“AP-nin təzyiqlərinin kökündə öz şərtlərini diktə etmək dayanıb”
Tarix: 11-06-2015, 13:50 | Çap et
“AP-nin təzyiqlərinin kökündə öz şərtlərini diktə etmək dayanıb”
“Azərbaycanda I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana təzyiq edən tərəflərin səyləri daha da güclənməyə başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib. O qeyd edib ki, Avropa Parlamenti və digər qurumların Azərbaycana qarşı təzyiqləri Avropa Oyunlarına start verilməsinə bir neçə gün qalmış daha eybəcər hal almağa başlayıb. Avropa Parlamenti əgər həqiqətən də insan haqlarını müdafiə edirsə, 1 milyondan artıq qaçqın və köçkünün taleyi ilə bağlı qərar qəbul etməlidir: “Bu təzyiqlər daha eybəcər xarakter almaqda özünü təstiqləyir. Bu istiqamətdə həm Avropa Parlamentində, həm də AŞPA-da iyul ayının 22- 26-da Azərbaycan əleyhinə müəyyən tələblərin qəbulu planlaşdırılır. Bundan başqa, ayrı – ayrı dövlətlərdə, eyni zamanda dünyadakı erməni lobbisi və diasporası tərəfindən həmin dairələr üçün “ 5-ci kolon” funksiyası yerinə yetirilir, ölkəmizə qarşı təzyiq kampaniyası aparılır. Bu baxımdan hələ May ayının 12-də Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilmişdi və yenə də təhriflər, iftiralarla dolu bəyanatlar səslənmişdi. Bu gün hesab edirəm ki, Avroparlamentarilərinin bir qismi sanki “yalanı dəfələrlə dedikdən sonra o həqiqətə çevrilir” prinsipi ilə çıxış edirlər. Mayın 12-də belə bir addımı atan Avroparlamentarilərin bir qismi Avropa Oyunlarının açılışına 2 gün qalmış yenidən Azərbaycan əleyhinə dinləmələr təşkil ediblər. Burada da yenidən guya Azərbaycanda siyasi məhbusların olması, onların azad olunmaları ilə bağlı fikirlər səsləndirilib. Faktiki olaraq bununla da onlar əslində idmanı tamamilə siyasiləşdirmiş olurlar. Avropa Parlamentində idmanla, I Avropa Oyunlarının keçirilməsinin əhəmiyyəti ilə, bunun dünya idman tarixinə mühüm töhfəsi ilə bağlı bir fikir yoxdur. Yalnız özləri üçün lazım olan qondarma siyasi məhbus ideyası adı altında Azərbaycanda demokratiyada ciddi problemlərin olması adı altında bir kampaniya hazırlayıblar. Bununla da onlar guya özlərini insan hüquq və azadlıqlarının çox ciddi müdafiəçiləri kimi təqdim etmək istəyirlər. Amma Azərbaycan xalqını aldatmaq mümkün deyil, xalqın gözü tərəzidir. Xalq yaxşını pisdən çox yaxşı ayırır. Doğrudan da onlar insan hüquq və azadlıqlarının belə müdafiəçiləridirlərsə niyə bizim 1 milyondan çox məcburi köçkün və qaçqının taleyi ilə bağlı, onların hüquqlarının total şəkildə pozulması ilə bağlı bir mövqe ortalığa qoymurlar? Niyə işğalçı Ermənistana münasibətdə heç bir təzyiq mexanizmlərini işə salmırlar? Necə ola bilir ki, Rusiyaya münasibətdə işğal aktı faktorunu nəzərə alıb sanksiyalar tətbiq edirlər. Ancaq Ermənistanın işğalına münasibətdə susurlar? Necə ola bilir ki, onlar Azərbaycanda siyasi məhbus icad edirlər və onların müdafiəsinə qalxırlar?

İki nəfər azərbaycanlı öz toğma torpağında, işğal altında olan Azərbaycan torpağına gedərkən, öz valideynlərinin qəbrini ziyarət edərkən girov götürülürlər və onların azad olunması ilə bağlı həmin Avropa Parlamentarilərinin birinin də səsi çıxmır, birinin də mövqeyi səslənmir. Bunu xalqımız görür, xalqımız çox diqqətlə izləyir, xüsusən də gənclərimiz. Hesab edirlər ki, gənclərimizin təcrübəsi azdır, bu gəncləri aldadıb Azərbaycan hakimiyyəti əlyehinə mübarizəyə qaldıra bilərlər, ölkədə xaos vəziyyəti yarada bilərlər. Amma onlar səhv edirlər. Azərbaycan gənci gözüaçıq gəncdir, təhsilli gəncdir. Yaxşını pisdən çox gözəl ayırd edə bilir. Azərbaycan gəncləri özləri çox açıq şəkildə sualı qoyurlar ki, doğrudan da bizə özünüzü ürəyi yanan kimi göstərirsinizsə, doğrudan da haqqın – həqiqətin müdafiəçisinizsə niyə onda girovlarımızın azad olunması ilə bağlı səsiniz çıxmır? Hesab edirəm ki, bunu artıq hər bir kəs bilir və Azərbaycana qarşı təzyiq edən bu insanlar sonda məğlubiyyətə düçar olacaqlar. Çünki, Azərbaycanda siyasi sabitliq var, Azərbaycan xalqı öz Prezidentinin ətrafında həmişəkindən daha çox, daha sıx, daha monolik birləşib və bu birliyi pozmaq mümkün deyil. Bütün bu təzyiqlərin kökündə həmin birliyi pozmaq, Azərbaycanda xaos vəziyyəti yaratmaq və nəticədə öz şərtlərini diqtə etmək dayanıb. Artıq xalqımız 1990-cı illərin əvvəllərində bu mərhələni yaşayıb, bu eksperimentin şahidi olub, bunun əzablarını çəkib. Daha ikinci dəfə bunu etmək mümkün deyil. Bütün bu cəhdlərin və təzyiqlərin nəticəsi olmayacaq. Azərbaycan nəhəng idman tədbirini ilk dəfə keçirməklə, dünyaya bir daha göstərəcək ki, Azərbaycan sözün həqiqi mənasında bir çox parametrlər üzrə dünyanın əksər ölkələri üçün nümunə olacaq bir ölkədir. Xüsusilə Avropanın bir çox ölkələri Azərbaycandakı siyasi sabitlik, iqtisadi inkişaf, tolerantlıq, multikulturalizmin həyat tərzinə çevrilməsi kimi mühüm nemətlərlə tanış olsunlar, öyrənərək özlərinə tətbiq etsinlər. Bundan özləri də qazanmış olar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net