Avropa Oyunlarının bağlanış mərasiminin biletləri satıldıqca Bakı canlanır
Tarix: 16-06-2015, 16:36 |
Çap et
Avropa Oyunlarının bağlanış mərasimi üçün 48 min biletin hamısı artıq satılıb.
Bakı-2015-dən Trend-ə verilən məlumata görə, 28 iyun tarixində Olimpiya Stadionunda baş tutacaq bu tədbir ilk Avropa Oyunlarının 17 günlük idman yarışlarının yekunu olacaq.
Oyunlar "idman bayramı" kimi təqdim edilib və Bakı-2015 bütün ümidləri doğruldub. Cümə günü keçirilmiş möhtəşəm açılış mərasimindən sonra Avropa idmançıları diqqət mərkəzində olub. Bundan sonra biletlərə tələbat o qədər çox olub ki, ümumilikdə Bakı-2015-in 20 idman növü üzrə yarışlarının 281 sessiyasından 168-nin biletləri artıq satılıb.
Biletlərə tələbat hələ də çoxdur, belə ki, son 48 saat ərzində 23 min bilet satılıb. Bazar ertəsi, ölkədə bayramla əlaqədar qeyri-iş günündə 30 min tamaşaçı Bakı və Mingəçevirdəki idman obyektlərində Avropa Oyunlarına tamaşa edib.
Bakı-2015-in biletlərinə olan tələbata gəlincə, gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: “Oyunlara münasibət çox müsbət olub. Açılış mərasimi xalqda ruh yüksəkliyi yaradıb və indi biz Azərbaycanın ən böyük idman tədbirində iştirak etmək istəyən insanlar tərəfindən biletlərə böyük tələbat olduğunun şahidiyik. Mən, həmçinin Azərbaycan idmançıları ilə fəxr edirəm, onlar bizim xalqımızı sevindiriblər. Xalq tərəfindən onlara olan münasibət də olduqca müsbətdir və onların çıxışları ölkədəki gənc nəsli idmanla məşğul olmağa ruhlandıracaq”.