Ermənilər Avropa Oyunlarından niyə narazıdır?
Tarix: 18-06-2015, 10:58 |
Çap et
Bir sıra erməni idmançıların evə dönərək Bakıda onlara heç bir psixoloji təzyiq edilmədiyini və Avropa Oyunlarının yaxşı təşkil edildiyini söyləməsindən sonra İrəvanda vəlvələyə düşdülər. Özünü ekspert adlandıran, amma hansı sahə üzrə ekspert olduğunu özü də bilməyən hansısa Anjela Elibeqova "Sputnik Armenii" radiostansiyasının efirində bildirib ki, "bizim ölkə Bakıdakı Avropa oyunlarına qatılmamalıydı". Anjela ekspertin (ona xanım deməyə dilim gəlmir - müəllif) iddiasına görə, erməni tərəfi Azərbaycanın spekulyasiyasına uymamalıydı. "Təbii ki, Avropa oyunları Bakı üçün növbəti piar kampaniyasıdır",- deyə o vurğulayıb.
Bunda pis nə olduğunu heç kim bilmir, ən əsası ekspert fikrini dəqiqləşdirməyib.
Parlaq açılış mərasimi, Azərbaycan idmançılarının Avropa oyunlarında uğurları erməni siyasətçilərini narahat eləyib. Onlar nəzarətlərindən olan mətbuat qurumlarına əmr veriblər ki, oyunları gözdən salsınlar. Güləş xalçasında Belarus və Gürcüstan idmançıları dalaşıblar və erməni mətbuatı bunda Bakını günahlandırır.
Ümumiyyətlə, onlar iddia edir ki, hər şey çox pisdir: vəziyyət də, hakimlər də. Ən başlıcası, erməni nümayəndə heyəti keçəndə bəzi tamaşaçılar fit çalıblar. Erməni jurnalistlərin fikrincə, onların idmançılarını duz-çörəklə, güllə-çiçəklə qarşılamalıydıq. Xüsusilə də, erməni siyasətçiləri və şəxsən keçmiş terrorçu, indiki prezident Serj Sarkisyanın Dağlıq Qarabağda və başqa işğal edilmiş rayonlarda törətdikləri əməllərdən sonra.
Ermənistan nümayəndə heyətinin başçılarından biri olan Karen Qaloyan İrəvanda bildirib ki, belə çətin şəraitdə yaxşı nəticələr göstərmək çox çətindir. Halbuki, məhz o, bir neçə gün öncə erməni radiostansiyalarının birinin efirində bildirmişdi ki, oyunlar pis getmir və erməni nümayəndə heyəti təhlükəsizlik səviyyəsindən razıdır. Amma ermənilərdə, xüsusi də siyasətçilərdə artıq bir cür düşünüb, başqa cür danışmaq ənənəyə çevrilib. Biz artıq bir dəfə məşhur atalar sözünü xatırlatmışıq: "İt hürər, karavan keçər".
Mən səmimi qəlbdən bir sıra erməni idmançıların halına acıyıram. Onlar kişi kimi öz vətənlərində bildirmişdilər ki, onlara qarşı heç bir psixoloji təzyiq olmayıb və Avropa Oyunlarının təşkilat səviyyəsindən çox razıdırlar. Təbii ki, bu vicdanlı oğlanlar düz danışdıqlarına görə Ermənistan yığmasından çıxarılacaqlar. Çünki erməni siyasətçiləri artıq onları satqın sayırlar.