Avropa Oyunlarının qalibi Toğrul Əsgərovun ailəsinin sevincinin həddi-hüdudu yoxdur
Bakı 2015 İlk Avropa Oyunlarında Gəncə sakini Toğrul Əsgərovun qızıl medal qazanması bütün idmansevərlərlə yanaşı, Əsgərovlar ailəsinin də sevincinə səbəb olub. Ailə üzvlərinin bir qismi güləşçinin uğuruna birbaşa yarışların keçirildiyi Heydər Əliyev İdman Sarayında şahidlik etsə də, anası və digər doğmaları evdə televizor vasitəsilə Əsgərovu izləyib. London Yay Olimpiya Oyunlarının qalibinin medal kolleksiyasını qitə oyunlarının baş mükafatı ilə zənginləşdirməsi ailə üzvlərinə sözlə ifadə olunmayacaq hisslər yaşadıb. Əsgərovlar ailəsinin qonağı olan Kəpəz TV (Region TV) əməkdaşları Toğrulun uğuru ilə bağlı yaxınlarının fikirlərini öyrənib.
İnarə Hüseynova, Toğrul Əsgərovun anası: "Sevincimin həddi-hüdudu yoxdur. Danışa da bilmirəm. Hələ də həyəcan içindəyəm. Gəncəbasar camaatına, müəllimlərinə, prezidentimizə ona dəstək olduğuna görə minnətdaram. Prezident onu alqışladı, bağrına basdı. Ana üçün bundan artıq nə ola bilər? Qoy analar həmişə bu sevincə sevinsin!"
Solmaz Quliyeva, Toğrul Əsgərovun xalası: "Səhər tezdən Toğrulun müsahibəsinə qulaq asdım. Birinci sözü o oldu ki, əvvəldən qızıl medalı götürməyə çalışırdım. Bu, çox fərəhləndiricidir. Prezidentimiz də çox sağ olsun, ona ürək-dirək verib. Toğrul da ümidləri doğrultdu".
Ayla Məmmədova, Toğrul Əsgərovun bacısı: "Çox həyəcanlı idik. Onun qalib gələcəyinə inanırdıq".