"Koreya günəşi" quraqlıqdan gileylənir
Tarix: 17-06-2015, 12:16 |
Çap et
Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmiləri ölkənin son 100 ildə ən güclü quraqlıqla qarşılaşdığını bildiriblər. Onlar hesab edirlər ki, bu hal əhali üçün ərzaq çatışmazlığına gətirib çıxara bilər.
Şimali Koreya informasiya agentliyinin yazdığına görə, quraqlıq ölkənin əsas kənd təsərrüfatı əyalətlərinə təsir edib və düyü plantasiyaları ciddi təhlükə altındadır.
Lakin BBC-nin Seul müxbiri deyib ki, 1990-cı illərdə baş vermiş analoji quraqlıqdan sonra KXDR, kənd təsərrüfatı məhsuldarlığını xeyli artırmağa kömək edən bir sıra islahatlar həyata keçirib. Buna görə ekspertlər Şimali Koreya üçün ciddi aclıq təhlükəsinin olmadığını bildiriblər.
Eyni zamanda quraqlıq başlamazdan əvvəl BMT Şimali Koreya əhalisinin, xüsusilə uşaqların qidalanması barədə narahatlığını ifadə edib. Təşkilatın məlumatına görə, bu ölkədə beş yaşına qədər uşaqların üçdə biri daim yarıac-yarıtox vəziyyətdə yaşayır.