“İdmanda düşmənə uduzmaq faciə deyil...”
Tarix: 17-06-2015, 12:43 | Çap et
“İdmanda düşmənə uduzmaq faciə deyil...”
Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında yarışan Avropa və dünya çempionumuz Həsən Əliyevin erməni güləşçisinə uduzması mətbuatın, sosial şəbəkələrin əsas müzakirə mövzusu oldu. Bəziləri bu məğlubiyyəti qəbul edə bilmir, bəziləri isə idmançımıza dəstək olaraq yarışda erməniyə uduzmağın bir faciə olmadığını, idmanda konkret şəraitdə daha güclü olanın qalib gəldiyini qeyd edirlər.
Bu məğlubiyyətə siyasi prizmadan yanaşan deputatlar tapıldı. Bu mənada millət vəkili Fəzail Ağamalı Həsən Əliyevin erməni güləşçisinə uduzmasından bir qədər sonra tənqidi açıqlama verdi:

“Həsən Əliyev erməniyə uduzmamalıydı...”

Müzakirələr məhz bu açıqlamdan sonra daha geniş vüsət aldı. Millət vəkilinin fikrinə şərik çıxanlar olsa da həmkarları tərəfindən tənqid atəşinə tutanlar da oldu.
Deputat Fazil Mustafa güləşçi Həsən Əliyevi tənqdi edənləri kəskin qınayıb. O, bu barədə öz “Facebook” səhfəsində yazıb.
"Belə bir axmaq müzakirəni dünyanın hansı ölkəsində gündəmə gətirsən, ağlı başında olan hər kəs gülüb keçər. Ümumiyyətlə, idmanda konkret şəraitdə daha güclü olan qalib gəlir və burada qəribə heç bir şey yoxdur. Ermənistan idmançılarına qarşı idman yarışlarında qələbə qazanmağa gəldikdə isə, bu hamımız üçün epizodik bir sevinc bəxş edir, vəssalam. Bununla nə Qarabağ qaytarılır, nə digər ərazilərdən erməni qoşunları çıxır, nə də ki, erməni xalqı sınaraq qarşımızda diz çökür. Ölkədə nədən belə süni patriotik hava yaradılıb və idmançıları da bunun girovuna çeviriblər, anlamaq mümkün deyil. Erməniyə də, rusa da, almana da qalib gəlmək, qızıl medal qazanmaq əladır, idmançılarımız finalda uduzursa, başqa medallardan da məmnun qalırıq. Axı hər bir idmançının ayrı-ayrı oyunlarda həm də uduzmaq riski var. Axı digər tərəf də idmançıdır, onların da gücü, ağlı, taktikası var. Düşüblər Həsən Əliyevin üzərinə ki, niyə erməniyə uduzmusan. Həsən Əliyevi yaxından tanımıram, adını da bu yarışdan ilk dəfədir ki, duyuram. Anladığım gerçəklik budur ki, o halda gərək hər bir azərbaycanlı küçədə digərini görəndə yaxınlaşıb üzünə sillə ilişdirməlidir ki, niyə Qarabağı uduzmusan? Bu binəva Həsən Əliyev bizim uduzduğumuzdan daha çoxmu şey uduzub? Yenə onun imkanı var ki, hansısa yarışda revanş götürüb uduzduğunun əvəzini qaytarsın, biz hamımız bir millət olaraq uduzduğumuz Vətən torpağı qədər əvəzolunmaz bir dəyəri qaytarmağa nə qədər iradə sahibiyik ki, bir idmançımızın üzərinə yürüyüb linç etməklə məşğuluq? İdman yarışını yalançı vətənşivənlər ölüm-dirim savaşına çevirməklə, gələcəkdə az-çox perspektivi olan idmançılarımızı da mənəvi cəhətdən iflic edərək bu minvalla sıradan çıxarırlar. O zaman Teymur Rəcəbovu Bakıya buraxmayın ki, niyə filan vaxt Aroyana uduzmusan? "Neftçi"nin keçmiş oyunçularına salam verməyin ki, niyə filan vaxt "Ararat"a uduzmusan? İdman yarışlarına bu anormal baxışı dəyişməliyik”.
Millət vəkili idmançımızın gələcəkdə böyük qələbələr qazanacağına əmin olduğunu bildirib:
“Mən əminəm ki, Həsən Əliyev bu səviyyəsiz qınaqlar qarşısında əsl türk xarakteri göstərərək sınmayacaq və elə böyük qələbələrə imza atacaq ki, onu aşağılayan bütün yalançı vətənşivənlər bu günki davranışlarına görə mütləq utanacaqlar”.
Millət vəkili Adil Əliyev də həmkarı Fəzail Ağamalını verdiyi açıqlmaya görə tənqdi edib. Adil Əliyev idmançını aşağılayanları “adamcıq” adlandırıb”.
“İdmandan xəbəri olmayan, idman üçün, idmançı üçün bir iş görməyən adamcıqlar, bu gün idmançını müzakirəyə çıxardıb, onları tənqid, hətta təhqir edirlər. İdmançıya onun məşqçisindən başqa heç kimin ixtiyar yoxdur ki, güldən ağır söz desin.
Əvvəla, onu deyim ki, bu cür mötəbər yarışlara elə-belə sıradan bir idmançını buraxmırlar, nə biz tərəfdən, nə də rəqiblər tərəfindən. Yarışlarda isə bir çəki dərəcəsində, bir qızıl medal olur ki, onun da üstündə güclü mübarizə aparılır. Ölkəsindən və millətindən asılı olmayaraq, daha hazırlıqlı və bəxti gətirən idmançı qalib çıxa bilər.
Hamıya məlumdur ki, idmançıdan biri qalib olmalıdır. Bu dəfə, idmançımızın bəxti gətirmədi, nə etmək olar bu idmandı. İndi durub, hamımız düşək bu idmançının üstünə ki, sən uduzmusan?
Əgər biz bu cür kampaniyaya dəstək versək, başqa idmançılarımızı da ruhdan salarıq. Qarşıda isə bizi çox maraqlı yarışlar gözləyir. O yarışlarda da başqa millətlərin nümayəndələri iştirak edəcəklər.
Dostlar, gəlin birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək olaq. Allah millətimizə kömək olsun!”.
Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli Azərbaycan idmançısının erməniyə uduzmasını faciəyə çevirənləri tənqdi edib. Tarixçi idman və musiqidə millət anlayışı olmadığını qeyd edib:
“Bu nə düşüncədir bu millətə aşılayıralar…İdman və musiqidə millət anlayışı yoxdur. Biz ermənilər üzərində o zaman bayram edə bilərik ki, Qarabağımızı geri qaytara bilək. Azərbaycan idmançısını ittiham edənlər elə hərəkət edirlər ki, sanki Qarabağı ermənilərə o, verib. Ayıbdır, cənablar! Özünüzə gəlin. Bu düşüncədən uzaq olun. Bizim idmançı ermənini udsaydı nə olacaqdı? Bu qol gücüdür. Hünəriniz var, siz ortaya çıxıb ermənini yıxın. İdmanı siyasiləşdirmək olmaz. Telekranlarımızda lüt müğənnilər millətə qeyrət dərsi keçir, ona dinmirlər. İdmançımız erməniyə məğlub olur, ona qarşı hücuma keçirlər. Bəlkə unutmusunuz o zamanları ki, erməni qızı almaq uğrunda Bakıda növbəyə düzülürdülər. Çünki erməni qızı almaq vəzifə vəd edirdi. Çoxlarımızda erməni məhəbbəti o qədər yüksək idi ki, millətimizə yuxarıdan aşağı baxırdıq. Dostlar, bir daha səsələnirəm, idmanın bu məsələyə dəxli yoxdur. Biz Qarabağı uduzduq. O zaman sevinərik ki, onu geri qaytaraq”.
Tarixçi Həsən Əliyevə ürək-dirək verməyi də unutmayıb:
“Əziz idmançı qardaşım, fikir etmə və sənə qarşı hücuma keçən səviyyəsizlərə də fikir vermə. Elə bil ki, erməniyə deyil, kiməsə də uduzmusan. İdmanın qaydası belədir. Görünür ki, hazırlığında nə isə çatışmır. Hamı bilməsə də, şəxsən mən bilirəm. Çünki yaxın qohumlarımdan idmançılar vardır. Onlara hazırlıq mərhələsində ayrılan pullar kimlərsə tərəfindən yeyilir. Onlar da bəzən yaxşı hazırlaşa bilmirlər. Yəni, toplanış məntəqəsində bir ay əvəzinə on gün qalırlar. Çünki digər günlərin pulları yeyilir. Bu da sonradan, yəni mötəbər yarışlarda özünü göstərir. Çox istərdim ki, uduzan idmaçımızı qınayanlar, "diputatlar" bu məsələyə də diqqət ayırardılar”.
Qeyd edək ki, ilk Avropa Oyunlarında erməni rəqibinə uduzan güləşçi Həsən Əliyev məğlub olduğuna görə təəssüfləndiyini bildirib. İdmançı bu barədə öz “Facebook” səhfəsində yazıb:
“Sözün əsl mənasında deməyə ifadə tapmıram. Bir onu deyə bilərəm ki, mənə layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi etdiniz. Buna görə millətimin qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəxt insan kimi hiss edirdim, bu gün məni ən xoşbəxt insan etdiniz. Bu yaxşılığın qarşısını sadəcə Allah verə bilər, mən acizəm!”.
Mükafatlandırma zamanı başını aşağı salan idmançımızın görüntüsü “basinidiktut” haştaqı ilə paylaşılır.
Qeyd edək ki, 25 yaşlı güləşçi Həsən Əliyev ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb.
O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşaraq onu 3:0 hesabı ilə məğlub edib.
Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan Həsən 3:0 hesabı ilə öndə olsa da üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net