“Dəmirəl Rusiyadan qorxurdu..., özünə qəbir qazdırmışdı”
Tarix: 17-06-2015, 15:48 | Çap et
“Dəmirəl Rusiyadan qorxurdu..., özünə qəbir qazdırmışdı”
“Süleyman Dəmirəl öz dövrünün ən görkəmli siyasətçilərindən idi. Türkiyə tarixində yeganə siyasətçi idi ki, 5 dəfə hakimiyyətə gəlib, daha sonra hakimiyyətdən uzaqlaşdırılıb və 6-cı dəfə prezident seçilib”.

Bu fikirləri AzVision.az-a Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

S.Dəmirəlin ölümündən kədərləndiyini deyən Q.Hüseynli onun güclü siyasi lider olduğunu vurğulayıb.

“Dəmirəl seçiciləri ilə işləməyi bacarırdı. Onların dilini asanlıqla tuturdu. Yadımdadır ki, ilk dəfə hakimiyyətə gələndə hamıya vəd etmişdi ki, iki otaqlı ev və uzun müddətlik maşın veriləcək. Yeri gələndə populizmdən məharətlə istifadə edirdi. 5 dəfə baş nazir olan Dəmirəl koalisyon hökumətlərlə çox ustalıqla işləyirdi”.

Politoloqun fikrincə, Dəmirəlin Qərb dünyası ilə çox geniş əlaqələri var idi.

“Amerika və NATO ilə Türkiyənin münasibətləri onun dövründə çox yüksək səviyyədə qurulmuşdu. Dünyəvilik prinsipləri çox qorunurdu.

Dəmirəl dövrünün siyasi sistemində daha çox əsgərlərin və ordunun ağırlığı siyasətdə hiss olunsa da, bu münasibətləri tənzimləməyi bacarırdı. O, çox ustalıqla hərəkət edirdi”.

Q.Hüseyinli həmçinin Azərbaycanla Türkiyə arasında münasibətlərin formalaşmasında sabiq prezidentin rolunun böyük olduğunu deyib.

“Heydər Əliyev ilə Dəmirəl arasında çox böyük dostluq var idi. Bu dostluğun bünövrəsi Heydər Əliyevin SSSR Nazirlər Soveti sədrinin birinci müavini olarkən qoyulub. Heydər Əliyevin təkidi ilə Dəmirəl ilk dəfə SSRİ dövründə Azərbaycana gəlib. Bu dostluq Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən də davam edib.

Mən deyərdim ki, Heydər Əliyev hakimiyyətinin Amerika ilə münasibətlərinin tənzimlənmsində məhz Süleyman Dəmirəl çox böyük rolu oynadı. Mən bu hadisələrin şahidi kimi deyirəm.

Heydər Əliyev Naxçıvanın Ali Məclisnin sədri olanda, Naxçıvan blokadada qaldığı üçün çox ağır durumda idi. Muxtar respublikanın maddi çətinlikdən xilas olmasında yenə də Dəmirəl köməyini əsirgəmədi. Onun dəstəyi ilə Türkiyə tərəfindən verilmiş bir milyonluq kredit vəziyyətin düzəlməsinə kömək etdi”.

Q.Hüseynli hesab edir ki, Dəmirəl Xalq Cəbhəsi dövründə Rusiyadan qorxaraq Elçibəyin insanların Kəlbəcərdən çıxarılması üçün kömək xahişinə əməl etmədi.

“Buna baxmayaraq, Azərbaycan-Türkiyə münasibətlərini yüksək səviyyəyə qaldırdı. Heydər Əliyevlə bir-birinə “dostum, qardaşım” deyirdilər.

Əliyev hakimiyyətdə olarkən Azərbaycanda ordusunun yenidən qurulması üçün Türkiyə tərəfindən hərbi yardım edilməyə başlanıldı. Elə həmin dövrlərdə də Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu. Və başqa bir çox məsələlərdə Azərbaycan Dəmirəldən dəstək ala bilirdi.
İlham Əliyevlə də münasibətləri yaxşı idi. Prezident təxminən bir il bundan əvvəl onu Azərbaycana dəvət edib, yüksək ehtiramla qarşılamışdı”.

Politoloq mərhum prezidentlə bağlı maraqlı bir məqamı da dilə gətirib: “Mənim üçün maraq kəsbedən məqam budur ki, hələ prezidentlik dövründə Süleyman Dəmirəl ata-baba yurdunda özünə qəbir yeri götürüb, baş daşı qoydurmuşdu. Bu adamın böyük həyat eşqi olmasına baxmayaraq, ölümə belə hazır idi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net