Abbas Abbasov Arif Məmmədovla birləşir - ŞƏRH
Tarix: 17-06-2015, 15:46 |
Çap et
Parlament seçkiləri öncəsi Azərbaycanda “beşinci kolon”nun fəaliyyətinin güclənəcəyi proqnozlaşdırılır. Birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı əks təbliğatlar aparan müxtəlif Qərb dairələrinin də bu dövrdə aktivləşəcəyi istisna doğurmur.
Ekspertlər hesab edirlər ki, eyni zamanda vəzifəsindən istefa verən, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri Arif Məmmədovun da iqtidar əleyhinə çıxışlar etməsi, qarşıda ölkəmizi “surpriz”lərin gözlədiyindən xəbər verir.
Məsələ ilə bağlı Hafta.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, “beşinci kolon” Azərbaycanda hər zaman öz işini görməkdədir:
“Onlara istər müxalifət, istərsə də iqtidar cəbhəsində rast gəlmək olar. Bu şəxslərdən bir qismi açıq formada, digərləri isə gizlin şəkildə öz fəaliyyətlərini aparırlar. Parlament seçkiləri ərəfəsində bu aktivlik əvvəlki illərdən daha da artıq ola bilər. Hazırda Qərb Azərbaycandakı proseslərə müdaxilələr etməyə başlayıb. Onlar hətta hədələyici tonda mesajlarını da verməkdədirlər. Son günlər ictimaiyətdə müzakirə olunan diplomatlarla bağlı məsələ də Qərbin planına daxildir”.
Politoloq bildirib ki, hazırkı məqamda Abbas Abbasovun da fəaliyyəti “beşinci kolon”a dəstək missiyasındadır:
“Abbas Abbasov çox təhlükəli bir fiqurdur. “Milyaderlər ittifaqı”nı, Rusiyadakı diasporanın bir hissəsini də bura əlavə edərsək, böyük bir qüvvə görərik. Abbas Abbasovu 3 başlı əjdahaya da bənzətmirəm. Demək istəyirəm ki, bütün bunlar ürəkbulandıran bir hadisədir. İstefa verən diplomatın da ona aidiyyatı var. Eyni zamanda Arif Məmmədov və Abbas Abbasov hər ikisi Gəncədəndir. Hər halda onların da əlaqəsi yox deyil. Bu və ya digər məsələlər göstərir ki, seçkilər ərəfəsində vəziyyət “beşinci kolon”nun fəallığı baxımından mürəkkəb ola bilər. Lakin Azərbaycan hakimiyyəti də 15 il öncəki deyil. Dövlətə qarşı istənilən əks çağırışın və hərəkətin qarşısı vaxtında alınır. BU baxımdan güman etmirəm ki, parlament seçkiləri dövründə “beşinci kolon” nəyəsə nail olacaq. Ancaq eyni zamanda onların fəal olacağı da istisna doğurmur”.