Təhlükəsizlik görüntüləri ictimailəşdirilməlidirmi?
Tarix: 17-06-2015, 15:08 | Çap et
Təhlükəsizlik görüntüləri ictimailəşdirilməlidirmi?
Xəbər verildiyi kimi, bir neçə gün öncə ilk Avropa Oyunları iştirakçılarının yerləşdiyi Olimpiya kəndində bədbəxt hadisə baş verdi. Avtobus sürücüsü hələlik səbəbi məlum olmayan (istintaq araşdırır – T.T) niyyətlə avstriyalı idmançıları əzdi. Qəza baş verdi. Nəticədə bir idmançı ağır zədə aldı. İndi onun vəziyyəti yaxşı olsa da, bu hadisənin videogörüntüləri cəmiyyətdə ictimai şok yaratdı. Kimlərsə bu təhlükəsizlik görüntülərindən Azərbaycan əleyhinə istifadə etməyə cəhd göstərdi. Ölkəmizin nüfuzuna qara yaxmağa çalışdılar. Bu görüntüləri mediaya ötürən polis isə işdən çıxarıldı. Polisin işdən çıxarılması isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

“Hafta.az-ın debatı” rubrikasında həmin hadisəyə görə məsuliyyət daşıyan şəxsin, eləcə də görüntünü yayanların cəzalanmasının düzgün olub–olmamasına münasibət etməyə çalışdıq.

Millət vəkili Zahid Oruc hesab edir ki, polisin həmin videonu ictimailəşdirdiyi üçün rəhbərliyi tərəfindən cəzalandırılması doğru addımdır:

“Bizdə iki fikir formalaşıb. Bir qisim insanlar hesab edir ki, hər bir materiala məxfi qrif qoyulmalıdır. Bunları üzə çıxarmaq olmaz. Sirr xarakterlidir. İkinci qisim insanlar isə hesab edir ki, cəmiyyət üçün əlçatan materiallar işıqlandırılmalıdır. Onun ictimailəşdirilməsinin ziyanını düşünmədən addım atırlar. Həmin görüntüləri yaymağa, ictimailəşdirməyə çalışırlar. Həmin avtoqəzanın videogörüntülərinin yayılması ictimai şok doğurdu. Üstəlik Avropa Oyunlarında iştirak edən hər bir idmançıya psixoloji təsiri oldu. İndi siz onların vəziyyətini təsəvvür edin. İlk dəfə bu ölkəyə gəlmiş həmin yeniyetmələrin üzərində o görüntülər görün hansı psixoloji basqılar yaradır. Hər kəs özünü təhlükəsiz şəraitdə hiss edərək, döşək, tatami üzərinə çıxmaq istəyir. Ölkə rəhbərliyi də hazırkı dövrdə dünyaya sabit Azərbaycanı nümayiş etdirir. İndi bir sürücü xətası niyə belə ictimai effekt doğurmalı idi ki? O görüntülər yayılmasa idi, bütün bunlar da olmazdı. Videoçarx medialarda, müxtəlif kütləvi informasiya vasitələrində yayılaraq anti-Azərbaycan təbliğatına çevrildi. Üstəlik ondan geniş şəkildə “faydalanmaq” istədilər. Hesab edirəm ki, həmin sürücü ilə bağlı, eləcə də o videonu yayanlarla bağlı müvafiq cəzalar tətbiq edilməlidir ki, bir də bu tipli hadisələr baş verməsin”.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev isə hesab edir ki, təhlükəsizlik görüntülərinin ictimailəşdirilməsi qanun pozuntusu deyil. O, məlum videonun yayılmasına görə polisin işdən çıxarılmasının düzgün olmadığını bildirib:

“Bu qanunla və hüquqi təlimatla qadağa qoyulmuş bir əməl deyil. Polisin daxili təlimatında da belə bir şey yoxdur. Qanun videogörüntülərin yayılmasını qadağan etmir. Qanun icazə verirsə, demək bunu etmək olar. Polis tərəfindən atılmış bu addımı inzibati xəta hesab etmirəm. Hətta inzibati xəta da olsa belə, ancaq işdən çıxarılma nəzərdə tutulmur ki? Töhmət, şiddətli töhmət, xidməti işinə yararsızdır cəzası var. Rütbəsini də aşağı salmaq olardı. Birbaşa işdən çıxarmaq ən ağır cəzadır. Əgər o evlidirsə, himayəsində azyaşlı uşaq varsa, cavan ailədirsə, bunu nəzərə almaq lazim idi. Birbaşa işdən çıxarmaq olduqca ağır cəzadır. Əgər dövlətin və insanların mənafeyinə uyğundursa problem yoxdur. Əksinə, olduqda isə bu cəza verilə bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net